Bu yaxınlarda hansısa qəzetdə gözümə “Bütöv Azərbaycan” ifadəsi sataşdı və mən bir nostalji keçirdim ötən günlər üçün. Düzdür, o günlərin acıları da az deyil. Indiki kimi yadımdadır, AXC üçün yeni proqram layihəsi hazırlayan vaxt mən ora “bütöv Azərbaycan” ifadəsi yazmışdım, bütövlüyü bir prinsip kimi qeyd etmişdim. O vaxta qədər “vahid Azərbaycan” ifadəsindən istifadə edirdilər. Cəbhənin bir qanadının təmsilçiləri dedilər ki, ölərik, amma bütöv sözünü yazmağa qoymarıq, mütləq vahid olmalıdır. Amma sonradansa BAB yarandı, “bütöv Azərbaycan” ifadəsi işlək bir ifadəyə çevrildi. Nə isə. Bunu elə-belə, sözgəlişi xatırladım.
Amma çox istərdim ki, əvvəllər olduğu kimi, indi də müxalifət partiyaları Güney Azərbaycan probleminə sayğı göstərsin. Biz bu hakimiyyətlə mübarizə aparmaqla bir az kiçilmişik, xırdalanmışıq və onu da unuduruq ki, regional problemlərə toxunmağın bir siyasi dividendi də var. Bəli, bir çox güc mərkəzləri Güney problemini təqdir etmirlər. Amma hər şey onların istəyilə olmalıdırmı? Bir vaxtca Quzey Azərbaycanın da azad olmasını istəməyənlər çox idi. Təsəvvür edin, Irana qarşı bu qədər təzyiq və təpki var. Amma Güney probleminə start vermək istəmirlər. Deyirlər ki, guya bunlar separatizmə təhrik etmək istəmirlər, halbuki başqa yerlərdə işləri elə separatizmi dəstəkləməkdir. Böyük siyasət həmişə bulanıqdır. Amma bunu durultmaq mümkündür, bunun üçün böyük adamlar lazımdır. Bəli, bu Güney probleminin dalğasında bir çox adamlar şəxsi problemlərini həll etdi. Amma ölkə, millət qaldı. Indi mən siyasi səhnəyə baxıb bir ideya boşluğu görürəm.
Korrupsiya, inhisarçılıq, avtoritarizm… Ötən yazılarımın birində V.Haveldən bir sitat gətirmişdim: “Son dövrlərdə ilk dəfə sovet bloku ölkələrində ciddi siyasi hadisələr baş verdisə, bu, ona görə belə oldu ki, onun önündə gedən simalar özünü siyasətçi hesab edənlər deyil, bəli, daha çox riyaziyyatçılar, filosoflar, fiziklər, yazıçılar və adi fəhlələr idi”. V.Havelin bu fikri bəlkə bir az gözlənilməz və mübahisəli görünə bilər. Amma o, bunun izahını da verir və bildirir ki, əgər bir adam siyasətçi deyilsə, o, siyasətin ənənəvi qanunları ilə məhdudlaşmır!.. V.Havel bu sətirləri “Gücsüzlərin gücü” əsərində yazıb. O, mənə o qədər təsir etdi ki, “Dissidentlərin gücü” adlı yazı yazdım. Bunları nədən yada saldım, niyə qeyd etdim? Son illərdə biz özümüz mənfi mənada çox siyasiləşmişik, hamımız çıxışlarımızda özümüzü böyük siyasətçilər kimi aparırıq, hər ifadəmizə fikir veririk. Bu, çox yaxşı haldır. Lakin ölkədə siyasi partiyalar bir institut kimi mövcud deyilsə, onların fəaliyyətinə imkan vermir və hər addımbaşı əngəl törədirlərsə, azad seçki institutu yoxdursa, siyasət ilə cəmiyyət arasında böyük sədd varsa, hansı siyasətdən, hansı siyasi maraqlardan və siyasi rəqabətdən danışmaq mümkündür? Burada elə bir mübarizə olmalıdır ki, orada “birinci” və “ikinci”, hə, “bizimki” və “sizinki” kimi sədlər, maneələr olmasın. Bunun üçün bir qədər romantizm lazımdır və onu siyasətə gənclər gətirə bilərlər, amma onları da dərhal olmayan siyasi maraqların və perspektivlərin girovuna çeviririk, əllərini bağlayırıq.Əgər başqalarının azadlığını istəmirsənsə…
Azad insan odur ki, qarşısındakını da azad görmək istəyir. Vaxtilə özümüzə liberal deyirdik. Indi bunu da unutmuşuq. Biz də bu hakimiyyətin girovuna çevrilmişik, fikirlərimiz, duyğularımız qarışıb, hər şeyi gözümüzdən salıb və bizi hər şeydən iyrəndiriblər. Hakimiyyətin fəaliyyətinin tənqidi çox vacibdir. Amma tək bununla məhdudlaşmaq olmaz, həmişə hakimiyyətdən bir addım qabaqda, öndə olmaq lazımdır. Bunlar, yəni, bu hakimiyyət intellekt sarıdan bizə çata bilmədilər, amma bizi özlərinə çatdırdılar! Biz indi intellektual insanlar olduğumuzu sübut etməliyik. Bəli, indi biz daha çox dissidentlərik. Amma dissidentlər həmişə millətin intellektual kəsimi olublar, hər halda bu, belə qəbul olunub və biz də bunu nəzərə almalıyıq. Bizim siyasətimiz azad insan siyasəti, azadlıq olmalıdır, çünki hər şeyin əsası azadlıqdır.