İran prezidentinə yaxın ticarət və sənaye zonasının direktoru tutuldu
Iyunun 23-də “Ərvənd” Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Əli Əsğər Pərhizkar həbs edilib. 17200 hektar sahəsi olan bu zona Iranın Xuzistan əyalətinin Abadan-Xürrəmşəhr şəhərləri arasında, Iraq sərhədinə yaxın ərazidə yerləşir.
“Media forum” saytının məlumatına görə, Iran Prezident Administrasiyasının rəhbəri Isfəndiyar Rəhim Məşayinin yaxın adamlarından sayılan Əli Əsğər Pərhizkar yolunu azmış siyasi cərəyanla əlaqədə və iqtisadi fəsadda günahlandırılır.
Əli Əsğər Pərhizkarın həbsi iyunun 23-nə düşən ikinci qalmaqallı həbsdir. Həmin gün Iran Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan Iranlılar üzrə Ali Şuranın baş direktoru Məhəmməd Şərif Mələkzadə tutulub. Prezident Administrasiyasının rəhbəri Isfəndiyar Rəhim Məşayinin yaxın adamlarından biri olan Məhəmməd Şərif Mələkzadə iqtisadi cinayətdə, yolunu azmış cərəyanla əlaqədə, bəzi xarici rəsmilərlə şübhəli münasibətlərdə günahlandırılıb.
Xatırladaq ki, Pərhizkar Iran prezidentinin qudası Rəhim Məşayinin yaxın adamı olmaqla bərabər Mahmud Əhmədinejadın qatı tərəfdarlarından biri sayılır.


