İran maşınları Qarabağa benzin daşıyır

Rəsmi Bakı isə bu fakta göz yumur

«Azərbaycan hakimiyyətinin lazımi addımlar atmaması nəticəsində Iran fəaliyyətini genişləndirir»

Qarabağ münaqişəsi başlayandan Ermənistanı iqtisadi blokadadan çıxaran Iran bu missiyasını indi də davam etdirir. Tanınmış müsiqiçi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin “Azadlıq” radiosuna verdiyi müsahibəsində diqqət yetirdiyi bir məqam da bunu təsdiqləyir. Belə ki, F.Bədəlbəyli Şuşada olduğu zaman Qarabağa benzin daşıyan maşınların hamısının Iran nömrəli olduğunu deyib. Bu fakta Azərbaycan tərəfinin reaksiyası necə olmalı və separatçı rejimə iqtisadi dəstək verən Iranın bu addımının qarşısı necə alınmalıdır?
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bu məsələni müvafiq dövlət qurumlarının həll edə biləcəyini deyir. Lakin mövcud şərait Qarabağa hansı maşınların nə apardığını öyrənməyə imkan vermir.
Bununla belə E.Poluxov faktın araşdırılacağını deyir: “Elə bir fakt varsa, çalışarıq müvafiq dövlət qurumlarının diqqətini ona yönəldək. Əgər fakt öz təsdiqini tapsa, maşınların sahiblərinin Azərbaycan dövləti qarşısında məsuliyyəti məsələsini qaldıra bilərik”.
Ekspertlər isə Iranın Rusiya ilə bərabər regionda baş verən hadisələrə görə başlıca məsuliyyət daşıdığını deyir. Qarabağ münaqişəsinin uzunömürlülüyünün təmin olunmasında da bu iki dövlətin ciddi rolu var. Rusiya ilə sərhədi olmayan Ermənistan məhz Iranın səyləri nəticəsində duruş gətirə bilib. Cənub qonşumuz Azərbaycanın maraq və mənafelərinə zidd olaraq Ermənistanla çox ciddi, çoxtərəfli, genişmiqyaslı münasibətlər qurub.
Ekspertlərin sözlərinə görə, Iran da Türkiyə kimi sərhədi bağlasaydı, Ermənistanın vəziyyəti ağır olardı və o, indiyə qədər daha ciddi güzəştlərə getməyə məcbur qalardı. Azərbaycan hakimiyyətinin bu istiqamətdə lazımi addımlar atmaması nəticəsində isə Iran öz fəaliyyətini bir qədər də genişləndirir. Baxmayaraq ki, rəsmi Bakı Irana qarşı sərt mövqedən çıxış edə, oradakı azərbaycanlıların problemini qaldıra bilərdi. Belə olan halda, Iran ciddi narahatlıq keçirib mövqeyində dəyişiklik edə bilər, Azərbaycanla hesablaşmaq məcburiyyətində qalardı. Ancaq çox təəssüf ki, hakimiyyət Irana qarşı sərt addımlar atmır. Nəticədə Iran bizim mənafeyimizə zidd siyasətini davam etdirir.

Fizzə