Elmar Vəliyev Allahı axtarır

Bu günlərdə saytlardan birində işıqlandırılan bir yazıya maraqlı, daha doğrusu, dəhşətli şərh oxudum – Gəncədən oxucu məlumat verirdi: ölkənin ikinci şəhərinə yaxınlarda icra başçısı təyin olunan Elmar Vəliyev məscidə ayaqqabı ilə daxil olmaq istəyəndə axund etiraz eləyib, “Allah evinə” ayaqqabı ilə girməyin məqbul olmadığını başçının diqqətinə çatdırıb. Axundun etirazı gözü ayağının altını görməyən və göylərlə əlləşən E.Vəliyevin xətrinə dəyib, narazılıq yaranıb. Nəhayət, məscidə girən Gəncə quberniyasının şəriksiz sahibi bir sağa, bir sola boylanıb və soruşub:- Bəs, Allah hanı?

Bu məlumatın nə dərəcədə həqiqətə yaxın olduğunu deyə bilmərəm. Əgər belə fakt olubsa, inşallah, Allah harda olduğunu ona qısa müddətdə göstərəcək.Amma məsələ bundadır ki, icra başçılarının rayonlarda özlərini kiçik allahlar saydığını, kəsdiyi başa sorğu-sual olmadığını bu xaraba məmləkətdə hamı bilir. Xüsusilə Elmar Vəliyev kimi arxalı birisinin qapısı hər zaman açıq olan məscidə girməsi və özünü fövqəlinsan sayması ölkə reallığında qayət normal bir haldı. Yevlaxı tam özəlləşdirəndən və şəxsi mülkinə çevirəndən, sakinlərin üzərində “can almaq” səviyyəsində hökmranlıq edəndən sonra türmə əvəzinə Gəncə kimi böyük şəhərə başçı təyinatı E.Vəliyevin iddialarını əlbəttə, artırmalıydı.

Aydındır ki, Elmar Vəliyev və onun kimi allahlıq iddiasında olanlar min il axtarsa belə, Allahı tapa və ya görə bilməz – hara ki bunların ayağı dəyir, harda ki bunların əli gəzir, harda ki bunların adı var, əmin olun, orda haqq və Haqq yoxdur. Bunların olduğu yerdə haqq olmaya bilər, amma Haqqın olduğu yerdə bunlar olacaq – bir gün tez, bir gün gec, mütləq olacaq, hamısı bircə-bircə cavab verəcək; necə ki, “əzəli və əbədi” dedikləri artıq dərgahdadır!Xatirimdədir ki, bir müddət öncə yevlaxlılar başqa bir dəhşətli hadisə haqda danışırdılar. Deyirdilər ki, Elmar Vəliyev nələr etdiyini özü də bilir və elə ona görə də yaşadığı ev çox ciddi mühafizə altındadır. Yevlaxlılar onun bu cür mühafizə olunan evinə girmiş, sevdiyi heyvanın başını kəsmiş və kəsilmiş küçük başını başçıya çox doğma olan bir şəxsin qəbrinin üstünə qoymuşdular.

Yevlaxda hamının dilində əzbər olan bu əhvalatın da reallıqda baş verib-vermədiyini bilmirəm. Ancaq bu şayiədirsə belə, şayiəni buraxanın belə bir addım atmaq ağlından keçib demək. Ağlından keçibsə, eləyə də bilər.

Sizə kim dedi ki, haqqın divanı yalnız o dünyada olur? 

Ziya Məmmədovun taksisi nəyə bənzəyir

Kimi it sevir və hər gün 60 qoyun kəsdirib cəmdəkləri isti-isti itlərə yedirdir, hətta ona görə ferma saxlatdırır, çobanlar tutur; kimisi qurd, tülkü, ceyran sevir, kimisi balina, akula, delfin bəsləyir, kimisinin də ayıya xüsusi simpatiyası var. Normal bir şeydir.

Ancaq inanmazdım ki, insanların heyvan sevgisi onların fəaliyyətlərində bu və ya digər formada özünü göstərə bilər. Görünür, heyvanla müqayisələr də burdan yaranır: it kimi sədaqətli, tülkü kimi bic, donuz kimi pinti və ayı xidməti…

Ayı demişkən, neçə vaxtdır fikirləşirdim ki, əcəba, Vasif Talıbov da maşın buraxır – həm də taksi. Vallahi ki, internetdə şəkillərinə baxmış, texniki göstəricilərini də izləmişəm – əladır! Qiyməti də cəmi 11 min 300 manata. Əgər Bakıya taksi lazım idisə, ondan ötrü hörmətli möhtərəmin maşınlara baxması, hətta rəngini seçməsi kimə gərəkdir? O yekəlikdə möhtərəmi taksi seçmək səviyyəsinə niyə endirirdiniz? Elə “xaloğluya” bircə zəng kifayət idi ki, Vasif Talıbov istədiyin formada istədiyin qədər maşını Bakıya göndərəydi; istəsən, büdcəni talamaq üçün qiyməti də necə lazımdır, müəyyənləşdirmək olardı: “xaloğlu” möhtərəmdən 27 milyon “qəpik-quruşun” söhbətinimi edəcəkdi?

Bəs, niyə “London” taksiləri?

Səbəb çox sadədir: məgər siz Bakıya yenicə gətirilən və artıq sıradan çıxmaqda olan Çinin “London” taksilərinin görünüşcə ayıya bənzədiyinə fikir verməmisizmi? Sanki qonur ayını bənövşəyi rəngləmisən…