Polis əməkdaşları qadını zorlayıb

Nizami polisinin 3 serjantı zorlama əməlinə görə, həbs edilib (YENİLƏNİB)

Ehsan Zahidov: «Bir xanım 23-cü polis bölməsinə müraciət edərək bildirib ki, 3 nəfər polis geyimində olan şəxs onu zorla maşına əyləşdirərək intim əlaqədə olmağa məcbur ediblər»

 

Nizami Rayon Polis Idarəsinin 3 əməkdaşı bir qadını zorlayıb. Hadisə iyunun 22-də baş verib. “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, zorlanan qadın əslən Ağıstafa rayonundandır. Hazırda Keşlə qəsəbəsində yaşayır. O, iyunun 22-də yaxın tanışı ilə Nizami rayonu ərazisində yerləşən parklardan birində gəzişirmiş. Nizami Rayon Polis Idarəsinin Post Patrul Xidmətinin əməkdaşları – 3 serjant və kapitan onları saxlayıb. Bir qədər sonra qadının tanışı sərbəst buraxılıb. Qadının özü polislərin təcavüzünə məruz qalıb.

Hadisədən sonra qadın Daxili Işlər Nazirliyinə müraciət edib. DIN rəhbərliyi məsələdən xəbər tutan kimi dərhal baş verənləri araşdırıb. Və hadisədə adı keçən 3 polis serjantı məsuliyyətə cəlb olunub. Məlumatlara görə, dünən Nizami rayon Məhkəməsində polis serjantları barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hadisə yerində olan kapitan rütbəli polis əməkdaşı barədə hər hansı tədbir görülməyib.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov isə bizimlə söhbətində bildirib ki, buna oxşar hadisə baş verib: “Lakin məsələ siz dediyiniz kimi deyil. Iyun ayının 22-də gecə saatlarında bir xanım 23-cü polis bölməsinə müraciət edib. O, bildirib ki, 3 nəfər polis geyimində olan şəxs onu zorla maşına əyləşdirərək intim əlaqədə olmağa məcbur ediblər. Hazırda bu işlə əlaqədar araşdırma aparılır. Həmin şəxslərin polis geyimində olması hələ o demək deyil ki, onlar polis əməkdaşı olublar. Eyni zamanda həmin xanımın doğru deyib-demədiyi bəlli deyil. Hər halda araşdırmaların nəticəsini gözləmək lazımdır”.

***

Nizami rayon Prokurorluğu isə iyunun 24-də hadisə barədə məlumat yayıb. Məlumata görə (lent.az), iyunun 23-də, 1978-ci ildə Ağstafa rayonunda anadan olmuş Ş.S 23-cü Polis Bölməsinə müraciət edib.

Qadın müraciətində bildirib ki, iyunun 22-si saat 01 radələrində müvəqqəti yaşadığı Qafqaz küçəsi 49 ünvanındakı mənzilə gedərkən tanımadığı polis nəfərləri ona yaxınlaşıb. Həmin şəxslər Ş.S-ni “FİAT” markalı post patrul maşınına salaraq, xəlvət yerə aparıblar. Burada isə hər üç polis nəfəri gecə saatlarında bacısının baldızının evinə yalqız gedən qadını zorlayaraq buraxıb.

Sonrakı araşdırmalar zamanı məlum olub ki. hadisə baş verən vaxt polis nəfərləri xidməti paltarda olub, onların adları da müəyyənləşdirilib. Məlumata görə, həmin şəxslər Post Patrul Xidmətinin əməkdaşları B.E, S.T və M.İ-dir.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

İnformasiya şöbəsi