Qanunun aliliyinə və vəzifə borcuna əməl etməyə çağırış!
Qanunu pozan polislər niyə məsuliyyətə cəlb olunmur?
Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus AÇIQ MƏKTUBla daxili işlər naziri Ramil Usubova müraciət edib:
Cənab nazir!
Bu ilin yanvarından iyununa qədər – ötən altı ay ərzində Sizə Bakı şəhəri, Nəsimi rayonunun polis əməkdaşlarının yol verdikləri konkret qanun pozuntularıyla əlaqədar 8 (!) məktub, ərizə və müraciət ünvanlanıb. Onların heç birinə konkret, peşəkar cavab verilməyib. Polislərin yol verdikləri və bizim məktublarda qeyd etdiyimiz cinayət xarakterli faktların heç biri üzrə araşdırma aparılmayıb! Polis formasında qanunu və asayişi pozanların biri də məsuliyyətə cəlb olunmayıb!!!
***
Sizə konkret faktları xatırlatmağa cəsarət edirəm.
Bu ilin 22 və 31 yanvarında, 14 fevralında Sizə ünvanlanan müraciətdə aşağıdakılar öz əksini tapmışdı:
“Zorla vətəndaşların mənzilinə soxulan, güclə onları polis bölmələrinə aparıb orada saxlayan Nəsimi rayon polislərinin (Nəsimi Rayon Polis Idarəsinin rəisi Məmməd Mikayılov) hərəkətləri Cinayət Məcəlləsinin 145.2.5 (qanunsuz azadlıqdan məhrumetmə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə – 3 ildən 5 ilə qədər həbs cəzası), 145.3 (qanunsuz azadlıqdan məhrumetmə zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 5 ildən 10 ilədək həbs cəzası), 157.3 (vəzifəli şəxs tərəfindən mənzil toxunulmazlığının pozulması – 3 ilədək həbs cəzası) maddələri üzrə məsuliyyət yaradır (14 fevral tarixli məktubdan sitat).
Buna cavab olaraq, biz aşağıdakı məktubu aldıq:
“8 fevral 2011. N 121711 AR DIN Ictimai Təhlükəsizlik Baş Idarəsinin rəis müavini Əli Ibrahimov
Hörmətli, Leyla xanım!
Sizin Daxili Işlər Nazirliyinə ünvanlanmış müraciətiniz araşdırılması üçün Nəsimi Rayon Polis Idarəsinə göndərilib”.
Yəni, məktub qanunu pozanların özlərinə göndərilib…
“18 mart 2011. N9//sT/-384;Ü-1
Bakı şəhər Baş Polis Idarəsinin Ictimai Təhlükəsizlik Idarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı:
Hörmətli, Leyla xanım
“Insanların polis əməkdaşlarının müşayiətilə zorla evlərindən çıxarılması…” barədə ərizəniz müvafiq araşdırmalar aparılması üçün Nəsimi Rayon Polis Idarəsinə göndərilib. Araşdırmanın nəticələri barədə Sizə məlumat veriləcək”.
***
Qanunu pozanların özlərinin cinayətkar əməllərini necə araşdırmaları barədə isə biz növbəti məktublarda məlumatlandırılmışıq:
“1 mart 2011. N 9/13-21-576/Y-3
Nəsimi Rayon Polis Idarəsi 21-ci polis bölməsinin rəisi Ələddin Səfərov:
DIN-ə ünvanladığınız, Bakı şəhər Icra Hakimiyyətinin sərəncamı ilə Sizə və digər vətəndaşlara məxsus evlərin sökülmək təhlükəsi altında olduğuna dair ərizəniz Bakı şəhər Icra Hakimiyyətinə göndərilib”.
Halbuki, məktubun mahiyyəti saxtalaşdırılıb. Biz həmin məktubda polisin qanunsuz hərəkətlərinə dair konkret faktları göstərmişdik.
***
“2 aprel 2011. N 9/13.21-870
Nəsimi Rayon Polis Idarəsi 21-ci polis bölməsinin rəisi Ələddin Səfərov:
Müxtəlif instansiyalara ünvanladığınız ərizələriniz 21-ci polis bölməsində araşdırıldı. Müəyyən edildi ki, Sizin müraciətinizdə cinayət motivi yoxdur və orada göstərilənlər mülki xarakterlidir. Ərizənizdə göstərdiyiniz məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”.
***
“21 aprel 2011. N 9/1321 1047/Y-5
Nəsimi Rayon Polis Idarəsi 21-ci polis bölməsinin rəisi Ələddin Səfərov:
Nəsimi rayonu, 21-ci polis bölməsi müxtəlif instansiyalara təkrar göndərdiyiniz müraciətləri araşdırdı. Sizin ərizədə göstərdiyiniz mülki xarakter daşıdığından bu işə baxılması üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”.
Yuxarıda qeyd etdiyim kimi, CM-nin 145.2.5, 145.3, 157.3-cü maddələrində nəzərdə tutulmuş cinayət xarakterli əməlləri törətmiş polis əməkdaşlarının çalışdığı bölmənin rəisindən heç başqa cavab da gözləmirdim…
***
Bəs Siz necə, cənab nazir?
