“Avtoritar rejimlər təhlükə mənbəyidir”

“Freedom House”: “Siyasi plüralizmin yoxluğu ekstremizmə yol açır”

ABŞ-da yerləşən «Freedom House» təşkilatı «Keçid dövründə olan ölkələr» adlı illik hesabatını açıqlayıb. Hesabat Mərkəzi Avropadan tutmuş Orta Asiyaya, eləcə də “inkişaf meylləri duyulan” Moldova və Gürcüstana qədər bir sıra ölkələrdə aparılan monitorinqlərin nəticəsində hazırlanıb.
Hesabatda deyilir ki, Baltik ölkələri istisna olmaqla, keçmiş sovet respublikalarında əhalinin 80 faizinin avtoritar rejimdə yaşaması “gələcək üçün potensial təhlükə toxumunun əkilməsidir”.

«Freedom House» təşkilatının icraçı direktoru Kristofer Uolker deyib ki, onlar araşdırma apardıqları ölkələrdə bir sıra problemlər müşahidə ediblər. Onun sözlərinə görə, Baltik ölkələrindən başqa digər keçmiş sovet respublikalarında rəhbərlərin öz postlarını güzəştə getməsi, vacib demokratik islahatlara meyl göstərməsi hiss olunmur.

Kristofer Uolkerin fikrincə, keçmiş sovet ölkələri rəhbərlərinin, Özbəkistan və Qazaxıstan istisna olmaqla (bu ölkələrdə prezidentlərin 70-dən çox yaşı var), nisbətən gənc olması o ölkələrdə siyasi dəyişikliklərlə bağlı suallar yaradır. Uolker bu sırada Azərbaycan prezidenti İlham Əliyevin (49 yaş), Rusiyanın baş naziri Vladimir Putinin (58) və Rusiya prezidenti Dmitri Medvedevin (40) adlarını çəkib. Ekspertin fikrincə, təcrübələrə əsasən belə “öz postunda uzun müddət oturan” rəhbərlər qeyri-müəyyən vaxta qədər vəzifələrində qalmaq istəyəcəklər. Uolker hesab edir ki, bu ölkələrin heç birində əhəmiyyətli siyasi dəyişikliklərə, ciddi liberallaşmaya səylər gözlənmir. Bu ölkələr perspektivdə siyasi durğunluqla üz-üzədir.
Hesabatda həmçinin, göstərilir ki, siyasi plüralizmin çatışmazlığı ekstremizmə yol açır. Uolker deyib ki, keçmiş sovet ölkələrində mütəmadi olaraq siyasi meydanda təmsil olunmaq istəkləri boğulur. Ekspert bu günlərdə Rusiyada bir siyasi partiyanın qeydə alınmamağını misal çəkib və siyasi özgəfikirliliyə bu cür yanaşmanın digər ölkələrə də xas olduğunu bildirib. Uolkerin fikrincə, siyasi diskussiyalara yol açmadıqca, bu, ekstremizmin güclənməsinə səbəb olur.

Ərəb inqilablarının olduğu ölkələrlə keçmiş sovet respublikaları arasında müqayisə aparan «Freedom House» rəhbəri bildirib ki, real siyasi plüarizmin yoxluğu, korrupsiya, qanunların işləməməsi bu ölkələri birləşdirən ortaq xüsusiyyətlərdir.