kiv-df

Tarixin Gədəbəy – Xocalı mədəniyyəti mərhələsi

Unikal abidələr məskəni

Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşən Gədəbəy rayonu da tarixi abidələr sarıdan zəngin bir məkandır. Elmi ədəbiyyatda Gədəbəy – Xocalı mədəniyyəti kimi tanınmış qədim mərhələ özlüyündə iki minillik bir tarixi dövrün – Tunc dövrünün arxeoloji təsdiqidir. Rayonda 1 dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Gədəbəyin hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr var.

Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış nümunələrə görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir.Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Almaniyanın “Simens” şirkətinin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin xüsusi diqqətini çəkib. 1888-1890-cı illərdə o, Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazıb. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərib. Bu materiallar əsasında R.Virxov özünün “Qafqazın mədəni-tarixi əhəmiyyəti” adlı monoqrafiyasını yazıb və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradıb.

1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.Ivanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparıb və tədqiqat üçün 72 daş qutu qəbir qazıb.Burada skeletsiz qəbirlərə də rast gəlinib. Qəbirlərdə insan dəfn edilməsə də onlardan saxsı qablar və iribuynuzlu heyvana aid ayaq sümükləri tapılıb. “Göyəmin yanı” və “Çal” nekropolunda qazılmış daş qutu qəbirlərdə dəfn olunmuş heyvanın ayaq sümüyünün qurban kəsilmiş öküzün ayağı olduğunu ehtimal etmək olar. Görünür, öküz dəfn mərasimində qurban kimi kəsilib, bir hissəsi ehsan paylanıb, ayağının biri isə qəbirə və ya “qurbangaha” qoyulub. Ehtimala görə, heyvan (öküz) budunun qəbirlərdə dəfni və kəmərlərin üzərindəki təsvirləri Qafqazda, o cümlədən Azərbaycanda yaşamış qədim əhalinin axirət dünyası ilə bağlı dini təsəvvürləri ilə bağlıdır. Skeletsiz qəbirlərdə təkcə saxsı qablar olur, bəzək əşyalarına, silahlara, əmək alətlərinə təsadüf edilmir. Tamamilə boş, skeleti, avadanlığı olmayan qəbirlərə də rast gəlinir. V.Belk, A.Ivanovski, E.Resler, Y.Qummel, H.Kəsəmənli və b. tədqiqatçılar Qərbi Azərbaycanın son tunc və ilk dəmir dövrünə aid nekropollarında apardıqları arxeoloji qazıntılar zamanı onlarla skeletsiz qəbirlər aşkar ediblər.

Keçmişə yenidən səyahət

2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlanıb. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntılar üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.

2007-ci ildə Azərbaycan-Fransa Beynəlxalq arxeoloji ekspedisiyası Gədəbəyin mis yataqlarında kəşfiyyat xarakterli tədqiqatlara başlayıb. 2008-2009-cu ildə Daryurdda tədqiqatlar davam etdirilib. Nəticədə bir neçə qədim nekropol qeydə alınıb və son tunc – ilk dəmir dövrünə aid qəbir abidələrində arxeoloji qazıntı işləri aparılıb.

Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy – Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Rayonun memarlıq abidələrindən Söyüdlü kəndində Qız qalasını (“Namərdqala” – 9 cu əsr) və Mahrasa məbədini, Novosaratovka kəndindəki məbədi (1535), Qalakənd kəndindəki qalanı (XVI əsr), Böyük Qaramurad kəndindəki qalanı (1634), Dikdaş kəndi ərazisindəki (Bayram dərəsində) alban kilsəsini və Həmşivəng məbədini, Cəbətkeçməz kəndindəki üç körpünü (XIX əsr) xüsusi qeyd etmək lazımdır.

Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. O, rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Bura əsl yerüstü etnik muzeydir. Bu ərazinin tarixi çox zəngin və maraqlıdır. Daim xain qonşuların hücumlarını mərdliklə dəf edən Qalakəndin sərvəti, dövləti yaxın-uzaq ölkələrin diqqətini çəkirdi. On doqquzuncu yüzilliyin ortalarında bura gəlib çıxan almanlar 1849-cu ildə ərazidə filiz yataqları kəşf ediblər. Birbaşa dağların qoynunda zavodun inşasına başlanılıb. Semens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə – Qalakənd misəritmə zavodu tikilib. Bununla əlaqədar Gədəbəy-Qalakənd arasında yol çəkilib, körpülər inşa olunub, 31 kilometrlik ensiz dəmir yol xətti qurulub. Misi əritmək üçün elektrik stansiyası işə salınıb. Beləcə, Qalakəndin məhsulu dünya bazarına çıxarılıb.

