Beynəlxalq təşkilatların mövqeyi niyə təhrif olunur?
Mahal İsmayıloğlu: «Hakimiyyət ona ünvanlanan mesajların mətbuatda hallanmasını və cəmiyyətin diqqətini cəlb etməsini istəmir»
Beynəlxalq qurumların demokratiya və insan haqları ilə bağlı səsləndirdiyi iradlar bir qayda olaraq Azərbaycanın rəsmi mətbuatında yer almır. Məsələn, dövlət başçısı Ilham Əliyevin Brüsseldə Joze Manuel Barrozo ilə görüşü zamanı Azərbaycanda sərbəst toplaşmaq, söz və mətbuat azadlığının təmininin qarşılıqlı münasibətlərdə fövqəladə dərəcədə əhəmiyyət daşıdığı barədə aldığı mesaj rəsmi qəzetlərdə məlumat verilərkən “unudulub”. Əslində, demokratiya ilə bağlı tələblər qarşısında Azərbaycanın necə aciz qaldığına rəsmi mətbuatın susması birinci dəfə deyil. Bəs görəsən, bu tendensiya rəsmi mətbu orqanların şəxsi təşəbbüsüdür, yoxsa bütün proseslər “yuxarıdan” gələn göstərişlə idarə olunur?
Tanınmış jurnalist Mahal Ismayıloğlu bildirdi ki, bu, qəzetlərin şəxsi təşəbbüsü deyil, sadəcə olaraq uzun müddətdir müəyyənləşdirilən siyasi kursdur. Və kursdan kənara çıxılması yolverilməzdir: “Avropa ərəb dünyasında baş verən hadisələrin qanlı formada Azərbaycanda təkrarlanmasını istəmir. Elə ona görədir ki, Azərbaycana qarşı mesajlar daha da sərtləşib və birmənalı şəkildə Azərbaycanda demokratik islahatların həyata keçirilməsi tələb olunur. Azərbaycan hakimiyyəti isə ona ünvanlanan mesajların mətbuatda hallanmasını və cəmiyyətin diqqətini cəlb etməsini istəmir”.
Hakimiyyətin beynəlxalq təşkilatlardan gələn mesajları pərdələməyə çalışdığını deyən M.Ismayıloğlunun fikrincə, bu, iqtidardakı ümumi ruhu əks etdirir. Bununla hakimiyyət özünə xeyir etdiyini düşünür, amma unudulur ki, hazırda hər hansı informasiyanın gizlədilməsi mümkün deyil. Çünki müasir dünyamızda bir yox, bir neçə informasiya mənbələri mövcuddur.
Xəyal



