Ölkə sürətlə parçalanmaya doğru gedir
Vəfa Quluzadə: «Ölkənin dağılmasının qarşısının alnması mümkün deyil və imperiyanın parçalanması üçün az vaxt tələb olunur»
Son zamanlar Rusiyanın gələcəyi ilə bağlı bədbin fikirlər səslənməkdədir. Artıq bu ölkənin politoloqları da dövlətin dağılacağını proqnozlaşdırır. Qəzetimizin ötən sayında rusiyalı politoloq Yelena Ponomoryovanın fikirləri dərc edilmişdi. Politoloqun sözlərinə görə, Rusiyanı fəlakətdən yalnız möcüzə xilas edə bilər.
Bəs Rusiya kimi böyük bir dövlətin iflasa uğraması ehtimalı nə qədərdir?
Politoloq Vəfa Quluzadə bütün imperiyalar kimi Rusiyanın da dağılmasının labüd olduğunu deyir. Lakin digər imperiyalardan fərqli olaraq, Rusiyanın vəziyyəti daha da acınacaqlı olacaq: “Britaniya imperiyası dağıldı. Amma dünyada hörmətli yer tutur. Çünki Amerikanın yaxın müttəfiqidir, onun qanadı altında yaşayır. Osmanlı imperiyası dağıldı. Türkiyə uzun müddət təngnəfəs yaşadı. Indi müstəqil dövlət kimi yavaş-yavaş özünə gəlir. Rusiya bunların hamısından pis vəziyyətdədir. Çünki oradakı dağıdıcı proseslər nə Ingiltərədə, nə Osmanlı imperiyasında var idi”.
Ekspertin sözlərinə görə, hərbi, iqtisadi baxımdan dağılan Rusiyada eyş-işrətin yüksək həddə çatması ölkəni fəlakətə sürükləyir: “Ruslar metil spirti içir, sintetik narkotiklər düzəldirlər. Alkoqolizmdən xeyli adam ölür. Artıq heç bir tədbirlər bunun qarşısını ala bilmir”.
V.Quluzadənin fikrincə, ölkənin dağılmasının qarşısının alnması mümkün deyil və imperiyanın parçalanması üçün az vaxt tələb olunur. Rusiyanın dirçəlməsinə isə heç möcüzə də kömək edə bilməz. Çünki möcüzənin baş verməsini istəməyənlər çoxdur. Ona görə Rusiyanın taleyi artıq məlumdur: “Hələlik neftlə, qazla ayaq üstə duracaq. Ancaq neftin, qazın qiyməti aşağı düşən kimi Sovet Ittifaqından betər parçalanacaq. Budur onun gələcəyi. Hər gün bir təyyarə partlayır, insanlar ölür. Özü də onlar buna fikir vermirlər. Veclərinə almırlar. Ancaq neft pullarını ölkədən çıxarmaqla məşğuldurlar. Bu ilin yalnız birincə rübündə Rusiyadan xaricə 30 milyard dollara yaxın pul çıxarılıb. Bu ölkənin gələcəyi yoxdur”.
Fizzə