Rusiyalı milyarder partiya sədri oldu

Mixail Proxorov «Pravoye Delo»nun lideri seçildi

Rusiyalı milyader Mixail Proxorov siyasi partiyanın lideri seçilib. 46 yaşlı Mixail Proxorov Rusiyanın ən zəngin adamlarından biridir. O, ABŞ-ın professional basketbol klubunun sahibidir. Proxorov dağ-mədən, bank və başqa sahələrə investisiyalarla məşğul olan Oneksim Qrup (Onexim Group) şirkətinə rəhbərlik edir.
Proxorov gələn ilin dekabrında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün “Pravoye Delo” partiyasına başçılıq etmək istədiyini elan etmişdi. Iyunun 25-də partiya üzvləri qarşısında çıxışında Mixail Proxorov bildirib ki, onun əsas məqsədi bu qurumu parlamentdə ikinci böyük partiya etmək və sonra isə “Vahid Rusiya” partiyasından birinciliyi almaqdır. Bununla yanaşı, o öz partiyasının müxalifət partiyası kimi qəbul edilməsini istəmədiyini də bildirib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, “Pravoye Delo” Kremlin müxalif fikirli seçiciləri cəlb etmək, eyni zamanda isə iqtidar partiyası ilə rəqabətin mövcud olduğu haqda fikri formalaşdırmaq üçün yaratdığı partiya kimi qəbul edilir.