«Gənc heydərçilər» biznes mərkəzini, restoranı, hətta xadiməni də aldadıb
Bakının mərkəzində, “World Biznes” ofis mərkəzində maraqlı hadisə baş verib. “Realnews” portalı baş verənlərlə bağlı ilginc material yayımlayıb. Portalın məlumatına görə, bu binanın 8-ci mərtəbəsində iki ay əvvəl “Gənc heydərçilər” adlı təşkilat özünə geniş bir ofis kirayə götürüb.
Təşkilatın adına hörmət edən, bəlkə də, adından qorxan mərkəz sahibləri öncədən onlardan kirayə haqqı almayıblar. Bundan əlavə, “Gənc heydərçilər” ofis mərkəzinin yaxınlığında yerləşən kafelərin birində işçilərin nahar etməsi və ayın sonunda kafeyə olan bütün borclarını ödəmək haqqında da razılaşıblar.
“Gənc heydərçilər” ofisə yaxın texniki avadanlıqlar satan mağazaların birindən, dəyərini sonradan ödəmək şərtilə 11 ədəd kompüter götürüblər. Bu təşkilatın ofisinə bir neçə gündür heç bir işçinin gəlmədiyindən şübhələnən “World Biznes” ofis mərkəzinin sahibləri iki gün əvvəldən etibarən “Gənc heydərçilər”i axtarmağa başlayıb. Məlum olub ki, onların ofis mərkəzinə təqdim etdikləri şəxsi məlumatlar, telefon nömrələri, əlaqə vasitələri saxtadır.
Bu barədə xəbər yayıldıqdan sonra məlum olub ki, “Gənc heydərçilər”in ofis mərkəzinə 6 min, yemək yedikləri kafeyə 3 min, bir də texnika mağazasına 10 min manata yaxın borcları var.
Təəccüblü budur ki, təşkilat, hətta ofis mərkəzinin təmizlik işçilərinə də 60 manat borclu qalıb, onların da gördükləri işin əvəzi ödənilməyib. Indi borc sahibləri “Gənc heydərçilər”i axtarmaqla məşğuldur. Amma hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyə çəkinirlər.
S.Novruz