Burada Koroğlu qalası daha məşhurdur. Ona Cavanşir qalası da deyirlər. Bundan əlavə, Cənnət qala, Qız qalası, Zəngi qala… Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Bölgənin dünya əhəmiyyətli tarixi yerlərindən biri sayılan Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində bu, nəhəng daşlardan hörülmüş uca qala dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilib və müdafiə məqsədi daşıyırmış. 1947-ci ildə burada müəyyən qazıntı, axtarış işləri aparılıb. Söyüdlü kəndinin digər “möcüzəsi” Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası kərpiclə hörülmüş 5 ədəd dairəvi sütundan ibarətdir. Ilk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bütün kompleks qədim şəhəri xatırladır.    
“Böyük bir keçmişin vardır…”

Bu yerlərin iftixarı olan Koroğlu qalası dəniz səviyyəsindən azı iki min metr hündürlükdə yerləşən qala şəhərdir. Öz dövrünə görə yaşayış üçün hər şəraiti olub. Gildən hazırlanmış borularla bura xeyli uzaqdan su çəkilib. Qala daxilində iki gözdən ibarət gizli su anbarı və külək dəyirmanının qalıqları indi də durur. Qalanın ətrafında da qoşa təndir qalıqları, yüzlərlə qoyun sığan mağara, habelə bir neçə qədim məbəd olub.Böyük Qaramurad kəndi yaxınlığındakı Zəngli qala da tarixi əhəmiyyəti olan bir yadigardır. Bu, qədim alban məbədidir. Əsrlərin qovğalarına dözərək bu günümüzə qədər gəlib çıxıb.

Gədəbəy rayonu axarlı-baxarlı olduğuna görə, burada illər, əsrlər boyu bir sıra körpülər tikilib. Bunların hamısı tağlı körpülərdir. Uzunluğu bir tağdan başlamış yeddi-səkkiz tağa qədər olan körpülər mövcuddur. Onların bir hissəsi, xüsusən, yeddi tağlı Qanlı körpü nadir memarlıq nümunəsidir. Həmin körpü düz xətt boyunca deyil, qövsvari salınıb. Təbii ki, bu, körpünün yerləşdiyi ərazinin relyefindən asılıdır. Onların əksəriyyəti indi də fəaliyyətdədir.
Daryurd kəndindəki ziyarətgah da Gədəbəyin ən məşhur yerlərindəndir. Gədəbəy və ətraf rayonların əhalisinin inanc yeri olan bu ziyarətgah həm də “Dül-dül” adıyla məşhurdur. Hündür qayalıqda yerləşən, üzərində nal izi olan iri yastı daş ritual obyektidir. Rəvayətə görə, bu, Həzrət Əlinin atı Dül-dülün ayaq izləridir. Bu daşın ətrafında qurbanvermə mərasimi keçirilir və bura gələn hər kəs özü üçün kiçik və iri daşlardan ev modelləri düzəldir. Ocaq yalından bir qədər aşağıda, təxminən 3 km qərbdə “Buzxana” deyilən ziyarətgah yerləşir. Iri mağaraların içərisinə damcılayan su iyul-avqust aylarında donur. Belə ki, yay aylarında mağaranın içərisində temperatur -15, qış aylarında isə +15-20 dərəcə olur. Yerli əhali bu mağaradakı buzdan şəfaverici dərman kimi istifadə edir.Gədəbəyə ən çox şöhrət gətirən qala, qalaça və körpülərlə yanaşı, onun saysız-hesabsız magaraları, kilsə və məbədləridir. Bunların hər birinin öz tarixi, öz taleyi var. Təəssüf ki, onlardan bir hissəsinin adları vaxtilə dövlətin mühafizə etdiyi abidələr siyahısına salınmayıb. 

Rayonda ərazisində məşhur “Qızılça” yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi-keçi, Sərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir