Şirkətin qanunsuz əməllərindən edilən şikayətlərə isə baxan yoxdur
Nəsimi rayonunda iki böyük şairin – Nizami və Puşkinin adını daşayan küçənin kəsişməsində 2003-cü ildən 19 mərtəbəli bina tikilir. Hələ də tamamlanmayan bu bina qonşuluqdakı (28 may küçəsi) yüzədək ailəyə ciddi problemlər yaşadır. “Uşaqlığın son gecəsi” filmində məşhur bir fraza var: “Sən, yaz ki, uşaqlar yıxılıb ölürlər”. Davudun şişirtməylə dediyi bu fikir, 28 may küçəsinin sakinlərinin misalında çox real görünür. Burda adam da ölüb, evlərin başına, insanların qarşısına daş da düşüb…
Əvvəlcə problemin başlanğıc nöqtəsindən danışaq.
Iki məşhur şairin adının kəsişdiyi yer 795 saylı məhəllədir. Bu məhəllədəki tikintini isə “Everton” şirkəti aparır. Şirkət rəhbərinin ərazidə yaydığı informasiya, yaxud dezinformasiyaya görə, “Everton”un hamisi “boz kardinal” Ramiz Mehdiyevdir.
“Everton” tikdiyi bina, bir az bədii formada desək, əjdaha kimi ağzını açıb qonşularını udmaq istəyir. Yeni bina ilə şikayətçilərin yaşadığı köhnələr arasında nə az-nə çox, metr yarım məafə var. Məsəfənin bu qədər darlığı da problemlərin çoxluğunu şərtləndirib.
Onların öhdəliyi…
Bakı şəhəri Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin icazə sənədinə əsasən “Everton” tikinti zamanı ətraf ərazidəki tikililərin və orada yaşayan sakinlərin təhlükəsizliyi məqsədi ilə texniki təhlükəsizlik qaydalarına tam şəkildə əməl olunmasını öhdəlik kimi üzərinə götürüb. Lakin bu öhdəliyə zərrə qədər də əməl edilməyib.
FHN görür və susur
Təhlükəsizlik qaydalarının pozulmasına görə sakinlər müxtəlif dövlət orqanlarına dəfələrlə müraciət ediblər. Bu müraciətlərə bir dəfə Fövqəladə Hallar Nazirliyindən gələrək reaksiya veriblər. Buna reaksiya vermək demək mümkünsə. Bu, o zaman olub ki, tikintidən beton eyvan uçaraq qonşulardan birinin damının üstünə düşüb. FHN-nin nümayəndələri gəliblər, şirkətlə “şirin-şirin” söhbətləşib, gediblər. “28 may”dakıların damlarına düşən təkcə beton eyvan olmayıb, onlar deyir ki, vaxtaşırı tikintidən ora beton parçalar, boru, taxta, dəmir parçaları “yağır”.
Göydən daş yağır
“Göydən yağan” tikinti qalıqlarının qarşısını almaq üçün binanın kənarlarında heç bir mühafizə torlarını sakinlər kimi biz də görmədik. Aydın məsələdir ki, belə vəziyyətdə Bakının dəli küləyi ixtiyari bir daş kəsəyi binadan qoparıb kiminsə kəlləsinə tullamağı bacarar.
Tikinti müddətində ağır tonnajlı kran yükləri yaşayış mənzillərinin üstündən hərləyərək yuxarı mərtəbələrə daşıyıb. “Bir dəfə bu mənzərənin şahidi olmaq kifayət edir ki, adamda qorxudan şəkər yaransın” – deyir Q. adlı sakin. Şikayətçilər evlərində, evlərinə gələn yollarda qorxu və həyəcansız hərəkətin mümkünsüzlüyünü də vurğulayırlar.
Onların tələbi
Mühafizə torlarının olmaması “28 may”dakıları tükənməyən toz-torpaqla da “təmin” edir. Yay aylarında burada yaşamaq, ümumiyyətlə, dözülməz olur, – “nə qapı-pəncərəni aça bilirik, nə də çöldə otura bilirik”, – deyir sakinlər.
Yaxın məsafədə aparılan tikinti qonşuların binalarını da qəza vəziyyətinə salıb. Bəzi mənzillər 5-7 sm-ə qədər çöküb, çoxunun divarında çatlar yaranıb. Insanlar narahatdır ki, günlərin birində “eviniz qəzalıdır” deyib, onları burdan qovsunlar. Bu səbəbdən onlar tələb edirlər ki, birincisi, mənzillərində təhlükəsiz yaşamaları üçün şirkət ciddi addımlar atsın, ikincisi, onların mənzillərinin dayanıqlığını pozduğuna görə, şirkətin məsuliyyəti müəyyən olunsun və buna görə cəzalandırılsın.
Natiq