Əhmədinejad çətin günlərini yaşayır

İran prezidentinə yaxın rəsmilərin həbsi onun gücünün məhdudlaşdırılmasına hesablanıb

Bir neçə gün əvvəl xarici işlər nazirinin müavini postuna gətirilən Məhəmməd Şərif Malikzadənin öncə istefaya göndərməsini və hadisədən sonra həbsini prezident Mahmud Əhmədinejad ilə ali dini lider Əli Xamneyi və mühafizəkarlar arasında iqtidardaxili mübarizənin davamı da adlandırmaq olar.
Iran prezidenti Mahmud Əhmədinejada yaxın yüksək vəzifəli rəsmilərin həbsinin davamı onu söyləməyə əsas verir ki, ölkə başçısına qarşı formalaşan qruplaşma onun ətrafını təmizləməyə və rahat hərəkət etmə imkanlarını məhdudlaşdırmağa çalışır. Əhmədinejada yaxın şəxslərə qarşı irəli sürülən “yolunu azmış cərəyanla əlaqə” ittihamı elə Xamneyiyə bağlı mühafizəkarlar tərəfindən prezidentin ünvanına da səsləndirilir.
Malikzadənin həbsi barədə rəsmi açıqlama və ya onun hansı maddə ilə ittiham olunması barədə məlumat verilməyib. Ancaq Malikzadənin həbsini “Mehr” xəbər agentliyinə şərh edən iranlı siyasətçi Ismail Kosari onun saxlanılma səbəbinin “maliyyə ittihamları” ilə əlaqədar olduğunu söyləyib.
Rəsmi olmayan məlumatlara görə, Malikzadə ona qarşı irəli sürülmüş ittihamları rədd edir. O, ötən həftə xarici işlər nazirinin müavini təyin edilsə də, bu postda yalnız 3 gün duruş gətirə bilmişdir. Ölkə parlamentindəki mühafizəkar və müxalifətçi deputatların sərt təpkisiylə üzləşən Malikzadə tutduğu postdan getmək qərarı vermişdi.
Əlavə edək ki, Məhəmməd Şərif Malikzadə prezident Mahmud Əhmədinejadın yaxın ətrafında vəzifədən uzaqlaşdırılan, ya da həbs olunan ilk rəsmi deyil. Son dövrlər Əhmədinejada yaxın şəxslərə qarşı hücumların artdığı müşahidə olunur.
Siyasi şərhçilərin fikrincə, həbslər Iranın dini lideri Əli Xamneyinin zaman-zaman ona meydan oxuma mövqeyi sərgiləyən Əhmədinejadı yerində oturtmaq cəhdləridir. Xamneyi 2009-cu ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra Əhmədinejada dəstək vermişdi.
Ancaq son zamanlar Əhmedinejadı hədəf alan mühafizəkarlar müxaliflərin tərəfində dayanmağa üstünlük verib.
Ali dini lider daha əvvəl də Əhmədinejadın vəzifədən uzaqlaşdırdığı ETTELAAT rəhbəri Heydər Moslehini yenidən postuna qaytarmışdı. Malikzadənin adı isə xüsusilə Əhmədinejad hökumətinin daxili münasibətlərini tənzimləyən Isfəndiyar Rəhm Meşayi ilə birlikdə hallanır. Bəzi nüfuzlu din xadimləri və Inqilab Keşikçiləri Korpusu (SEPAH) üzvləri Meşayinin də vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.
Mühafizəkar siyasətçilər Meşayini dini iqtidarın yerinə millətçi siyasət anlayışını dəstəkləyən “yolunu azmış cərəyan”ın təmsilçisi kimi xarakterizə edir. Iki dəfə prezident postu tutan və bir daha ölkə rəhbəri vəzifəsinə seçilməsi mümkün olmayan Mahmud Əhmədinejadın isə 2013-cü il seçkilərində Meşayini dəstəkləyəcəyi söylənilir. Meşayinin qızının Əhmədinejadın gəlini olması iki siyasi arasındakı münasibətləri daha da möhkəmləndirir.

Turan