Nizami rayonunda qadını zorlayanların polis olması barədə təkzibedilməz faktlar var
Nizami rayonunda 3 polis əməkdaşının bir qadını zorlaması gündəmin əsas mövzusu olaraq qalır. Xatırladaq ki, bu barədə xəbəri ilk olaraq “Azadlıq” qəzeti yayıb.
Xəbərdə deyilirdi ki, əslən Ağstafa rayonundan olan, hazırda isə Keşlə qəsəbəsində yaşayan həmin qadın axşam saatlarında tanışı ilə Nizami rayonunda yerləşən parkların birində gəzirmiş. Bu zaman Nizami Rayon Polis Idarəsinin Post Patrul Xidmətinin əməkdaşları – bir kapitan və 3 çavuş onları saxlayıb. Qadının tanışı sərbəst buraxılsa da, özü polis maşınına əyləşdirilib. Və xəlvəti yerə aparılaraq polislər tərəfindən zorlanıb. Hadisədən sonra qadın DIN-ə müraciət edib. Rəhbərlik dərhal məsələni araşdırıb və qadını zorlayan çavuşlar həbs edilib. Nizami Rayon Məhkəməsi onların barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hadisədə adı keçən polis kapitanına gəlincə, onun barəsində hansı tədbir görüldüyü bəlli deyil.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov isə “Azadlıq”a, o cümlədən digər media quruluşlarına açıqlamasında əslən Ağstafadan olan bir qadının 23-cü polis bölməsinə müraciət edərək polis geyimində olan 3 nəfər tərəfindən zorlanması barədə müraciət etdiyini deyib. DIN rəsmisi bildirib ki, bu məsələ ilə bağlı araşdırmalar aparılır. O, olaya görə hansısa polis əməkdaşının həbs olunmadığını deyib. Ehsan Zahidov, həmçinin vurğulayıb ki, həmin şəxslərin polis formasında olması hələ onların polis olması demək deyil.
Lakin prokurorluğun məlumatında hadisəni törədən polislərin müəyyən olunduğu bildirilir. Məlumatda onların adlarının baş hərfləri də qeyd olunub. Həmçinin məlumatda xüsusi vurğulanıb ki, təcavüzə məruz qalmış qadın polis maşınına əyləşdirilib. Tutaq ki, kimlərsə polis formasını geyinərək bu cinayəti törədib. Amma ortada polis maşını boyda “veşdok” var.
Bəs DIN hadisəni törədənlərin polis olması barədə təkzibedilməz faktların olduğu halda, niyə bu cür mövqe sərgiləyir? Görünür, DIN rəhbərliyi olayın bütövlükdə daxili işlər orqanları üçün utancverici hadisə olduğunu dərk edir və ictimai qınağa gəlməkdən ehtiyatlanır. Bu baxımdan belə bir mövqe tutub. Lakin həmin polislərin törətdiyi əməllə daxili işlər orqanlarında çalışan vicdanlı polislərə ləkə vurmaq olmaz. “Azadlıq” da həmin xəbəri Ehsan Zahidovun dediyi kimi, polisi aşağılamaq məqsədilə yaymayıb. Biz sadəcə KIV olaraq baş verən olay barədə cəmiyyəti məlumatlandırmaq borcumuzu yerinə yetirmişik.
Informasiya şöbəsi