Dövlət başçısı bununla diplomatiyanın mühüm prinsiplərindən birini pozur
Rahim Hacıyev: «İlham Əliyev İrana səfər edərək Azərbaycanı narahat edən problemləri Tehranın diqqətinə çatdırmalıdır»
Dövlət başçısı Ilham Əliyev növbəti dəfə Iran prezidenti Mahmud Əhmədinejadın dəvətini qəbul etməyib. Artıq bununla neçənci dəfədir ki, I.Əliyev Irana səfərdən yayınır. Əvəzində yüksək çinli məmurlardan biri qonşu ölkəyə təşrif buyuracaq. Bəs görəsən, bu tendensiyanın səbəbi nədir? Xüsusilə WikiLeaks-də Azərbaycanla Iran arasında münasibətlərə dair gedən son məlumatlar da nəzərə alınarsa, iki ölkənin əlaqələrində ciddi problemlər olduğu açıq şəkildə görünür.Siyasi ekspert Rahim Hacıyevin sözlərinə görə, Azərbaycanla Iran arasında gərginliyin olması hamıya bəllidir. Bu gərginliyin isə başlıca səbəblərindən biri Iranın açıq şəkildə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı dəstəkləməsidir. Iranın Ermənistanı açıq şəkildə iqtisadi və siyasi cəhətdən dəstəklədiyini deyən R.Hacıyev vurğuladı ki, Iranın Azərbaycanın mövqelərinə zidd olaraq Ermənistanla sıx əlaqələr saxlaması sonuncunun mövqelərini möhkəmləndirən amildir: “Iran Ermənistanla sərhədləri Türkiyə kimi bağlı saxlasaydı, o halda Ermənistanın vəziyyəti çox ağır olardı. Bundan başqa, Iranın Azərbaycanın daxili işlərinə müdaxiləsi ilə bağlı da ciddi problemlər var. Amma çox təəssüf ki, Ilham Əliyev diplomatiyanın mühüm prinsiplərindən birini kobud şəkildə pozur. Diplomatiyada görüşlərdən, müzakirələrdən yayınmaq anlayışı yoxdur. Çünki bu, ən pis variantdır”.
R.Hacıyev bildirdi ki, diplomatiya problemlərin üzərinə getmək və onları müzakirə etməkdir. Obamanın onu Türkiyəyə dəvət etdiyi zaman da Ilham Əliyevin görüşdən imtina etdiyini xatırladan R.Hacıyev vurğuladı ki, eyni siyasət Iranla bağlı davam edir. R.Hacıyev hesab edir ki, əslində I.Əliyev Iranın dəvətini qəbul etməli və bu ölkəyə getməlidir. R.Hacıyevin sözlərinə görə, məhz Iranla bağlı Azərbaycanı narahat edən problemlər Tehranın diqqətinə çatdırılmalı və rəsmi Bakının yürüdülən siyasətlə bağlı mövqeyi ortaya qoyulmalıdır: “Ilham Əliyev isə bundan çəkinir. Nəticədə Iran-Azərbaycan münasibətlərində vəziyyət daha da pisləşir. Əslində Ilham Əliyev dəvəti qəbul etməli və Iran hökumətinə açıq şəkildə bildirməlidir ki, onlar Ermənistanı müdafiə etmək kursundan əl çəkməlidirlər. Azərbaycanla yaxşı münasibətlərin qurulmasını istəyirlərsə, Ermənistana dəstəyə son qoyulmalıdır. Eləcə də Iran Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmalıdır”.
Digər tərəfdən, Iranla Qərbin münasibətlərinin gərgin olmasına görə I.Əliyevin ehtiyatlanmağa başladığını deyən R.Hacıyev vurğuladı ki, bu da əslində çıxış yolu sayıla bilməz. Çünki Azərbaycanın mənafeləri ölkəmizlə problemləri olan dövlətlərlə birbaşa, açıq müzakirələr tələb edir. Azərbaycan dövlətinin başçısı da xalqın maraq və mənafeyinə uyğun mövqe sərgiləməlidir. Əslində bununla uzun illər balanslaşdırılmış siyasətdən danışan Azərbaycan hakimiyyətinin xarici siyasətdə hansı yolu tutduğunun məlum olduğunu söyləyən R.Hacıyev qeyd etdi ki, WikiLeaks-dəki məlumatlardan bəlli oldu ki, Azərbaycan hakimiyyəti istər Iran, istərsə də Rusiya ilə münasibətlərdə çox qeyri-səmimi hərəkətlər edib: “Azərbaycan hakimiyyəti bağlı qapılar arxasında bir, açıq formada isə başqa fikirlər səsləndirir. Bəlkə də bununla özlərinin hakimiyyətinə nəsə kömək edəcəklərini düşünsələr də, böyük dövlətlərlə belə oyunlar bir çox hallarda kiçik dövlətlər üçün ağır nəticələnir”.
Məhz bu günə qədər buraxılmış kobud səhvlər ucbatından I.Əliyevin Irana səfərdən yayındığını deyən R.Hacıyev vurğuladı ki, bütün bunlar hakimiyyətin məsuliyyətsiz siyasətinin nəticəsidir. Və belə siyasət Azərbaycanın beynəlxalq aləmdə vəziyyətini daha da pisləşdirə bilər.
Xəyal