as-pa

AŞ PA-da hakimiyyəti ifşa edən məruzə oxundu

Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı ciddi problemlər var

Dünən AŞ PA Monitorinq Komitəsinin məruzəçisi, isveçrəli deputat Dik Marti Strasburqda AŞ PA-nın sessiyasında üzv ölkələrin öhdəliklərini yerinə yetirməsi haqqında məruzə təqdim edib. Məruzə son bir illik dövrü əhatə edir və bir çox ölkələrin, o cümlədən Azərbaycan hakimiyyətinin fəaliyyətinin qiymətləndirilməsini əks etdirir(Turan).
Qeyd edilir ki, ölkədə demokratik proseslərin vəziyyəti ciddi narahatlıq doğurur. Bu, xüsusən hakimiyyət bölgüsü prinsipinin real tətbiqinə və siyasi plüralizm çatışmazlığına aiddir. “Icra hakimiyyəti üzərində parlamentin nəzarətini gücləndirmək zərurəti var. Son parlament seçkiləri düzgün və ədalətli seçkilər üçün lazımi şərait olmadığını göstərdi. Bu, namizədlərin qeydiyyatı prosesində, siyasi hüquqların məhdudlaşdırılmasında, inzibati maneələrdə, seçki komissiyalarının formalaşdırılmasında, seçkilər günü yol verilən pozuntularda və s. özünü büruzə verib”.
“Bunun nəticəsi olaraq aparıcı müxalifət partiyalarının nümayəndələri parlamentə düşməyib”, – deyə məruzədə qeyd edilib. Müəlliflər vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ciddi problemlər olduğunu qeyd edir.