Ilham Əliyevin bir Avropa tədbirində tərs asılmış bayrağımız önündə çəkilmiş fotosu aləmə səs salıb. Mən də başqaları kimi “biabırçılıqdır” deməyə hazırlaşırdım, amma ölkəmizdəki işlərin nə cür tərsinə getməsini yada salıb susdum. Təki biabırçılıq elə bundan ibarət olaydı. Düzəldərdik bayrağı, dərd də qalmazdı. Onsuz da o bayraq fəth etdiyi könüllərdə düz dayanıb. Onu dünyanın ən uca dirəyindən də assan, tərsinə də assan mahiyyət dəyişmir, məsələ texnikidirsə…
Hakimiyyəti qəsb etmiş bir adam ölkəni Avropada təmsil edir, bayrağımız önündə şəkil çəkdirir. Bunun yanında bayrağın təsadüfən tərs asılması nədir ki?! Azərbaycanda işlər tərs gedir indi. Müstəqilliyimiz gözlənilən uğurları gətirmədi, bir qrup adam ölkəyə yağı kimi qənim kəsilib. Inkişafa, köklü dəyişikliyə qoyulmalı neft pulları dağıdılır, talan edilir. Bu ölkənin adamlarına tərs baxırlar, xaricilər onlardan urvatlı tutulur…
Azərbaycan tam tərsinə gedir, bunu heç kim inkar edə bilməz. Haqqında danışdığımız fotoda Avropa Birliyinin bayrağı ilə Azərbaycan bayrağının bir-birinə əks dayanması simvolik olaraq yerinə düşür. Sanki bu o deməkdir ki, biz Avropanın tərsinə gedirik.
***
AzadliqRadiosunda mitinqlərlə bağlı Pənah Hüseyn, Ilqar Məmmədov və Sərdar Cəlaloğlunun qatıldığı bir polemikanı dinlədim. Ümumən son dövrdəki mitinqlərin effektinə həsr edilmiş bu polemikaya qarışmıram, zatən qarışılası bir şey də yoxdur. Bəri başdan bəllidir ki, mitinq eləməyənlər mitinq edənlərin işini bəyənməyəcək.
Həmin polemikada şüarlarla bağlı söhbət düşdü. Guya “Istefa” şüarları səsləndirmək doğru deyil, xalqı işsizlik, sosial çətinliklər maraqlandırdığı üçün aksiyalarda da məhz bu yöndə şüarlar səsləndirilməlidir. Gəlin, unutmayaq ki, “Istefa” elə işsizlərin, sosial çətinliklərlə üzləşənlərin şüarıdır. Mümkündür ki, kimsə yumşaq şüarlarla ortaya çıxmağı daha effektli sayır. Amma demək olmaz ki, “istefa” şüarı yersizdir və o, deyilən problemləri əhatə etmir. Bu şüarın içində hamısı var… Iş vermirsən – istefa et! Bahaçılıq bizi məhv edir – istefaya get! Səhiyyəmiz düzəlmir – istefa!
***
Ictimai polemikalarda tez-tez doğru yoldan, düzgün strategiyadan söhbət açılır. Bunlar əhəmiyyətsiz məsələlər deyil, amma Azərbaycanda demokratik mübarizənin problemləri təkcə bundan ibarət də deyil. Elə çətinliklər var ki, doğru yolu da doğrultmağa qoymur. Məsələn, mübarizə aparan adamların az olması… Narazı insanların böyük kəsiminin hələ də qorxub susması… Demokratik cinahda olanlar arasında xoş olmayan münasibətlər… Neft… Rusiyanın barmağı… Təhsilin aşağı səviyyədə olması…
***
Bizdə ölkəni düzünə aparmaq istəyən prezident də vardı. Yerli və xarici şəbəkə birləşib onun hakimiyyətini devirdi. Rusiyanın silahlı əli və Türkiyənin hiyləgər Dəmirəli birləşib onu çətin, məğlub, aldanmış bir duruma saldılar. Əslində, bununla Azərbaycanı çətin duruma saldılar…Onun ikinci revanşını isə müəmmalı ölüm pozdu…
Lakin onun ölümü də düzlüyün təntənəsi oldu. Bir jek” müdiri vəfat edəndə evindən milyonlarla pul çıxır. Ölümündən sonra Elçibəyin borcu olduğu bilindi. Ölkənin prezidenti olmuş adamın borcu vardı. Bu hadisə bizdə özümüzə inam yaratdı. Inandıq ki, hamımız oğru deyilik, heç də hamı hakimiyyətə gələndə ölkəni talamır.
Elçibəyin ömrü Azərbaycan üçün yaşamağın bir hekayəsidir. Onu qınayanlar da, ondan çox şey umanlar da, onun hansısa addımını səhv sayanlar da bilir ki, Əbülfəz bəy nə etdisə, Azərbaycan üçün etdi, özü üçün, ailəsi üçün, qohumları üçün etmədi!