Xarici jurnalistləri döyənlər tutuldu, «Azadlıq»ın əməkdaşlarına qarşı cinayətlərin isə üstü hələ də açılmayıb
ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisi döyməkdə şübhəli bilinənlər həbs edilib. Onlardan üçü – Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov, Ramana qəsəbə sakini, 1993-cü il təvəllüdlü Tağızadə Adil Hüseyn oğlu və Nəsimi rayon sakini, 1989-cu il təvəllüdlü Roman Musa oğlu Həsənov iyunun 27-də, sonuncusu – Nazim Hüseynov isə dünən həbs edilib.
Şübhəli şəxslər hadisənin xarici vətəndaşlarla tanış olmaq istədikləri zaman baş verdiyini bildiriblər. Yasamal rayon Polis Idarəsinin müstəntiqi Erol Əliyevin ANS TV-yə verdiyi məlumata görə, Nazim adlı şəxs qızlara telefon uzadıb. Onlar da telefonu alaraq yerə atıblar.
Təqsirləndirilənlərdən Adil Tağızadə ANS-in mikrofonuna bildirib ki, onlar qızlarla tanış olmaq istəyiblər: “Tanış olmaq istədik. Nazimin telefonunu sındırandan sonra, mən qızlara ”padnoşqa” verib yıxdım. Qaçdıq”
Xatarladaq ki, Amanda Erikson və Silya Devis iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində döyülmüşdü.
Amanda Erikson və Silya Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. Amanda Erikson, həmçinin ABŞ-ın nüfuzlu “Washington Post” və “New-York Times” qəzetləri ilə də əməkdaşlıq edir.
Xarici jurnalistləri döyənlərin bu tezliklə tapılması bir sıra qaranlıq məqamlara aydınlıq gətirir. Əvvəlcə qeyd edək ki, həbs edilənlərin doğrudan təqsirkar olduqlarını, yoxsa hakimiyyətin bu işi onların üzərinə qoymaqla vəziyyətdən çıxmaq istədiyini deyə bilmərik. Hər halda bizim əlimizdə bu barədə konkret faktlar yoxdur.
Bu halda həbs edilənlərin həqiqətən də Amanda Eriksonu və Silya Devis döyən şəxslər olduğunu və hadisənin siyasi motiv daşımadığını qəbul etsək, o qənaətə gəlmək olar ki, hakimiyyət jurnalistlərə qarşı baş verən siyasi motiv daşımayan cinayət hadisələrinin üstünü qısa müddət ərzində aça bilər. Bəs onda nədən “Azadlıq”ın əməkdaşları Seymur Həzi və Ramin Dekonun döyülməsi ilə bağlı bir-neçə aydır ki, aparılan araşdırmaların heç bir nəticəsi yoxdur? Axı hakimiyyət bu olayların da siyasi motiv daşımadığını iddia edir. Əgər Seymur Həzi, Ramin Deko və digər jurnalistlərlə bağlı oxşar cinayət işlərinin üstü hələ açılmayıbsa, deməli, bütün bunların arxasında hakimiyyət dayanır. Bu fakt həm də Amanda Eriksonla Silya Devisin döyülməsilə bağlı cinayət işinin səmimi araşdırılmasına şübhələri artırır.
S.Novruz


