Ilham Əliyevin tərs günləri

Bəlli olduğu kimi, hər yazar özü də bir oxucudur. Mən də o sıradan. Yazılarını ayrıca maraqla izlədiyim iki jurnalist-yazar var: Şahvələd Çobanoğlu, Elnur Astanbəyli. Tərs kimi, onların hər ikisinin “Azadlıq”da çıxmış sonuncu yazısı ürəyimcə olmadı. Hər ikisi Avropa Birliyində Azərbaycan prezidenti Ilham Əliyevin başına açılan oyundan yazır, buna görə onu qınayır. Hər ikisi!

Oyun nədir? I.Əliyev çıxış eləyən yerdə Azərbaycan bayrağı tərsinə asılıb. “Ölkəni tərsinə aparan prezident”, “Bayrağı tərsinə asdılar ki…” deyə onlar bayrağımızı tərsinə asanları deyil, I.Əliyevi qınağa tuturlar. Adamı yandıran budur! Bunların düşüncəsinə görə, Ilham Əliyev o sayaq darlıq içində bayrağı düz asmaq göstərişi verməliymiş. Bunların düşüncəsinə görə, Ilham Əliyev bayrağın tərsinə asıldığını başa düşməyib. Ola bilməz! Bir adam (kimliyindən asılı olmayaraq) istər-istəməz diz çöküb bir bayrağa and içə, atası, ailəsi ilə birlikdə o bayraqdan milyardlarla qazanc götürə, sonra da onun baş-ayaq asıldığını bilməyə?!

Sözü gedən jurnalist-yazarlar (elə başqaları da) o bayrağın o yerdə niyə tərsinə asıldığını bilməyə bilərdilər, I.Əliyev yox. I.Əliyev Moskvadan başlamış Kiyevədək “Beynəlxalq münasibətlər” fakültəsini bitirib. Bu baxımdan o, belə diplomatik incəlikləri gözəl bilir. Azərbaycan bayrağını Avropa Birliyində tərsinə asanların nə demək istədiklərini, bunun bir diplomatik gediş olduğunu I.Əliyev göydə tutub. Tutub, susub. Bəlli olduğu kimi, belə yerdə susmağın özü də bir diplomatiyadır. Jurnalistlər belə incəlikləri çətin başa düşərlər.

Lap başlanğıcdan başlayıb sona gəlmək istəyirəm. I.Əliyevin yerində sözü gedən bizim iki çox ünlü jurnalist olsaydı, neyləyərdi? Sözsüz, onlar orada adlarını da yaddan çıxarardılar. Ancaq I.Əliyev orda tərtəmiz ingiliscə danışırdı. Danışa-danışa da bayrağımızın tərsinə asılmağından doğan acığını güclə gizlədə bilirdi. O, gözəl bilirdi: bayrağımızı tərsinə asmaqla ona bütünlüklə yeni mesaj verilmişdi – bundan sonra səninlə başqa cür davranacaq, başqa dildə danışacağıq. Oxucularımızın da bildiyi kimi, Avropa Birliyinin “başqa dildə danışmağı” ən güclü diktatorların belə canına qorxu salan, hakimiyyətini çökürdən SANKSIYALAR deməkdir. Mənim dostum olan iki ünlü jurnalist tərsinə asılan bayraqla belə bir mesaj verildiyini başa düşmədiyindən başlayıb hərəsi öz bildiyindən çıxış eləməyə. Nə veclərinə – çöküşünə mesaj-sanksiya verilən, onların deyil, I.Əliyevin hakimiyyətidir!

Onlar özləri o arada I.Əliyevin yerində olsaydılar, Avropa Birliyini, Brüsseli, Barrozonu söyüb-batırardılar. Baxın: adamdan Iraqda vuruşmaq üçün əsgər istəyirlər – verir; Əfqanıstanda vuruşmaq üçün əsgər istəyirlər – verir; neft istəyirlər – verir, qaz istəyirlər – verir; üstəlik, problemli bir “NABUCCO” istəyirlər, onu da… yavaş-yavaş verir. Bütün bunlardan sonra nə istəsələr yaxşıdı: “Bəsdir illərlə bizi aldatdın, indi sənə sentyabradək ”srok” qoyuruq – sən illərlə bizi eşitməyib jurnalistlərə, siyasətçilərə “srok” qoyan kimi. Bu yerdə deyiblər e, dəvədən böyük FIL də var. Tanrım, sənə qurban olum!Iki aylıq “srokun” dalında duranlara baxın: monopoliyalarla ayrıca çarpışma; özgür toplaşmaya, deyim özgürlüyünə qarantiya yaradılması; vicdan dustaqlarının buraxılması. Prezident olan kimsə ən azı “srok” qorxusundan canını dişinə tutub bu istəklərin hamısını yerinə yetirə bilər – birincidən başqa. Bunu içdə də, dışda da hamı gözəl bilir: Azərbaycandakı monopoliya sisteminin başında 2003-cü ilədək ata Əliyev dururdusa, 2003-dən bu yana oğul Əliyev durur. Indi bu adamdan öz-özüylə AYRICA çarpışma aparmağını istəyirlər. Absurda baxın! Adam antikorrupsiya idarəsinə göstəriş verib… özünə cinayət işi açdırmalıdır. Bunlar da durub bayrağın tərsinə asılmağından yazırlar…