Həbsdə olub millət vəkili seçilənlərin azadlığa buraxılma tələbini məhkəmənin rədd etməsi, bir kürd millət vəkilinin isə mandatdan məhrum olunması siyasi gündəmi qarışdırıb
BDP-nin boykot qərarına, AKP-dən “Gəlin problemi Məclisdə çözək” cavabı gəldi
Murad Qarailan isə hökuməti yeni müharibə ilə hədələdi
Türkiyədə siyasət meydanı yenə qarışıb. Iki həftə öncə xeyli sakit atmosferdə, bir az gərgin, amma tam demokratik və bütün tərəflərin təqdirini qazanmış 12 iyun parlament seçkisindən sonra qardaş ölkədə siyasi cəhətdən yeni bir eranın başlandığı haqda çeşidli materiallar dərc edilsə də, siyasi gərginlik özünü çox gözlətməyib. Belə ki, “Ergenekon” davasının təqsirkarı kimi həbsxanada mühakimə olunan, CHP-dən millət vəkili seçilən Ahmet Haberal və Mustafa Balbayın ardından, MHP-dən millət vəkili seçilən, “Balyoz Planı” üzrə eynilə həbsxanada mühakimə edilən ehtiyatda olan general Engin Alanın azadlığa buraxılması tələbini də Ağır Cəza Məhkəməsi rədd edib. Siyasi gündəmə bomba kimi düşən daha bir hadisə isə Yüksək Seçki Kurulunun (YSK) BDP-nin dəstəklədiyi Diyarbəkirdən müstəqil namizəd Hatip Diclenin millət vəkilliyinə veto qoyması ilə bağlıdır. Əslində siyasi gündəmin gərilməsində sonuncu hadisənin özünəməxsus yeri oldu.
Nələr baş verir?
Məsələ burasındadır ki, ya Hatip Diclə həbs cəzasının artıq dəqiqləşdiyini bilə-bilə nəmizəd olub, ya da onun namizədliyi qəsdən irəli sürülüb. Çünki prokurorluğun “Terrorla mücadilə” adlı qanuna əsaslanaraq ona qarşı açdığı cinayət işilə əlaqədar, Ali Məhkəmə 1 il 8 aylıq məhkumluq qərarını bu il martın 22-də təsdiqləmişdi. Diclənin vəkilləri isə onun namizədliyilə bağlı 2011-ci il aprelin 11-də YSK-ya müraciət etmişdi. Həbs qərarının dəqiqləşməsindən düz 20 gün sonra.
Eyni şəkildə Ergenekon və “Balyoz Planı” müttəhimləri Mehmet Haberal, Mustafa Balbay və Engin Alan da, CHP və MHP-dən millət vəkili seçildikləri halda – əslində adları siyahının əvvəlində gəldiyi üçün seçiləcəkləri gözlənilən idi – siyasi və hüquqi sıxıntıların yaşanacağının proqnozlaşdırılmasına rəğmən, namizəd kimi irəli sürülmüşdülər.
Ekspertlərin də vurğuladığı kimi, YSK-nın Hatip Diclə ilə bağlı qərarı əslində hüquqidir, çünki qüvvədə olan Konstitusiya və qanunlar terrordan məhkumluğu təsdiqlənmiş şəxsə nəinki millət vəkili seçilmək, heç namizəd olmağa belə, imkan vermir. Ancaq “Ergenekon” və “Balyoz Planı”nın müttəhim-millət vəkillərinin vəziyyəti bir qədər mübahisəlidir. Onların azadlığa qovuşaraq millət vəkili kimi fəaliyyət göstərməsi birbaşa Ali Məhkəmənin təqdirinə bağlıdır. Yəni hakimlər onlara səs verən xalqın iradəsini nəzərə alıb buraxa da bilər, qanunları əsas gətirib buraxmaya da.
Hələ onu demirik ki, Diyarbəkirdəki məhkəmə həbsdə ola-ola millət vəkili seçilən altı BDP-linin sərbəst buraxılmasına “rədd” qərarı verəcəyi halda, siyasi kriz nə qədər dərinləşə bilər. Xatırladaq ki, hələ neçə il öncə indiki baş nazir Rəcəb Tayyib Ərdoğan da oxşar səbəblər üzündən millət vəkilliyindən məhrum edilmişdi. Sadəcə o zaman belə bir qərara əsas yaradan qanun dəyişdirildi və Ərdoğanın parlamentə yolu açıldı. Indi rəqibləri ondan özlərinə qarşı da eyni anlayışı nümayş etdirməyi tələb edir. Bütün bunlar isə məsələnin hüquqi tərəfləridir. Problemin siyasi tərəfi isə daha qorxuncdur və həll olunmayacağı təqdirdə Türkiyədə yaxın həftələrdə siyasi böhranın, hətta xaosun yaşanacağı, ölkənin qan gölünə dönəcəyi qaçılmaz kimi görünür. Ilk sərt təpkilər kürd təşkilatlardan gəldi.
