Kirkorov Azərbaycanda kimlərə acıq verdi?

Müğənni: «Çoxları mənim Bakıya gəlməyimə mane olsalar da, buna çata bilmədilər»

Rusiyanın xalq artisti Filip Kirkorov Azərbaycanda solo-konsert verəcək. Bu barədə APA-ya müğənninin mətbuat xidmətinin rəhbəri Gennadiy Rıbak deyib.
O bildirib ki, rusiyalı müğənni bu ilin oktyabr ayında Bakı səhnəsində pərəstişkarları qarşısında çıxış edəcək.  Rıbak konsertlə bağlı danışıqların baş tutduğunu və müvafiq razılığa gəlindiyini, ancaq konsertin dəqiq gününün hələ təyin olunmadığını qeyd edib.
Qeyd edək ki, Filip Kirkorov Azərbaycan səhnəsində ilk dəfə bu ilin mart ayında Heydər Əliyev Sarayında bəstəkar Iqor Krutoyun yaradıcılıq gecəsində çıxış edib. Sənətçi həmin konsertdə Azərbaycanda solo-konsert vermək arzusunda olduğunu dəfələrlə qeyd edib:”Hamı mənim Azərbaycanı nə qədər sevdiyimi bilir. Ancaq çoxları mənim bura gəlməyimə mane olsalar da, buna çata bilmədilər. Hazırda elə bil yuxudayam və bu yuxudan oyanmaq istəmirəm. Bu gün sizinlə Iqor Krutoyun gecəsində görüşürük. Ancaq çox arzu edirəm ki, sizin qarşınızda öz solo-konsertimlə, xüsusi bir proqramla çıxış edim”.