İranda həbslər Əhmədinejada yaxınlaşır

İran prezidentinin daha bir yaxın adamı həbs olundu; onun özü isə açıq hədəf göstərildi

Iranda müxalifətin və Xamneyi tərəfdarlarının getdikcə artan təzyiqləri ilə üzləşən prezident Mahmud Əhmədinejada yaxın dövlət rəsmilərindən biri Məhəmməd Şərif Malikzadənin həbs xəbəri yayılıb. Əlavə edək ki, Malikzadə iyunun 21-də xarici işlər nazirinin müavini postundan istefa vermək məcburiyyətində qalmışdı.
Adını açıqlamayan dövlət rəsmisi “Fars” xəbər agentliyinə Malikzadənin iyunun 23-də səhər saatlarında ictimaiyyətə bilinməyən ittihamlar üzrə həbs olunduğunu söyləyib.
Malikzadə, onu din adamlarının təsirini azaltmağa çalışan “yolunu azmış cərəyan”ın üzvü olmaq və korrupsiyaya görə günahlandıran müxalifətdəki mühafizəkar millət vəkillərinin təzyiqi nəticəsində istefa vermişdi. Müxalif deputatlar xarici işlər naziri Əli Əkbər Salehini Malikzadəni vəzifəsindən uzaqlaşdırmayacağı təqdirdə barəsində istintaq başladılması ilə təhdid etmişdilər.
Ölkənin dini lideri Ayətullah Əli Xamneyi ilə münasibətlərinin gərginləşməsi səbəbindən ötən ay istefa verməkdən son anda imtina etdiyi bildirilən Mahmud Əhmədinejad uzun müddətdir ki, müxalifətdəki mühafizəkarların da təzyiqləri ilə üz-üzədir.
Bundan başqa, Iran parlamentinin deputatı Qüdrətulla Əlixani prezident Mahmud Əhmədinejadı “yolunu azmış cərəyan”a başçılıq etməkdə günahlandırıb. Iyunun 22-də parlamentdə çıxış edən Qüdrətulla Əlixani prezidentin ünvanına sərt ittihamlar səsləndirib: “Bəziləri indi-indi yolunu azmış cərəyanın fəaliyyətindən xəbərdar olsa da, mən hələ altıncı çağırışda formalaşan parlament dövründə bu cərəyanın yarandığından xəbər tutmuşdum”.
Deputat çıxışında Iran prezidentini açıq hədəf göstərərək onu ölkəni məhvə doğru aparmaqda günahlandırıb: “Siz ey, mühafizəkar cənablar! Sizlərdən bəziləriniz bu cərəyanın formalaşmasından xeyli vaxt keçməsinə baxmayaraq, indi-indi bu yolunu azmış cərəyandan xəbərdar olur, məsələnin mahiyyətinə yox, təkcə zahirə diqqət yetirirsiniz. Halbuki biz bundan əvvəl ölkə prezidenti Mahmud Əhmədinejadın şəxsən ölkə problemlərinin, eləcə də ”yolunu azmış cərəyanın” başında durması məsələsinə dəfələrlə toxunmuşuq”.

Informasiya şöbəsi