Kürdlər xəyal qırıqlığında; BDP “boykot” dedi
BDP-nin dəstəklədiyi Diyarbəkirdən müstəqil namizəd Hatip Diclənin millət vəkilliyinə YSK-nın “yox” qərarı çıxarmasından sonra kürdlərin kompakt yaşadığı Türkiyənin şərqində də ciddi hərəkətlilik müşahidə olunmağa başlayıb. Kürdlər xəyal qırıqlığına uğrayıb deyənlər də az deyil. Sözügedən qərardan sonra, diqqətlərin yönəldiyi Diyarbəkirdə gözlənən açıqlama öncə Demokratik Toplum Konqresindən (DTK) gəlib. Təşkilatın həmsədri Əhməd Türk başda olmaqla bütün yandaşların adından, BDP-yə dəstəklədiyi millət vəkillərini Məclisə göndərməmək tövsiyə olunub. DTK-nın bu müraciətinə cavab isə özünü çox gözlətməyib və BDP Məclisi boykot etmək qərarı verib.
Aysel Tuğluq: “Ya hamımız birlikdə gedəcəyik, ya da heç birimiz”
Daha sonra tədbirlərin birində çıxış edən BDP Van millət vəkili Aysel Tuğluq isə, “hörmətli Öcalan Məclisə gedin” təlimatı verəcəyi halda, bunun mütləq dəyərləndiriləcəyini deyib. “Hatip Diclə qərarı ilə bağlı qanunun dəyişdirilməsini gözləyirik. Məclisə ya hamımız birlikdə gedəcəyik, ya da heç birimiz. Iki milyon 800 min seçicinin səsini alıb Məclisə gəldik. Orada olmamağımız kürdlərin təmsil edilməməsi deməkdir. Bu isə, çox ciddi mübahisələrə yol açar. Kürd probleminin həlli mərhələsilə qarşı-qarşıya olduğumuz indiki dövrdə belə bir halın yaşanması Türkiyə baxımından çox ciddi təhlükədir”, – deyə söyləyib.
Öcalan “Məclisə getməyin” dedi
Göründüyü kimi, kürd ictimaiyyətinin həyəcanla qulağını PKK lideri Abdulla Öcalanın ağzına dayamış, ondan növbəti addımlar barədə təlimat gözlədiyi bir zamanda hər kəsi təəccübləndirən və qorxuya salan nəticə ortaya çıxıb. Öcalanın üç vəkili getdikləri Imralı Adasından onun baş verənlərə kürdlər üçün fövqəladə önəm daşıyan münasibətini öyrəniblər. Ziyarətdən çıxan vəkillər əvvəlcə danışmaq istəməsələr də, jurnalistlərin israrlı təkidləri onları açıqlama verməyə məcbur edib. Vəkil Ömər Günəş, Öcalanın YSK-nın Hatip Diclə qərarının ardından Məclisi boykot edən BDP-nin dəstəklədiyi müstəqil millət vəkillərini dəstəklədiyini bildirib. Ömər Günəş “Məclisə girin mesajı gəldimi?” sualına “Xeyr” cavabı verib. Bağımsız millət vəkillərinin boykot qərarı sualını verən jurnalistə isə vəkil, “Bu məsələdə Öcalan millət vəkillərinin öz qərarlarını doğru hesab edir. Boykot qərarını təqdir edir, öz qərarlarıdır deyir” – şəklində açıqlama verib.
