“Azərbaycan ziyalılarının çoxunu «sındırıblar»

Tanınmış ictimai xadimlər Rüstəm Ibrahimbəyovun fikirlərinə haqq qazandırdılar

Rüstəm Ibrahimbəyovun son açıqlaması Azərbaycanda ziyalı mövzusunu, bu zümrəni təmsil edən insanların sözünün eşidilməməsi problemini bir daha gündəmə gətirdi. Tanınmış dramaturq və kinossenarist həmin açıqlamada bundan sonra yerli mətbuata müsahibə verməyəcəyini bildirmişdi. R.Ibrahimbəyov indiyə qədər saysız-hesabsız problemlərə toxunduğunu, hətta prezidentə müraciət etdiyini, lakin heç bir reaksiya görmədiyini demiş, bu səbəbdən mətbuata çıxmağın mənasız olduğunu demişdi. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən tanınmış ziyalı Əkrəm Əylisli R.Ibrahimbəyovla həmrəy olduğunu, ölkədə ziyalıya, dəyərlərə münasibətdə ucuzlaşma prosesi getdiyini bildirmişdi. Onun fikrincə, hakimiyyət ziyalıları yalnız siyasi sədaqətinə görə seçir ki, bu da kökündən yanlış siyasətdir. Ə.Əylisli ziyalılara olan münasibətin onu da dərindən sarsıtdığını bildirmişdi. Əkrəm Əylislidən sonra başqa ziyalılar da diskussiyaya qoşulub.

“Əyilməyən, medal, təqaüd dalınca qaçmayan beş-on ziyalı qalıb”

“Dəyərlər.org”a açıqlama verən tanınmış alim, ziyalı Rafiq Əliyev hesab edir ki, Azərbaycan ziyalılarının çoxunu “sındırıblar”. Sözünü deyə bilən beş-altı nəfər qalıb ki, onların da səsini eşitmirlər: “Əkrəm Əylisli və Rüstəm Ibrahimbəyovun fikirlərini oxudum. Rüstəm müəllim deyib ki, mən bir də yerli mətbuata müsahibə verməyəcəyəm. Əgər mənim səsim heç bir yerdə eşidilmirsə, o zaman bu müsahibələrin nə mənası var? Tamamilə doğru deyir. Rüstəm Ibrahimbəyov Azərbaycanın elit ziyalılarının başında duran, özünə ziyalılıq səlahiyyəti qazanmış adamdır. Onun ünvanladığı sözlər məmurlaradır. Onların düşüncə səviyyəsi isə Rüstəm səviyyəsində deyil. Ona görə də Rüstəm kimi insanların səsi eşidilməz olub. Hətta bəyənmədiyimiz totalitar sovet dövründə xalqla iqtidar arasında ziyalı qatı yaranmışdı. Ziyalı sözünün çox böyük mənası vardı.
Bir dəfə Saxarovu akademiyadan çıxarmaq istəyəndə Kapitsa deyib ki, bu iş Sovet Akademiyası üçün böyük ləkə olacaq. Onunla da iclas sona çatıb. O vaxt birinci katib də Kapitsanın sözü ilə hesablaşırdı.
Mənim çox yaxşı tanıdığım Suslovun kürəkəni Sumarokov 7 dəfə SSRI Elmlər Akademiyasına müxbir üzv keçmək istədi, keçə bilmədi. Suslovu eşitmədilər. Yəni, demək istəyirəm ki, ziyalının ziyalı statusu var idi. Indi Azərbaycanda ziyalı qatı çox nazilib. Azərbaycanda əyilməyən, sınmayan, medal, təqaüd dalınca qaçmayan beş-on ziyalı qalıb. Bu da həddən artıq azdır. Az olanda da səs çıxmır. Gərək çox ola ki, səs çıxsın. Indi ziyalını eşidə bilən adam da çox azdır. Ziyalının özünün də günahı var. Amma ən əsası odur ki, ziyalını eşidə bilən qulaq yoxdur”.ÿ

“Ziyalılara münasibətdə aşağılayıcı məqamlar var”

Tanınmış şair Ramiz Rövşən deyir ki, təkcə ziyalılara yox, həm də sənət avtoritetlərinə, dəyərlərə qarşı münasibətdə aşağılayıcı məqamlar var: “Bu məqamlar da təzə deyil, çoxdan mövcuddur. Bu da xeyli təəssüf doğurur. Ziyalının sözünün gücü ictimai rəyə təsirindədir. Əgər ictimai rəydə ziyalını hörmətdənsalma kimi meyl hiss olunursa, bu, onun sözünün təsirini azaltmaq cəhdidir. Amma o fikirdə deyiləm ki, ziyalının sözü eşidilmir. Banişevski deyir ki, şairlər cavablar deyil, suallardır. Ziyalı cəmiyyəti maraqlandıran, narahat edən, çoxlarının bildiyi, lakin dilə gətirə bilmədiyi şeyləri dilə gətirən insandır. Bu da hər şeydən əvvəl cəsarət istəyir. Təbii ki, ziyalının sözü cəmiyyətdə eşidilməlidir. Hesab edirəm ki, öz şəxsiyyətini, ləyaqətini, həmişə namuslu sözünü saxlayan ziyalıların sözü eşidilir”.
“Tək müxalifət yox, bütövlükdə cəmiyyət sözünü deməyənə qədər vəziyyət dəyişməyəcək”
Dünən qəzetimizə açıqlama verən tanınmış bəstəkar Cavanşir Quliyev də Azərbaycanda ziyalı sözünün dəyərsiz olduğunu bildirib: “Bu hakimiyyət ziyalı sözünə reaksiya vermir. Kim olur-olsun, iqtidar ya müxalifət. Adam müsahibə verir, reaksiya verən yoxdur. Əgər sən zavod müdirini tənqid edirsənsə, heç vecinə də almır. Azərbaycanda ziyalı sözünün dəyəri yoxdur. Ziyalı zümrəsi də yox səviyyəsindədir. 5-6 nəfər zümrə demək deyil axı”.
Rüstəm Ibrahimbəyovun məlum açıqlamasına gəlincə, C.Quliyev bu qərarın nəticəsizlikdən doğduğunu deyir: “Adamlar sözlərinin nəticə verməməsindən bezirlər. Müsahibələrimin birində də demişdim ki, mən özümü tutuquşuna bənzədirəm. O qəzətdən bu qəzetə – bütün mətbuata danışıram, heç bir reaksiya yoxdur. Bir nəfər demir ki, ay qardaş, düz demirsən. Adam müsahibəni niyə verir? Hesab edir ki, qaldırdığı məsələdə bir dəyişiklik olar. Və ya biri çıxıb düz danışmadığını deyər və səninlə mübahisə edər. Bunların heç biri olmur. O zaman fikirləşirsən ki, danışmağının mənası nədir?”.
C.Quliyev hesab edir ki, tək müxalifət yox, bütövlükdə cəmiyyət sözünü deməyənə qədər vəziyyət belə də davam edəcək: “Azərbaycan cəmiyyəti özü nə isə eləməsə, heç nə dəyişməyəcək. Bilmirəm, indiki halda nə edə bilər, amma etməlidir. Yoxsa belə də davam edəcək”.

Gültəkin