“Dövlət başçısı və onun ailəsi ölkədə bütün hakimiyyətə sahibdir”

Əli Kərimli nüfuzlu rus agentliyinə müsahibə verdi: “Bugünkü müxalifət sabahın iqtidarıdır”

«Demokratiya uğrunda mübarizənin lideri Ictimai Palatadır»

 

AXCP sədri Əli Kərimli Rusiyanın “REGNUM” informasiya agentliyinə müsahibə verib. Müsahibəni “Azadlıq”ın oxucularına təqdim edirik:

“Korrupsiya dövlət aparatının əsas prinsiplərindən birinə çevrilib”

– Siz güclü müxalifət təşkilatı – Azərbaycan Xalq Cəbhəsi Partiyasının liderisiniz və nüfuzlu vətəndaş hərəkatı olan Ictima Palatanın rəhbərliyində təmsil olunursunuz. Azərbaycanın daxili siyasi vəziyyətini necə xarakterizə edərdiniz? Ictimai Palatanın növbəti mərhələdəki hədəfləri nədən ibarətdir?
– Son illər Azərbaycanda avtoritar rejim formalaşıb. Burada hakimiyyətin bölüşdürülməsi yalnız kağız üzərindədir. Ancaq reallıq bundan ibarətdir ki, siyasi hakimiyyət bir nəfərin əlində cəmlənib. Dövlət başçısı və onun ailəsi ölkədə bütün hakimiyyətə sahibdir. Parlament və məhkəmə sistemi müstəqil deyil. Keçirilən bütün seçkilər saxtalaşdırılır. Demokratiyanın imitasiyasına yol verilir. Ölkədə faktiki olaraq 6 ildir ki, dinc etiraz aksiyaları və mitinqlərin keçirilməsi qadağan edilib. Müxalifət partiyaları və qeyri-hökumət təşkilatları daim təzyiqlər altında saxlanılır. Korrupsiya dövlət aparatının əsas prinsiplərindən birinə çevrilib. Ölkə iqtisadiyyatı tam monopoliyadadır. Həm də iqtisadiyyat neft faktorundan asılıdır. Ixracın 90 faizi və büdcəyə daxil olan gəlirlərin 80 faizi neft və neft məhsullarının payına düşür. Məhz bu səbəblərdən də cəmiyyətdə ciddi narazılıqlar yaranıb. Xüsusən də korrupsiya, kütləvi qanunsuzluqlar, ciddi sosial təbəqələşmə və ədalətsizlik insanların hazırkı rejimə qarşı narazılığının əsas səbəbləridir.
Mövcud rejim hər şeyi nəzarətdə saxlamaq görüntüsü yaratsa da, müxalifətin keçirdiyi hər etiraz aksiyası hakimiyyəti ciddi qorxuya salır. Bu gün Azərbaycan gəncliyi əvvəlki illərə nisbətən daha əminliklə ictimai-siyasi səhnəyə can atır. Sosial şəbəkələr və müasir media texnologiyaları insanların hakimiyyətə qarşı narazılıqlarını ifadə etməsində mühüm rol oynayır. Cəmiyyətdə islahatların qaçılmaz olduğuna dair düşüncələr hər ötən gün daha da güclənir. Vətəndaşların əksəriyyəti tezliklə Azərbaycanda köklü dəyişikliklərin baş verəcəyinə əmindir. Belə olan halda, Azərbaycanda demokratik dəyişikliklərə çalışan Ictimai Palata ölkənin bütün təbəqələrini öz ətrafında birləşdirərək, daha çox tərəfdar toplayaraq, dinc etiraz aksiyaları keçirməklə islahatlar aparılması üçün hakimiyyətə qarşı təzyiqlərini artırmağı planlaşdırır.

“Sərbəst toplaşmaq azadlığının bərpası əsas tələblərimizdən biridir”

