Parlamentin antikorrupsiya absurdları

«Bu əlavələr bir sıra şəxslərin şərlənməsinə, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxaracaq»

Müzəffər Baxışov: «Cinayət Məcəlləsinə yamaq vurublar»

Parlamentin son iclasında Cinayət Məcəlləsinə antikorrupsiya xarakterli əlavə və dəyişikliklər edilib ki, bunların arasında xeyli absurd müddəalar var. Dəyişikliklərə əsasən, Azərbaycanda korrupsiya cinayətlərinin subyektlərinin dairəsi genişləndirilib və bu sıraya dövlət orqanlarına seçilmiş və təyin edilmiş vəzifəli şəxslər, bələdiyyə üzvləri və qulluqçuları, həmçinin özəl sektorda rüşvətlə ələ almada iştirak edən fiziki və hüquqi şəxslərin rəhbərləri də daxil edilib.
Belə ki, bundan sonra kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri, bu təşkilatlarda sərəncamverici funksiyaları yerinə yetirən şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də korrupsiya cinayətlərinin subyektləri hesab olunacaq. Qanuna görə, külli miqdarda rüşvətin məbləği 5 min manatdan artıq məbləğlər hesablanacaq. Vəzifəli şəxslərin rüşvətlə bağlı təklifi və ya vədi qəbul etməsi də cinayət məsuliyyətinə səbəb olacaq. Bu cinayəti törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, əmlakı müsadirə edilməklə 4 ildən 8 ilədək azadlıqdan məhrum ediləcək. Rüşvət verən şəxs isə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməklə cəzalandırılacaq. Məcəlləyə edilən digər dəyişikliklərə əsasən, Azərbaycan vətəndaşları digər ölkələrin ərazisində korrupsiya cinayətlərinin iştirakçısı olarlarsa və bu orada cinayət məsuliyyəti doğurmazsa, ölkəyə qayıdan kimi buna görə məsuliyyətə cəlb olunacaqlar.
Hüquqşünas Müzəffər Baxışov da hesab edir ki, əlavə və dəyişikliklərdə xeyli absurd məqamlar var. Onun sözlərinə görə, vəzifəli şəxslərin rüşvətlə bağlı təklifi və ya vədi qəbul etməsinin cinayət məsuliyyəti yaratması müddəası sui-istifadələrə yol açacaq: “Ümumiyyətlə korrupsiya cinayətlərini sübut etmək çox çətindir. Sübutlar qanunun tələblərinə əməl etməklə əldə edilməlidir. Rüşvət verənlə  bağlı cinayət məsuliyyətinin nəzərdə tutulması isə çox qüsurlu haldır. Heç bir vətəndaş istəməz ki, özünün əldə etdiyi vəsaiti bu və ya başqa şəxsə rüşvət kimi versin. Buna görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını düzgün hesab etmirəm”.
M.Baxışov xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı əlavə edilən müddəanın də yanlış olduğunu deyir: “Belə bir qayda Cinayət Məcəlləsində köklü dəyişikliklərin edilməsini zəruri edir. Əgər həmin əməl Azərbaycan vətəndaşının yaşadığı ölkədə cinayət sayılmırsa, amma bizim məcəlləyə görə şəxs məsuliyyətə cəlb olunursa, bu çox ciddi problemlər yaradacaq. Onun əməlinin sübut edilməsi də çox çətin olacaq.
Düzdür, Azərbaycan məhkəmələri irəli sürülən ittihama uyğun hökm çıxarmağa meyllidilər. Çünki ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur. Bundan əlavə, bu, bir sıra şəxslərin şərlənməsinə, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxara bilər”. 
Qeyd edək ki, parlamentin iclasında deputat Gülər Əhmədova da bu müddəaya qarşı çıxmışdı. O bildirmişdi ki, Azərbaycan bu əlavəni etməklə özünü tora salır. Belə ki, bu, xarici ölkələrdə iş quran yerli şirkətlərə əlavə problemlər yaradacaq. “Bu, kifayət qədər ikibaşlı məsələdir. Qoy Avropanın digər dövlətləri qanunvericiliyinə belə bir dəyişiklik etsinlər, sonra biz də baxarıq. Indidən tələsib bu tələyə düşməməliyik”.
Hüquqşünas hesab edir ki, məlum əlavələr rüşvət və korrupsiya sahəsində vəziyyətin müsbətə doğru dəyişməsinə təsir göstərməyəcək: “Bizim cinayət qanunvericiliyimiz mükəmməl deyil. Bizim ən böyük problemimiz odur ki, indiyə qədər Azərbaycanın özünün müstəqil Cinayət Məcəlləsi yoxdur. Rusiyanın Cinayət Məcəlləsindən olduğu kimi köçürmədir. Indi ona əlavə və dəyişikliklər edilməsi yamaq kimi görünür. Bizdə dövlət hüquq institutu olmadığına görə, bu dəyişiklikləri hazırlayarkən mütəxəssis olmayan şəxslərin təklifləri nəzərə alınır. Bu yamaqlar da heç bir effekt vermir. Sistem o qədər qüsurludur ki, korrupsiya cəmiyyətin iliyinə o qədər işləyib ki, bunun qarşısını inzibati metodlarla almaq mümkün deyil. Tam əminliklə deyirəm ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri cinayət məsuliyyətinə cəlb edib, şou yaradacaqlar. Fon yaradacaqlar ki, korrupsiyaya qarşı mübarizə aparılır”.

Gültəkin