Axı Sizə ünvanlanmış müraciəti məhz Siz araşdırılması üçün tabeliyinizdə olan, amma cinayət xarakterli hərəkətlərə yol vermiş və yol verməkdə də davam edən şəxslərə göndərdiniz!!!
***
Iyunun 13-də başda baş leytenant Şahbazov Ismayıl (vəsiqə nömrəsi 30140) olmaqla, Nəsimi rayonu, 21-ci polis bölməsi əməkdaşlarının etdikləri açıq-aşkar “Polis haqqında” Qanunun pozuntusu idi.
Mənim evimin kandarında (Şəmsi Bədəlbəyli 38) mənə qarşı polislərin törətdiyi hərəkətlər birmənalı şəkildə CM-nin 309.2 (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsilə törədildikdə – əmlakı müsadirə olunmaqla 3 ildən 7 ilə qədər həbs cəzası) və 322.2-ci (özbaşınalıq, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsilə törədildikdə – 2 ilə qədər həbs cəzası) maddələrinin təsiri altına düşür.
Maraqlıdır ki, baş leytenant I.Şahbazov öz hərəkətlərinin qanunazidd olduğunu çox gözəl başa düşürdü və bu səbəbdən də Norveç səfirliyinin nümayəndəsi hadisə yerinə gələn kimi polislər cəld gizləndilər. Hadisə yerinə Britaniya səfirliyinin, ATƏT-in Bakı ofisinin nümayəndələri gələndən sonra 21-ci polis bölməsinə çoxsaylı müraciətlərimə baxmayaraq, polislərdən heç kim gəlib cavab vermək istəmədi ki, qanunu niyə pozurlar…
Elə həmin gün mən Sizə müraciət ünvanladım. Müraciətdə konkret şəxsin – baş leytenant I.Şahbazovun qanunazidd hərəkətləri dəqiq göstərilmişdi. Həmin müraciətlə Sizi qanunun aliliyi və ədaləti bərpa etməyə – tabeliyinizdə olan və qanunlara, hüquqa hörmətsizlik edən 21-ci polis bölməsinin əməkdaşlarını cəzalandırmağa çağırmışdım.
Sizə ünvanladığım sözügedən müraciətdə 13 iyun, saat 15.30 radələrində evimin qarşısında mənə hücum edən cinayətkarın tapılmasını xahiş etmişdim! Müraciətimdə də dəqiq göstərmişdim ki, mülki geyimli cinayətkar “Mersedes” markalı, boz rəngli, dövlət-nömrə nişanı 90-NS-366 olan maşında idi…
Hətta maşınının nömrəsini də dəqiq göstərdiyim cinayətkarın şəxsiyyətinin ötən 10 gün (!) ərzində müəyyənləşdirilməməsi faktdır və bu səbəbdən qanuna uyğun olaraq həmin şəxsə qarşı məhkəməyə müraciət edə bilmirəm. Bütün bunlar isə daxili işlər orqanlarında növbəti mütəşəkkil cinayətkar dəstənin mövcudluğundan xəbər verir (Hacı Məmmədovun məhkəməsi yaddaşlardan silinməyib…)
***
Cənab nazir, bir daha Sizin diqqətinizə çatdırıram:
Füzuli və Şəmsi Bədəlbəyli küçələrindəki evlər dövlət strukturları tərəfindən deyil, fiziki şəxslər tərəfindən alınır.
Konkret olaraq, mənzillərin alqı-satqısına dair müqavilələr Rufan Kazımov və Zülfəli Ismayılov adlı vətəndaşlarla aparılır.
Hansı əsasla polislər vətəndaşların evlərinə soxulur? Kazımov və Ismayılovun göstərişilə?..
Polis əməkdaşlarını cinayətə sövq edən səbəb nədir? Onlar şəxsi maraqları üzündən, yoxsa korrupsiya məqsədilə bu yola əl atırlar?
Rufan Kazımov və Zülfəli Ismayılovun həmişəlik məsuliyyətdən kənarda qalacağını düşünmək sadəlövhlük olardı. Bakı şəhər Icra Hakimiyyəti başçısının müavini Eldəniz Lahıcovun taleyini yada salmaq kifayətdir…
Daxili işlər orqanlarından kim əyləşəcək onlarla yanaşı həmin vaxt?
Cənab Usubov, Sizin sağlam məntiqinizə və peşə əxlaqınıza hələ də ümid edirəm!
P.S. Polis əməkdaşları tərəfindən yol verilən qanun pozuntularıyla əlaqədar hazırda “Human Rights Watch”, “Freedom House”, “Front Line” və s. beynəlxalq təşkilatlar, eləcə də BMT-nin xüsusi nümayəndəsi araşdırmalar aparır. Artıq “Human Rights Watch” prezident Ilham Əliyevə ilkin hesabatı göndərib və sənəd geniş yayılıb. Bu hesabata reaksiya kimi, günahkarların cəzalandırılması (“günah keçiləri”) çətin olmayacaq. Çünki onların adlarını mən Sizə göndərmişəm.