Kazana da bir quş

20 ilə yaxındır işğal altındakı torpaqların sülh yolu ilə alınmasına dair danışıqlar gedir.ATƏT-in Minsk qrupunun və Moskvanın patronajlığı altında ata-oğul Əliyevlər Ermənistanın dövlət rəhbərlərilə saysız-hesabsız danışıqlar aparıb.Münaqişənin həlli üçün nə qədər sammitlər düzənlənib.

Ortada isə bir nəticə yoxdur.
Qısır danışıqlar nə vaxta qədər davam edəcək?
Nə müddətdir YAP Kazan sammitindən ağızdolusu danışırdı.
Lissabon sammiti, Budapeşt sammiti, Madrid sammiti, Astana sammiti, Moskva sammiti, Istanbul sammiti, Ki-Uest sammiti və digər məkanlardakı o zəhrimara qalmış sammitlərin bir abbasılıq faydası olmadığı halda, Kazandan nə isə ummaq qəribə görünsə də, ümid edirdik ki, ən azı “yol xəritəsi” üçün razılıq əldə ediləcək.
Görüş öncəsi Fransa prezidenti Sarkozinin Ermənistan prezidentinə bacı ölkənin rəhbəri kimi tövsiyə verməsi, ABŞ prezidenti Barak Obamanın Serj Sərkisyana telefon açması və nəhayət, hələ də böyük qardaş saydığımız Rusiyanın görüşün hakimi olması ümidləri bir az artırırdı.Nəticə ağzımızın dadını qaçırdı.
Kazan sammitinə də bir quş…
Rejimin xarici siyasətinin iflasa uğradığı bir daha aşkarlandı.
Nə vaxta qədər səmərəsiz sülh danışıqları davam etdiriləcək?
Bu sual təbii ki, qanında az da olsa dövlət və millət təəssübü olan hər kəsi düşündürür.
Gün kimi aydındır ki, Ermənistan müharibə yolu ilə işğal etdiyi torpaqları danışıqlar vasitəsilə geri qaytarmayacaq.Digər tərəfdən, Ermənistan prezidenti Serj Sərkisyanın ağzı nədir ki, güzəştə getsin.
Erməni müxalifəti bəlkə də onun güzəştə getməsini istəyir.
Ki, qarşıdakı seçkilərdə siyasi reytinqini artırsın.
Daşnaklar heç bir güzəştə razı deyillər axı.
Hələ iki il əvvəl Ermənistan rəsmən Serj Sərkisyanın dili ilə dialoq üçün üç şərtini açıqlamışdı:
1. Qarabağ Azərbaycanın tərkib hissəsi olmamalıdır;
2. Qarabağın müstəqilliyi siyasi səviyyədə etiraf olunmalıdır;
3. Müstəqil Qarabağın Yerevanla təhlükəsiz quru kommunikasiyası olmalıdır.
Əslində, bu açıqlamadan sonra ermənilərlə dialoq biryolluq kəsilməli və Ali Baş Komandan – Ilham Əliyev ermənilərin arzuladığı, daha doğrusu, haqq etdikləri dillə danışıqlara keçməli idi.
Keçmədi.
Nədəni bəllidir.
Rüşvətin və korrupsiyanın tüğyan etdiyi, sözdə vətəndaş həmrəyliyinin təmin olunduğu, insan haqlarının tapdaq altında qaldığı bir dövlət özünə güvənib müharibə edə bilməz.
Demokratiyanın yoxluğunu bir tərəfə qoyaq, rüşvət və korrupsiya varsa, müharibədə zəfər qazanmaq qeyri-mümkündür…20 ildir millətin adı və qüruru erməni əsirliyindədir.
20 ildir erməni dığaları özlərini qalib kimi aparır.
Bunları Ilham Əliyev də çox gözəl bilir və əminəm ki, Ermənistan üzərində qələbə çalmağı, torpaqların işğaldan azad olunmasını bir prezident kimi daha çox arzulayır.
Arzulamaq gözəldir, fəqət onu reallaşdırmaq lazımdır.
Ilham Əliyev seçim qarşısındadır, bunu hər kəs dərk edir.
O ya məğlub hökmdar kimi tarixə qovuşacaq, ya da dövlətin talanının qarşısını alıb, iç savaşa son qoyub bu gün Bakıda düzənlədiyi hərbi paradı Xankəndidə də keçirməyə nail olmaqla adını əbədi olaraq millətin ürəyinə yazdıracaq.
Bacaracaqmı?Top artıq Ali Baş Komandan Ilham Əliyevdədir.