Dövlətin yiyəsi var.
Prezident Ilham Əliyevdir o.
Ən azı həftənin bəzi günlərində kortejin müşayiəti ilə iqamətgaha gəlir, xaricdə Azərbaycanı təmsil edir, Bakıda əcnəbi qonaqları qəbul edir, açılış lentlərini kəsir, orden-medal, fəxri ad, titul, rütbə, təqaüd paylayır, xizək sürür, Novruzda yumurta toqquşdurur və sair işlər görür. Və “mən bütün azərbaycanlıların prezidentiyəm deyir”.
Dövlətin yiyəsinin arxasında ordusu dayanıb.
Etiraz edənin başına dubinkanı endirməyə hazır polisi var.
Vergi, rüsum yığan məmuru var.
Məhkəməsi, prokuroru var.
Azərbaycan adında dövlətin daşının, kəsəyinin, zavod-fabrikinin, qoyun-quzusunun, neftinin, kürüsünün, üzümünün, pambığının da yiyəsi var.Yiyəsiz beş qarış torpaq da yoxdur bu məmləkətdə. Qəbiristanlığın belə yiyəsi var.
Yiyəsi olmayan təkcə millətdir.
Rejimin mirzələri və ona züy tutanlar dişlərini qıcamasın, izah edəcəm, millətin nədən yiyəsiz olduğunu.
Millətin yiyəsi olsaydı, öncə onun doğma adını özünə layiq bilərdi.
Necə başa düşək ki, Azərbaycan vətəndaşı olan talış qardaşımız millətinin adına TALIŞ, ləzgi qardaşımız LƏZGI, kürd qardaşımız KÜRD, avar qardaşımız AVAR deyir, biz türklər AZƏRBAYCANLI olduq? Atam-qardaşım, mənim millətimin adı, dilimin adı TÜRK ola-ola o uzunluqda “azərbaycanlı” niyə adlanmalıdır ki? Məmləkət əhlinin yüzdə doxsanı TÜRK kökənli olduğu halda, türk dilində danışdığı halda nədən özümüzdən Amerika kəşf edib millətimizin, dilimizin adını dəyişməliyik?
Gəlin, millətin adını doğru-düzgün qoyaq, istəməyənlər könlündən keçən millətin adını seçib pasportuna yazdırsın.
Milli Məclis adlanan qanunverici qurumda oturanların az-qala hamısının alimlik dərəcəsi var, əksəriyyəti türk soyundandır və özünü yekə-yekə MILLƏT VƏKILI adlandıran da az deyil.
Nədən alim millət vəkillərimiz fərqində deyillər ki, bir zaman gələcək elə bu gün oturduqları parlamentdə millət öz gerçək adına qovuşacaq. Bu iş bu gün baş versə, tufanmı qopacaq?
Ilham Əliyev “mən bütün azərbaycanlıların prezidentiyəm” deyir.
Gerçəkdən dövlətin yiyəsi həm də millətin yiyəsi olmalıdır.
Belədirmi?Belə olsaydı, əli silah tutan kişilərimiz torpaqlar işğalda qaldığı halda bazarları zəbt edərdi?
Bu millətin yiyəsi olsaydı, qadınlarımız Dubayda, Istanbulda namus alverinə qurşanardı?
Millətin yiyəsi olsaydı, ağsaqqalı, ağbirçəyi ehtiyac içində yaşamazdı.
Yiyəsi olsaydı, millət biri-birinə qənim kəsilməzdi.
Olsaydı, adımız millətlərin sırasında yazılardı.
Olsaydı, QƏLƏBƏ qüruru yaşayardıq.
Ilham Əliyev dövlətin yiyəsidir.
Orduya, polisə yiyəlik edir.
Və bir də komandasının üzvlərinə yiyəlik edir, onların başını tumarlayır.
O komandanın üzvləri də RÜŞVƏT və KORRUPSIYA, YALAN və YALTAQLIQ sayəsində ilbəil zənginləşir, iqtisadi aspektdən analoqsuz inkişafa nail olur.Nəticədə o komandanın üzvləri ilə millət arasında dərin bir NIFRƏT yaranır.
Bu NIFRƏT də VƏTƏNDAŞ HƏMRƏYLIYI məfhumunu məhv edir…
Millət öz dövlətini yaradır.
Dövlət də millətə ədalətlə yiyəlik edər, birinin başını sığallayıb, digərinin başına dubinka vurmur.Birini harına, digərini məzluma çevirmir.
Yiyəli millətin dövləti qüdrətli olar.
Yiyəsizinki…
Azərbaycanı – dövlətin milləti yendiyi, fəqət 20 faiz torpağı 20 ildir erməni işğalında fəryad edən məğlub Azərbaycanı düşünün. Diqqətlə düşünün.

Yiyəli dövlət, yiyəsiz millət
•