Qarailan hökuməti savaşla hədələdi
Qeyd edək ki, baş verənlərə təşkilat olaraq PKK da seyrçi qalmayıb. PKK-da söz sahiblərindən biri Murad Qarailan YSK-nın qərarına qarşı olduqca sərt və emosional təpki göstərib. O, müstəqil millət vəkillərinin “məclisə girməmək” qərarını birmənalı olaraq dəstəkləyib. “DTK-nın da çağırışını nəzərə alıb səs birliyilə aldıqları qərar çox doğru və yerindədir. Bundan başqa bir şey də edilə bilməzdi. Ayrıca, YSK-nın veto qərarı savaş üçün səbəb sayılacaq haldır. Əgər önümüzdəki yaxın günlər içində Türk dövləti və hökuməti bu böyük haqsızlığı ortadan qaldıran addımları atmasa və düzəltməsə, bu, xalqımıza qarşı rəsmən bir müharibə elanı mənasına gələcəkdir”, – deyə Qarailan bildirib. PKK-ya yaxınlığı ilə seçilən Fırat Xəbər Agentliyinə danışan Murad Qarailan, “YSK-nın bu qərarı əslində Türk dövlətinin Kürd siyasətini nəzarətə almaq, burnunu sürtmək, ”siz hər şeyi edə bilməzsiniz, sərhədləri keçə bilməzsiniz, çox da qabağa getməyin, sizə mane ola bilərik” mesajını ehtiva edən, kürd siyasətini iradəsizləşdirmə və cərgəyə çəkmə qərarıdır”- deyə vurğulayıb.
CHP-də də boykot havası…
Məlum hadisələrlə bağlı ölkədə yaranan siyasi gərginlik səbəbindən CHP daxilində də dərhal ciddi müzakirələrə ehtiyac yaranıb. Ilk olaraq “Balbay və Haberalı Məclisə mütləq gətirməli” yönündə net qərar qəbul olunub. Daha sonra bunun necə həyata keçirilməsi dartışılıb. Bir neçə variant üzərində baş sındıran CHP-çilər Balbay və Haberal azad olunmayacaqları halda, CHP millət vəkillərinin Məclisdə and içməyəcəkləri qərarına gəlinib. Yəni, ümumi heyət salonuna daxil olsalar belə, and içilməyəcək, parlamentin işinə qatılmayacaqlar. Belə olduqda isə, Məclis Başqanlıq Divanı təyin olunmayacaq, komissiyalar qurulmayacaq. Məclis rəsmən açılsa da, felən işləməyəcək. Bu dirənişin isə Balbay və Haberalın köçürülməsi üçün məhkəmə qərar verənədək, ya da AKP hökumətinin azadolma ilə əlaqədar qanun dəyişikliyi barədə rəsmi bəyanat açıqlayanadək davam etdirilməsi hədəflənib. Ancaq partiyanın lideri Kamal Kılıçdaroğlu rəhbərliyin tələsik boykot taktikası ilə razılaşana oxşamır, görünür, fərqli hesabları var…
Kılıçdaroğlu boykota getmir; CHP məhkəmədən ədalət gözləyir
Məhkəmənin məlum qərarından sonra partiya rəhbərliyini bir araya gətirən CHP lideri Kamal Kılıçdaroğlu məhkəmənin çıxardığı qərara sərt şəkildə münasibət bildirib. “Xalqın iradəsinə sayğı göstərəcəksiniz. Bu məhkəmə qərarı xalqın iradəsinə vurulmuş bir zərbədir. Parlament çətiri altında mücadiləmizi davam etdirəcəyik” deyən Kılıçdaroğlu zəruri etirazların edildiyini, məhkəmədən qərarı düzəltməsini gözlədiklərini söyləyib. Iki şəxsin millət vəkili seçilməsində heç bir əngəlin olmadığını deyən CHP lideri, bu adların rəsmi qəzetdə dərc olunduğunu vurğulayaraq davam edib: “Deyirlər ki, ”dəlil-sübutlar hələ tam toplanmayıb və azad edə bilmərik”. Üç ildir dəlilləri toplamaq üçün CHP-mi vəzifə başında idi? Universal hüquq qaydalarının gözlənildiyi hansı ölkədə 3 ildir insanlar həbsdə yatacaq və biriləri çıxıb, dəlillər hələ toplanmayıb deyəcək? Bəs bu, 20 il davam etsə nə olacaq?”.
Qeyd edək ki, Kılıçdaroğlunun açıqlamasında “parlament zəminində mücadilə” ifadəsini israrla təkrarlaması, onun həm bu cür ssenariləri ciddi biçimdə götür-qoy etdiyini, həm də BDP ilə aralarındakı fərqi qabartma məqsədi güddüyünü göstərir. Hatip Diclənin millət vəkilliyindən məhrum olmasına etiraz olaraq, Məclisi boykot etmək yolu tutan BDP xəttindən partiyasını çəkən CHP lideri mübarizəni parlament demokratiyası çərçivəsində sürdürməyə qərarlıdır.
MHP üzgündür, ancaq işi bu yerdə qoymayacaq
Sərbəst buraxılma tələbi məhkəmə heyətinin yekdil səsverməsilə rədd edilən general Engin Alanın vəkili və partiyadaşları isə çıxarılan qərarın ədalətsiz olduğunu və bununla barışmaq niyyətində olmadıqlarını bildiriblər. “Bir adamın təqsiri sübut olunana qədər günahsızdır. Bir iddianamənin tərtib edilməsi hələ o adamın günahkar olmasına qəti qənaət gətirməz. Bu halda, Məclisə seçilmiş bir adamın içəridə saxlanmasının mənasını heç cür çözə bilmirəm. Hüquqçu olaraq buna məna verməkdə acizəm. Ailə olaraq çətin günlər yaşayırıq. Alan çox ağır xəstədir, ancaq bunlara rəğmən ”xeyirli olsun” dedi. Başqa heç nə söyləmədi”, – deyə müttəhimin vəkili Ayhan Nacak qısa brifinqdə bildirib. Bu arada MHP-li nümayəndələr də məhkəmə zalında hakimlərin qərarına “Boz qurd” işarəsi göstərməklə və mahnı oxumaqla etirazlar ifadə ediblər və bu işin belə qalmayacağı mesajını yollayıblar.
AKP problemin Məclisdə çözülməsindən yanadır
AKP Qrup başqan vəkili Bəkir Bozdağ isə YSK-nın Hatip Dicləni millət vəkilliyindən məhrum etməsi və BDP-lilərin də Məclisi boykot qərarıyla əlaqədar “Demokratiyanın qarşısındakı əngəlləri qaldırmaq üçün boykot və təhdid etmək yerinə, problemi demokratiyanın qəlbi olan məclisdə birlikdə çözək” çağırışını edib. Bozdağ təşkil etdiyi mətbuat konfransında YSK-nın Diclə qərarıyla bağlı hökumətə yönələn tənqidlərə cavab verib. “AKP olaraq, Dicləyə hüquqazidd bir şəkildə mandat verilməsi ilə əlaqədar YSK-ya etiraz etdik” deyən Bozdağ, “YSK-nın qərarı AKP-nin etirazına bağlı olan bir qərar deyil”- söyləyib.
Məsələyə münasibət bildirən baş nazirin köməkçisi Bülənt Arınç mandatı əlindən alınan Hatip Diclə üçün yeni bir qanun layihəsi qəbul olunub-olunmayacağı ilə bağlı sualı “Bir qanun dəyişikliyinə zərurət yaranarsa, bu, Məclisə gətirilər. Doğru, haqlı tələblərə 2002-ci ildə necə ”bəli” dediksə, bu gün də “bəli” deməyə hazırıq” kimi cavablayıb. BDP-nin boykot qərarına münasibət bildirən Arınç, “Bəyənsək də, bəyənməsək də qüvvədə olan qanunvericilik var və 76-cı maddədə millət vəkilinin seçilə bilmə şərtləri orada açıq yazılıb”- deyib.
Daha sonar AKP Diyarbəkir millət vəkili Qalib Ensarioğlu millət vəkilliyi rədd edilən Hatip Diclə haqqındakı YSK qərarıyla bağlı çox sərt danışıb. Qərarı “xalqın iradəsinə qarşı edilmiş haqsızlıq”, “Dövlət içində komalanmış qrupların xaos yaratmaq cəhdi” kimi qiymətləndirən Ensarioğlu, Məclisə getməmək fikri olan müstəqil millət vəkillərinə “Bu oyunu pozmaq üçün Məclisə gəlin” çağırışını edib. O bildirib ki, YSK-nın bu qərarını doğru hesab etmək və bu, “məhkəmənin qərarıdır” demək düzgün bir dəyərləndirmə deyildir.
Görünən odur ki, Türkiyədə hələ sular tezliklə durulana oxşamır. Qarşısında yeni konstitusiya, kürd, türban, iqtisadiyyat, təhsil, səhiyyə, Avropa Birliyinə üzvlük kimi bir çox ciddi problemlərin həllinin dayandığı başda Ərdoğan olmaqla indiki AKP hökumətinin buna qədər hələ bir çox məsələlərə aydınlıq gətirməsinə, çözüm tapmasına, ölkədə hamının arzuladığı həmrəyliyə nail olmasına ciddi zərurət var.
Hazırladı: Rəşad Alp