Azərbaycan deputatlarında Sərkisyan sevgisi

Xocalı qırğınının komandirinə səbrlə qulaq asmaq, nə demək idi?

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri növbəti xoşagəlməz addım atıblar. Ermənistanın dövlət başçısı Serj Sərkisyanın AŞ PA-da çıxışına səbrlə qulaq asıblar və Azərbaycan əleyhinə çıxışlarına heç bir reaksiya verməyiblər.
Göründüyü kimi, hakimiyyət bu dəfə də sübut elədi ki, yalnız Azərbaycan vətəndaşlarına qarşı aqressiv və sərt davranışlar göstərə bilir. Başqa məclislərdə milli hisslərdən danışan deputatlar Xocalıda şəxsən qırğın törətmiş, Interpol xəttilə rəsmən axtarışa verilən Sərkisyana bir saat səbrlə qulaq asmaqlarını siyasi mədəniyyətlə izah edəcəklər, yəqin ki. Elə isə Azərbaycanın daxilində öz rəqiblərinə qarşı niyə beləcə səbr nümayiş etdirmirlər? Yoxsa, Sərkisyan Əliyevin hakimiyyətinə təhlükə olmadğına görə, ona qarşı dözümlü olmaq lazımdır?!
Ilham Əliyev guya Sərkisyanın ittihamlarına cavab verib. Əsl cavab o olardı ki, azərbaycanlı deputatlar bu körpə qatilinin çıxışını dinləməkdən imtina edib, zalı tərk edəydilər və xüsusi bəyanat verəydilər. O zaman dünya ictimaiyyəti də görərdi ki, Azərbaycan boş-boş bəyanatlar vermir, ermənilərin törətdiyi cinayətlərə həqiqi reaksiya vermək niyyətindədir.
“Ağzına su alıb” bir saat Sərkisyana qulaq asanlar Bakıya gəlib başımıza bülbül kəsiləcəklər. Bu addımlarına görə onların parlamentdə danışmaq hüquqları əllərindən alınmalıdır. Bu qədər böyük bir rüsvayçılığı nəylə izah edəcəklər, onu demək çətindir. Çünki Azərbaycan hökuməti çoxdan ictimai rəyi vecinə almır. Yəqin ki, Qənirə Paşayeva sual verəcəkmiş qatilə… Verdinizmi sualınızı? Aldınızmı cavabınızı?..
Digər tərəfdən, Əliyevlər üçün bu, niyə problem olsun ki?! Rəhmətlik Əbülfəz Elçibəy Petrosyana salam vermirdi. Heydər Əliyev isə Xocalının baş qatili Köçəryanla Sədərəkdə quzu kababı yedi. Hələ nə yaxşı ki, Səməd Seyidov Sərkisyana ziyafət verməyib…

Seymur Həzi