– Iki aylıq sükutdan sonra Ictimai Palatanın təşkilatçılığı ilə iyunun 19-da Bakıda səs-küylü etiraz aksiyası keçirildi. Aksiyanın əsas məqsədləri və tələbləri haqqında nə deyə bilərsiniz? 19 iyun aksiyasını baş tutmuş hesab edirsinizmi?  Ictimai Palata olaraq, hakimiyyətə qarşı mitinqlər vasitəsilə təzyiqləri davam etdirmək fikrindəsinizmi?
– Ictimai Palata etiraz aksiyalarına 2011-ci il aprelin 2-də keçirilən kütləvi mitinqlə start verdi. Iyunun 19-da isə biz sayca üçüncü etiraz aksiyamızı keçirdik. Bizim tələblərimiz dəyişməz olaraq qalır. Tələblərimiz ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiyaya qarşı real mübazirə aparılması, əmək haqları və sosial müavinətlərin artırılması, siyasi məhbusların azadlığa buraxılmasından ibarət idi. Hələ hakimiyyət bizə mitinqlərin keçirilməsinə razılıq vermədiyi üçün biz razılaşdırılmamış  aksiyalar keçiririk. Əvvəllər keçirdiyimiz aksiyalar zamanı 200-ə yaxın müxalifət tərəfdarı həbs olundu. Ancaq bu dəfə Ictimai Palata tərəfdarları fərqli taktikaya əl atdılar. Əvvəlcədən müəyyən olunmuş ərazidə yox, paytaxt Bakının müxtəlif yerlərində dinc aksiyalar keçirdi.
Təhlükəsizlik qüvvələri həmin aksiyaların bəzilərinin yeri və saatı barədə xəbərsiz idi, bu taktikaya hazır deyildilər. Buna görə də şəhərin müxtəlif yerlərində keçirilən aksiyalar uğurlu alındı. Şüar və tələblər səsləndirildi. Aksiya iştirakçılarından 70 nəfəri həbs olundu.
Təbii ki, mitinqlər davamlı olacaq. Sərbəst toplaşmaq azadlığının bərpası bizim əsas tələblərimizdən biridir. Mitinqlər bizim üçün yalnız hakimiyyətə qarşı təzyiqlərin artırılması üçün vasitə deyil. Həm də insanların əksəriyyətinin ictimai-siyasi proseslərdə iştirakına yönəlik vasitədir. Bizim fəaliyyətimiz yalnız mitinqlərlə məhdudlaşmır. Ictimai Palatanın müxtəlif komissiyaları tərəfindən hakimiyyətin fəaliyyətinin monitorinqi aparılır, hökumətin səhvləri ictimaiyyətin diqqətinə çatdırılır, müxtəlif sahələri əhatə edən konsepsiya və proqramlar hazırlayaraq cəmiyyətə təqdim edirik. Daha yaxşı təşkilatlanma, insanların diqqətini ölkədəki mövcud problemlərə yönəltmək və köklü dəyişikliklərə nail olmaq Ictimai Palatanın prioritetlərindəndir.

“Hakimiyyət cəmiyyətə cavab verməlidir”

– Ictimai Palata tərəfindən “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı sənəd hazırlanaraq cəmiyyətə təqdim olundu. Həmin sənəd nəyi ehtiva edir, nə dərəcədə reallığı əks etdirir? Ictimai Palata ölkədə demokratik islahatların keçirilməsi istiqamətində hakimiyyətlə dialoqa hazırdırmı?
– Ictimai Palatanın təqdim etdiyi “Avtoritarizmdən demokratiyaya yumşaq keçid üçün yol xəritəsi” adlı sənəd ilk növbədə onu göstərir ki, Azərbaycan müxalifəti ölkədə dəyişikliklərə hansı yollarla nail olmaq istəyir. Həmin sənəd ölkədə dəyişikliklərə inqilab yolu ilə deyil, daha dinc formada, islahatlar yolu ilə nail olmağın detallarını özündə əks etdirir.
Ikincisi, Ictimai Palatanın “Avtoritarizmdən demokratiyaya yumşaq keçid üçün yol xəritəsi” ölkədə dəyişikliklərin baş verməsini yalnız şüarlarla deyil, konkret, real tələb və təkliflərin cəmiyyətə çatdırılmasını özündə əks etdirir.
Üçüncüsü, təklif olunan “Avtoritarizmdən demokratiyaya yumşaq keçid üçün yol xəritəsi” Azərbaycan müxalifətinin ölkədə dinc dəyişikliklərin həyata keçirilməsi naminə hakimiyyətlə dialoqa hazır olduğunu göstərir. Həmin sənəddə göstərilənlərin reallaşdırılması hakimiyyətlə müxalifət arasında konsensus əldə olunmasından asılıdır.
Dördüncüsü, “Avtoritarizmdən demokratiyaya yumşaq keçid üçün yol xəritəsi” Ictimai Palatanın hakimiyyət-müxalifət müzakirələrinə təqdim etdiyi platformasıdır. Biz ölkəmizin perspektivini necə gördüyümüzə dair düşüncə və təkliflərimizi irəli sürdük. Indi isə söz hakimiyyətindir. Hakimiyyət cəmiyyətin və bizim aşağıdakı suallarımıza cavab verməlidir: Hakimiyyət demokratiyaya keçməyi düşünür, ya yox? Əgər istəyirsə, bu keçidin reallaşdırılmasını necə görür? Dəyişikliklərə hazırdırmı? Ümumiyyətlə, müxalifətlə dialoqa getmək istəyirmi?

“Azərbaycanın demokratikləşməsində qərarlıyıq”

– Bir müddət əvvəl Ictimai Palatanın rəhbərliyilə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçilərinin növbəti qapalı görüşü keçirildi. Azərbaycan hakimiyyəti bu hadisəyə sərt və əsəbi reaksiya verdi. Görüş barədə nə deyə bilərsiniz?
– Qərb ölkələrini təmsil edən diplomatların və beynəlxalq təşkilatların təmsilçilərinin Ictimai Palatanın rəhbərliyilə sistemli görüşünə Azərbaycan hakimiyyəti qəzəbli və hətta isterik reaksiya verdi. Ancaq mən hakimiyyətin əsəbi və isterik münasibət bildirməsi üçün əsaslar görmürəm. Azərbaycanın inteqrasiya olunmaq istədiyi azad dünyada yazılmamış qayda var. Bugünkü müxalifət sabahın iqtidarı, bugünkü iqtidar sabahkı müxalifətdir. Məhz buna görə də iqtidarla müzakirələrin aparılmasıyla yanaşı, müxalifətlə də dialoq diplomatların fəaliyyət prinsiplərinə daxildir. Biz Azərbaycanın demokratikləşməsində qərarlıyıq. Azad dünyadan yalnız mənəvi dəstək gözləyirik. Ölkədə demokratiyanın bərpası, onun inkişaf etdirilməsi yalnız azərbaycanlıların vəzifəsidir. Bu vəzifənin başqaları tərəfindən həyata keçirilməsi illüziyasından uzağıq. Hakimiyyət diplomatların Ictimai Palatanın rəhbərliyilə görüşdən yox, narazı xalqdan qorxmalıdır.

– Azərbaycanda ictimai-siyasi proseslərin yaxın perspektivlərini necə qiymətləndirirsiniz? Ictimai Palata qısa müddətdə mövcud hakimiyyətə qarşı real alternativ ola biləcəkmi?
– Bilirsiniz ki, Azərbaycan gələn il nüfuzlu “Eurovision” musiqi yarışmasının təşkilatçısı olacaq və festivala “ev sahibliyi” edəcək. Bu da onu göstərir ki, 2012-ci ilin mayına qədər Azərbaycan və burada baş verənlər dünyanın diqqət mərkəzində olacaq. Avropanın nüfuzlu yarışmasında qalib gəlmiş ölkə sivil, müasir və digər sahələr üzrə inkişaf etmiş ölkə olmalıdır. Demək istəyirəm ki, “Eurovision-2012” Azərbaycanın demokratikləşməsi istiqamətində əlavə təkan olacaq. Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin demokratiya və insan haqlarına dair götürdüyü öhdəliklərin yerinə yetirilməsində, bu istiqamət üzrə aparılmalı olan islahatların reallaşmasında daha çox maraqlıdır. Təbii ki, bütün bunlar yardımçı faktorlardır. Əsas olan xalqın demokratiyaya qovuşmaq istəyidir.
Mən əminəm ki, Azərbaycanda demokratik dəyişikliklər artıq qaçılmazdır. Hətta hakimiyyət sərt repressiyalarla belə, dəyişikliklərə olan istəyi və tələbi susdura bilməyəcək. Hər gün bizim sıralarımıza yeni insanlar qoşulur. Gənclər sosial şəbəkələr vasitəsilə təşkilatlanaraq fəal gücə çevrilirlər. Biz öz mövqeyimizi cəmiyyətin daha geniş kəsiminə çatdıra bilirik. Insanlar hər gün hakimiyyətin korrupsiyalaşmasına və kriminallaşmasına dair yeni məlumatlar əldə edir. Onlar dəyişiklik tərəfdarı olan qüvvələrə qoşulurlar.
Ictimai Palata vətəndaş hərəkatıdır. Bu hərəkat ölkədə demokratik, köklü dəyişikliklər və islahatlar uğrunda mübarizə aparan insanları özündə birləşdirir. Ictimai Palataya yalnız partiya üzvləri deyil, vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri, müstəqil ziyalılar, gənc fəallar, yazarlar, siyasi xadimlər, blogerlər, bir sözlə, demokratik dəyişikliklərin tərəfdarı olan hər kəs qoşulub. Hazırda Azərbaycanda demokratik dəyişikliklər uğrunda mübarizənin lideri qeyd-şərtsiz Ictimai Palatadır.