Rauf Tağıyevə Prezident Administrasiyası da «bata bilmir»
Spikerin məmur qohumu Rauf Tağıyevin əmək fəaliyyətinin qaranlıq tərəfləri «Azadlıq»da
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov spiker Oqtay Əsədova xoş gəlmək üçün ciddi qanunsuzluqlara yol verir və ya bu qəbildən olan əməllərə göz yumur. Bu haqda “Azadlıq”a ilginc məlumatlar daxil olub.
Məlumatda bildirilir ki, mayın 26-da vəzifə səlahiyyətlərinin bitməsinə baxmayaraq, nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Rauf Tağıyev hələ də iş başındadır.
Rauf Tağıyev spiker Oqtay Əsədovun yaxın qohumudur. Təkcə bu genetik əlaqə onun dövlət postu tutmasına və bu gün minlərlə insanın hüququnu tapdalamağa imkan yarada bilib.
Mənbənin sözlərinə görə, DƏM rəisi vəzifəsinə təyinat bir qayda olaraq Prezident Administrasiyasında razılaşdırıldıqdan sonra, nazirin formal əmrilə reallaşdırılır. Rauf Tağıyevin rəis təyin olunmasıyla bağlı sənədlər iki dəfə Administrasiyadan geri qaytarılıb. Buna baxmayaraq, nazir Ələkbərov PA-dakıların mövqeyinə əhəmiyyət verməyib və daxili əmrlə spikerin qohumunu rəis əvəzi təyin edib. Yəni, mayın 26-dək Rauf Tağıyevin statusu rəis əvəzi olsa da, hazırda onun hansı statusla işlədiyini bilən yoxdur.
Nazirin xüsusi “qayğısı” ilə əhatə olunan baş əmək müfəttişinin fəaliyyəti haqda maraq doğuran başqa məlumatlar da var. Məsələn, bildirilir ki, “korrupsiyaya qarşı mübarizə” şousu Tağıyevin faydalı iş əmsalını xeyli yüksəldib: “Qanunvericiliyə əsasən, müəssisələrdə yoxlamalar Dövlət Əmək Müfəttişliyinin rəisi və regional şöbə rəislərinin təklifilə keçirilməlidir. Lakin antikorrupsiya tədbirləri Rauf Tağıyevə ”əl-qol açmağa” imkan verdi. O, idarənin nəzdində 4 qrup yaradıb. Həmin qruplara Hikmət Əliyev, Xosrov Əbdürrəhmanov, Tahir Musayev və Ilqar Məmmədov başçılıq edir. Indi bütün yoxlamalar bu adamların əli ilə aparılır ki, bu da qanunlara ziddir. Bu insanlar bölgə rəislərindən fərqli olaraq, dövlət qulluğuna qəbul imtahanlarından keçməyən “xüsusi qabiliyyətli” adamlardır. Tağıyevin bölgə rəislərinə etimadı yoxdur, ona belələrilə fəaliyyət göstərmək daha sərfəli və rahatdır”.
Yeri gəlmişkən, bu adamların müfəttişliyə gətirilməsində ciddi korrupsiya elementlərinin olması da “Azadlıq”a daxil olan məlumatda yer alıb. Hətta regiondan və vəzifədən asılı olaraq, təyinat prosesində 4 mindan başlayaraq 70 min manata qədər pulun rol oynadığı da verilən xəbərlər sırasındadır.
Hikmət Əliyevin rəisin “sağ əli” olduğunu vurğulayan mənbə bildirir ki, Əmək Müfəttişliyinin hər ay 1 milyon manat cərimə toplamasına o cavabdehdir: “Müfəttişlərə göstəriş verilib ki, aşkar etdikləri qanun pozuntuları üzrə 500 manatdan 30ÿ min manatadək cərimə yazsınlar. Bundan başqa, Əmək Müfəttişliyinin regional bölmələrinə tapşırılıb ki, obyektində pozuntu aşkarlanan sahibkarlara problemin Bakıda çözüləcəyi haqda qeyri-rəsmi xəbərdarlıq edilsin. Bu, yerlərdəki müfəttişlər üzərində nəzarəti gücləndirmək, eyni zamanda qanundan kənar gəlirləri mərkəzləşdirmək üçün atılan addımdır”.
Natiq



