Şamo Arif: “Necə olur axı, kimin haqqında nəsə yazılıbsa, o, həbs olunub, amma Rəsul Rza sağ qalıb, ona toxunulmayıb”
Xalq yazıçısı Süleyman Rəhimovun oğlu, yazıçı Şamo Arif kulis.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar barədə kəskin ittihamlar səsləndirib.
Şamo Arif bildirib ki, Süleyman Rəhimovun Anarın atası Rəsul Rza ilə münasibətləri çox yaxşı olub. Lakin Rəsuz Rza dünyasını dəyişəndən sonra Anar Süleyman Rəhimova qarşı mənfi münasibət sərgiləyib. Şamo Arifin sözlərinə görə, atasının yazıçı Mehdi Hüseynin ölümündə günahlandırılması da Anarın işidir: “Onun ölümündə atamı günahlandıran yeganə şəxs Anardır. Keçən il Mehdi Hüseynin 100 illiyi ilə bağlı “Ədəbiyyat” qəzetində öz xatirə yazısında Anar vurğulayıb ki, Mehdi Hüseynin ürəyini partlatdılar. Halbuki Mehdi Hüseyn iclasa gedən zaman ağır xəstə idi. Hətta özü dəfələrlə Mərkəzi Komitəyə yazmışdı ki, məni bu vəzifədən azad edin. Ortada həkim diaqnozu var. Bu vəzifədə o yalnız təzyiq altında qalıb işləyib. Mehdi Hüseynlə məlum mübahisə zamanı Süleyman Rüstəm, Məmməd Rahim və atam olub. Anar təkidlə yazır ki, bu üç insana cəza verilməlidir.
Əslində məsələ necə olub: qurultaya nümayəndələr seçilərkən mübahisə düşüb. Süleyman Rüstəm, Məmməd Rahim və atam təklif ediblər ki, başqa adamları da bura daxil etsinlər. Onlar Mehdi Hüseynə “ancaq sənin yerlilərin olmasın” deyiblər və bunun üstündə mübahisə düşüb, sonra razılaşıb başqa məsələyə keçiblər. Elə bu ərəfədə Mehdi Hüseynin ürəyində tromb tıxanıb və o, dünyasını dəyişib”.
Nigar Rəfibəyli xüsusi şöbədə işləyib
Şamo Arifin sözlərinə görə, Anarın atasına qarşı aqressivliyinin kökündə AYB sədrinin Azərbaycan ədəbiyyatının yalnız valideynləri Rəsul Rza və Higar Rəfibəylidən ibarət olmasını isbat etmək dayanır: “Anar isbat etməyə çalışır ki, Azərbaycan ədəbiyyatında nə Səməd Vurğun var, nə Süleyman Rüstəm, nə də Süleyman Rəhimov. Ancaq və ancaq bir Rəsul Rza var, bir də Nigar Rəfibəyli. Budur onun əsl məqsədi”.
Süleyman Rəhimovun oğlu Ələviyyə Babayevanın “Rəngbərəng kölgələr” kitabında Anarın ailəsi barədə yazdığı faktlardan da danışıb: “Anar yazır ki, Rəsulun da, Nigarın da ailəsi dəfələrlə repressiyaya məruz qalıb. Ələviyyə Babayeva isə çox gözəl yazır ki, repressiya olunan ailəni Kitab Pasajının üstündəki evə niyə köçürürlər? Nigar xanımın atası Xudadat bəy Rəfibəylidir. Sovet höküməti gələn kimi onu güllələdi. AXC hökümətində səhiyyə naziri olan, güllələnən “xalq düşməni”nin qızı necə olur ki, 19 yaşında Stalinin otağının yanında xususi şöbədə işə götürülür, o şöbə ki, birbaşa Beriyaya tabe idi. Necə ola bilər?
Anar “Mübarizə bu gündə var”da yazır ki, anam deyirdi, SSRİ Ali Sovetində tərcüməçi kimi işə düzəlib işləyirmiş. Sonra isə özü həmin yazısında Mircəfər Bağırovun xüsusi şöbənin rəhbəri Postqrebişeviçə anasının işdən azad olunması ilə bağlı teleqramını göstərir. Mircəfər Bağırov Süleyman Rüstəmin Nigar Rəfibəyli haqqındakı məktubunu da teleqramın arasına qoyub Moskvaya göndərir və Nigarın orada işləməsini mümkünsüz hesab edir. Anarın bu sənədi dərc etməsi təsadüfi deyil. Anasının gizlətdiyi faktı açmaqla Anar arxasının Kremlə dayandığını isbatlamaq istəyir. Daha sonra Anar yazır ki, atamı o vaxtlar Azərbaycan DTK-sı qoruyub. Necə olur axı, kimin haqqında nə isə yazılıbsa, o, həbs olunub, amma Rəsul Rza sağ qalıb, ona toxunulmayıb?”
Anar Moskvanın şeytan barmağıdır
Şamo Arif daha sonra Anarı Moskvanın Azərbaycanda ara qarışdıran adamı kimi qələmə verib: “Azərbaycanı qarışdırmaq üçün Moskvanın şeytan barmağı həmişə burada olub. Həmin şeytan barmağının biri də Anardır. İndi də oynadırlar bu barmaqlarını. Mənim Anarla çox yaxşı münasibətlərim vardı. Hətta mən onu hər yerdə müdafiə edirdim. Amma sonradan onun atama qarşı nankorluğu başlayanda ona dedim ki, Anar sən mənə qarşı nə edirsən et, mən sənə cavab verməyəcəm, amma atama qarşı nankorluq etsən səni əzib keçəcəyəm. Hamıya sənin kim olduğunu açıb göstərəcəyəm.
Anarı ifşa etmək üçün əlavə nə isə yazmağa ehtiyac yoxdur. Onun yazdıqlarını qaldırıb baxın. Bütün yazılarında özü-özünü ifşa edib. Bir insan bu qədərmi vəzifə düşkünü olar?! O yenə də vəzifədə qalacaq. Atamın yaxşı bir hekayəsi var: “Ölüb-dirilən adam”. Vəzifədə olan bir adamı işdən çıxarırlar, o saat deyirlər, ölür. Deyirlər, ölürsə, gətirək vəzifəyə, vəzifəyə gələn kimisə dirilir. Yəni bu adamı vəzifə saxlayır. Allah Anara 100 il ömür versin, 100 il də o vəzifədə qalsın! Amma əgər Anar elə cəsarət sahibidirsə, qoy Süleyman Rüstəmin anası haqqında Mircəfər Bağırova yazdığı məktubu dərc etsin. O məktubda Nigar Rəfibəyli haqqında yazılıb ki, guya Azərbaycanda bütün ziyalıların həbs olunmasında onun anasının əli var”.



