İctimai Palata mübarizəyə davam qərarı verdi

Əli Kərimli: “İctimai Palatanın böyük aksiyaları heç bir halda gündəmdən çıxmamalıdır”

 

Iyunun 27-də İctimai Palatanın (İP) sessiyası keçirildi. Sessiyaya  Mirvari Qəhrəmanlı sədrlik edirdi. Gündəlikdə yeni üzvlərin qəbulu, ictimai-siyasi vəziyyət və İP-in fəaliyyəti barədə müzakirələr, həmçinin cari məsələlər nəzərdə tutulurdu.

Üzvlüyə qəbul üçün müraciət etmiş və KŞ tərəfindən müsbət rəy almış şəxslərin siyahısı açıqlandı və ayrı-ayrılıqda səsvermə ilə 27 nəfər İP üzvlüyünə qəbul edildi. Qeyd edək ki, yeni qəbul olunanlar sırasında alimlər, müxtəlif mühüm sahələr üzrə mütəxəssislər, keçmiş döyüşçülər, sabiq deputatlığa namizədlər və ictimai fəallar çoxluq təşkil edir (məsələn, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Dəmir Abdullayev, İqtisad Universitetinin müəllimi, elmlər doktoru Rəhim Rzayev, İnşaat Texnikumunun hüquq müəllimi Əmir Qasımov, sabiq polis bölməsi rəisi Cəsarət Quliyev, Sosial İqtisad Kollecinin müəllimi, elmlər doktoru Ənvər Əliyev, BDU-nin hüquq fakültəsinin müəllimi Şakir Həşimov, Qarabağ döyüşçüsü Valeh İbrahimli).

Gündəlikdəki ikinci məsələ ilə bağlı Müsavat başqanı İsa Qəmbər geniş məruzə ilə çıxış etdi. İP-in fəaliyyətinin yarım ilinin başa çatdığını deyən İsa Qəmbər bildirdi ki, İP Azərbaycan ictimai-siyasi həyatının və dünyada Azərbaycanla bağlı kəsimin tanıdığı, qəbul etdiyi real bir qüvvəyə çevrilib: “Bu sizlərin, həbsdə olan əqidədaşlarımızın, qardaşlarımızın fədakarlığı sayəsindədir. Özümüz öz fəaliyyətimizi obyektiv qiymətləndirməyi bacarmalıyıq. Uğurlarımızı da, yanlışları da görməyi bacarmalıyıq. İctimai Palatanın əsas hədəfi ölkədə köklü demokratik dəyişikliklərə nail olmaqdır. İctimai Palatanın konkret hədəfi növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaqdır. İctimai Palatanın cari vəzifələri isə həbsdəki silahdaşlarımızın azadlığına nail olmaq və ölkədə sərbəst toplaşma azadlığını bərqərar etməkdir. Bu hədəfləri əldə eləmək üçün gücümüz yetərlidirmi? Bunu dəyərləndirməyə çalışaq. Bizim gücümüzün birinci komponenti demokratik düşərgənin potensialıdır. Biz İctimai Palata olaraq demokratik düşərgəni bir araya gətirməyə çalışırıq. Bu istiqamətdə ötən 6 ayda kifayət qədər məsafə qət edilib, uğurlar əldə olunub. Ölkənin aparıcı siyasi qüvvələrinin, ziyalı potensialının önəmli bir hissəsi İctimai Palatada təmsil olunur. İctimai Palatada qapılar açıqdır. Kim ölkədə köklü demokratikləşməyə nail olmaq istəyir bizimlə birgə burada mübarizə apara bilər”.

KŞ üzvü Mehriban Vəzir son bir ayda quruma sədrlik etdiyi dövrdə görülən işlər barədə məlumat verdi. Keçirilən tədbirləri, KŞ-nin verdiyi bəyanatları xatırlatdı, həmçinin iyul ayı üçün tədbirlər planı hazırlandığını bildirdi.

Pənah Hüseyn isə Qarabağla bağlı çıxış etdi: “Kazan danışıqları da iflasa uğradı. Davam edən hər bir gün Qarabağ məsələsinin ədalətli həllini daha da qeyri-mümkün edir. Ona görə də İctimai Palata Qarabağ münaqişəsi barədə qətnaməsini bir daha cəmiyyətin diqqətinə çatdırmalıdır. Hakimiyyətə və bütün sosial təbəqələrə müraciət edilsin ki, Qarabağla bağlı böyük bir ümumrespublika toplantısı keçirilməlidir. Hakimiyyət buna mənfi cavab verərsə, biz özümüz belə bir böyük toplantını keçirməyi gündəmə gətirə bilərik”.

İP üzvü, AXCP sədrinin müavini Razi Nurullayev mitinqlərin davam etdirilməsinin tərəfdarı olduğunu desə də qeyd etdi ki, başqa cür çoxlu sayda mübarizə üsulları da var. Onlardan da yararlanmaq lazımdır.

KŞ üzvü Vidadi Mirkamal isə rayonlarda İP-in təşkilatlanmasında ciddi problemlərin olduğundan danışdı. Həmçinin həbsdəki İP üzvlərinin müdafiəsi və onların ailələrinin maddi təminatı üçün maliyyəyə ehtiyac olduğunu bildirdi. O qeyd etdi ki, bir fond yaradılsa və oraya könüllülük əsasında vəsait daxil edilsə, mühüm bir addım atılmış olar.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə çıxışında bildirdi ki, aksiya xatirinə aksiya keçirməyin əleyhinədir: “Mən İsa Qəmbərin mövqeyini müdafiə edirəm. Mitinqlərin davam etdirilməsi qərarı qüvvədə saxlanılmalıdır. Aksiyanın vaxtını təyin etmək isə Koordinasiya Şurasına həvalə edilməlidir”.
Sessiyada maraqlı bir olay da yaşandı. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yeni təqaüdə çıxan keçmiş inspektoru Musa Tağıyev əlində 55 nəfər pensiyaya çıxarılmış FHN işçisinin imzaladığı müraciətlə tribunaya çıxdı. İP-i dəstəklədiklərini bəyan edən M. Tağıyev hökumətin onların hüququnu pozduğunu, növbələrinin çatmasına baxmayaraq mənzillə təmin olunmadıqlarını bildirdi.
İP üzvləri Sabir Məmmədli, Səxavət Soltanlı, Pərviz Səmədov, Qaya Əliyev, Emin Nəsirli və digərləri də çıxış etdi.

AXCP sədri Əli Kərimli isə çıxışında bildirdi ki, ötən 6 ayda İP ciddi mübarizə mərhələsi keçib: “Düzdür, biz qarşımıza qoyduğumuz köklü dəyişikliklərə hələ nail ola bilməmişik. Amma bizim belə asanlıqla dəyişikliklərə nail ola biləcəyimiz illüziyamız da yox idi. Hakimiyyət repressiya ilə bu prosesi ləngidə bilib. Amma biz çox mühüm bir mərhələni keçmişik. Bu ondan ibarətdir ki, birinci dəfə İctimai Palata ona nail olub ki, hakimiyyətin müxalifətə qarşı repressiyalarına qarşı immunitet yarada bilib. Bu repressiyalar Azərbaycan müxalifətini qorxuda, başlatdığımız mübarizəni dayandıra bilməyib. Bu, mühüm bir nəticədir. Əslində hakimiyyətin planı var idi ki, əsas opponentini dağıtsın. Amma İctimai Palata yaşarlılığını nümayiş etdirdi, dağılmadı, sıraları genişləndi, beynəlxalq səviyyədə tanındı. Biz kütləvi aksiyalara başlayan zaman qərar vermişik ki, prosesi kampaniya kimi aparmayacağıq. Artıq seçkidən seçkiyə fəallaşma, seçkilərarası dövrdə sükut olmayacaq. Fəallıq daimi, sistemli olacaq. Biz başlanmış prosesi məntiqli nəticəsinə çatdırmaqdan ötrü kütləvi aksiyalarla bağlı davamlı siyasət aparmalıyıq. Kütləvi aksiyalar bundan sonra da davamlı şəkildə aparılmalıdır. Çalışmalıyıq ki, kütləvi aksiyalar monoton olmasın, bütün təbəqələrin müstəqil şəkildə aksiyaları keçirilsin. Amma İctimai Palatanın böyük aksiyaları heç bir halda gündəmdən çıxmamalıdır. Bizim istədiyimiz odur ki, İP-in aksiyaları ölkənin ana müxalifətinə yaraşan kütləviliklə keçsin. Biz yalnız kütləvi aksiyalarla da indeksləşməyəcəyik. Digər sahələrdəki fəaliyyətimiz də qabarıq görünəcək və görünməlidir. Proqram sənədlərimizi ictimaiyyətə təqdim etməliyik”.
4 saatlıq müzakirələrin yekunu olaraq irəli sürülən təkliflərin KŞ-nin iclasına çıxarılması, 2 aprel mitinqi məhbuslarının istintaqının süni uzadılmasına etiraz bəyanatının hazırlanması və Qarabağ məsələsi ilə bağlı dinləmələrin keçirilməsi tələbi ilə hakimiyyətə müraciət hazırlanması barədə qərar verildi.
Sonda səsvermə ilə mitinqlərin davam etdirilməsi, lakin mitinqin vaxtının təyin olunmasının KŞ-yə həvalə edilməsi barədə qərar qəbul olundu. Dövlət himninin ifası ilə sessiya başa çatdı.