“Məni siyasi fəaliyyətimə görə tutublar”

Şahin Həsənli: «Gözlərimi açanda başımın üstündə 4 polis gördüm, heç ayaqqabılarımı da geyinməyə imkan vermədilər»

Polis şahidlər məhkəmədə niyə and içmək istəmədi?

 

Cinayət Məsəlləsinin 228.1-ci (qanunsuz, qadağan olunmuş silah, döyüş sursatı gəzdirmə) maddəsilə ittiham olunaraq həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin işi üzrə dünən Şəmkir Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirildi.
Hakim Qalib Paşayevin sədrlik etdiyi iclasda Şahin Həsənlinin hüquqlarını vəkil Mənsum Bayramov müdafiə edirdi. AXCP funksionerinə dəstək nümayiş etdirmək üçün ətraf rayonlardan – Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Gəncədən də məhkəməyə cəbhəçilər gəlmişdilər. Bakıdan AXCP Rəyasət Heyətinin üzvü Iradə Əliyeva və “ReAL” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Zöhrab Ismayıl da məhkəməni izləməyə gələnlər sırasında idi. Məhkəmənin iclas zalı kiçik olduğundan, bu dəfə də prosesə gələnlərin çoxu çöldə gözləmək məcburiyyətində qaldı.
Məhkəmə iclası başlayan kimi vəkil Mənsum Bayramov vəsatətlə çıxış etdi. O, Şahin Həsənliyə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutların təsdiqini tapmadığını bildirərək, onların sübutlar siyahısından çıxarılmasını istədi. Vəkil bildirdi ki, şahidlərin üzləşmə zamanı verdikləri ifadələr də əsassız olduğundan onlar da sübutlar siyahısından çıxarılmalıdır.
Lakin hakim vəsatəti təmin etmədi.
Daha sonra iş üzrə iki polis əməkdaşı ifadə verdi. Onlardan biri Şəmkir Rayon Polis Idarəsinin cinayət-axtarış şöbəsinin rəisi Müqalib Abdıyev, o biri isə Kəpəz Rayon Polis Idarəsinin baş əməliyyat müvəkkili Emil Qurbanov idi.
Polis şahidlər bildirdilər ki, əməliyyat məlumatı əsasında Ş.Həsənlinin yerini müəyyənləşdirərək saxlayıblar, onu polis idarəsinə gətirib üstündə axtarış aparıblar, bu zaman cibindən 5 ədəd 9 mm. kalibrli güllə tapıblar.
Polislərin sözlərinə görə, onlar evə daxil olanda Şahin Həsənli kompüter arxasında işləyirmiş, ona qarşı heç bir zorakılıq edilmədən şöbəyə dəvət ediblər.
Ş.Həsənli isə polislərin söylədiklərinin yalan olduğunu bəyan etdi. O, hakimdən xahiş etdi ki, şahidlər doğru danışdıqlarına əminlik yaratmaq üçün “Quran”a and içsinlər. Şahidlər onun bu istəyinə qarşı çıxdı, heç hakim də razılaşmadı.
Ş.Həsənli güllələrin ona heç bir aidiyyəti olmadığını bildirdi. Baş verənləri öz siyasi fəaliyyətilə əlaqələndirən Ş.Həsənli güllə məsələsini şər-böhtan, həbsini isə “siyasi sifarişin nəticəsi” adlandırdı.
Polislərin dediklərindən fərqli olaraq, Şahin Həsənli bildirdi ki, onu yatdığı yerdə tutublar: “Gözlərimi açanda başımın üstündə 4 polis gördüm. Onlar heç ayaqqabılarımı da geyinməyə imkan vermədilər. Qollarıma qandal vurub idarəyə gətirdilər”.
Vəkilin qandalla bağlı suallarını polis şahidlər inkar etdilər. Onlar ümumiyyətlə, qandaldan istifadə olunmadığını bildirdilər.
Yeri gəlmişkən, məhkəmə prosesində müdafiə tərəfin şahidlərə verdiyi sualları tez-tez hakim nədənsə, məhdudlaşdırırdı. “Bu sualın işin mahiyyətinə dəxli yoxdur”, “bu, yönləndirici sualdır” kimi əsaslandırmalarla hakim tez-tez şahidə ünvanlanan sualların qarşısını alırdı.
Bu iş üzrə məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.
Xatırladaq ki, AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli martın 31-də həbs edilib. Onun həbsinin Ictimai Palatanın 2 aprel mitinqilə əlaqəli olması əksəriyyətdə şühbə doğurmur.

S.Novruz