Hamı Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı proqnoz verir. Proqnozlar da növbənövdür. Belə görüşlər çox olub. Amma indi ümidli danışanlar çoxalıb. Hətta xarici işlər nazirləri irəliləyişdən söz açıblar. Nə olacağını bilmirik. Qarabağın taleyindən söhbət getdiyi üçün narahat olmaya bilmərik. Amma mənim narahatlığım bütünlüklə Azərbaycana görədir. Əgər Rusiya hər hansı sülhməramlı statusu ilə qoşunlarını Qarabağa yeritsə, bu, bütünlüklə Azərbaycan üçün təhlükəlidir. Müstəqilliyimizə, demokratikləşmənin perspektivinə, həmçinin Qarabağın taleyinə ən böyük təhlükə bundan gələrdi.
Rus qoşunları faktiki olaraq, Qarabağda yerləşib, ermənilər tərəfdən bölgədə iştirak edir. Amma onun rəsmən bölgəyə gəlişi ən pis nəticə olardı. Buna yol vermək Azərbaycana ən böyük xəyanət olardı…
Müxalifətə müxalifətçilik edənlər
Müxalifəti də tənqid etmək olar. Amma… görəndə ki, bir adam müxalifəti bütünlüklə çirkabın içində olan cinayətkar, oğru bir iqtidara bərabər tutub tənqid edir, onda adamın dalağı sancır. Sual edirsən: bəs bu kəsin istədiyi nədir?
Eşidəndə ki, bir kəs əlini ağdan-qaraya vurmayıb, elə hamını tənqid edir, müxalifə də ağız büzür, onda həmin adamın ciddiliyi gözündə yoxa çıxır. Onun tənqidi tənqid kimi yox, təhrif kimi görünür.
Müxalifəti tənqid etmək çətindirmi? Bir tərəfdən, çox asandır, ona görə ki, əzilən, döyülən, mallı-pullu iqtidarın hədəfində olan müxalifəti söyməklə, hətta irəli düşmək olar. Ona görə də, bu, qətiyyən təhlükəli bir iş deyil. Hərdən adama elə gəlir ki, müxalifəti söyənlər işin bu tərəfinə ümid edirlər. Onları bu işə həvəsləndirən səbəb də budur…
Görəsən, iqtidarın min əyri əməli haqda susan bəzi adamlar niyə müxalifətin bircə qüsuru olan kimi şirə-pələngə dönür, ağzını gen-bol açır, heç yummaq da istəmir? Görəsən, hakimiyyəti səliqəli, politoloji terminologiya ilə tənqid edənlər niyə müxalifəti necə gəldi hədəfə alır, sözlərinə sərhəd qoymur? Görəsən, fərq nədədir?
Hələ siz müxalifətin fəal kəsiminə müxaliflik edən müxalifəti görəsiniz. Deyəsən, onların işi-gücü budur – səhv-düz nəsə edən müxalifəti tənqid etmək. Lap sən tənqidində səmimisən, tutaq da ki, dediyin də düzdür, bəs sən özün niyə düzü həyata keçirmirsən? Özün nə vaxt bir iş görəcəksən ki, səni də saf-çürük etsinlər. Sən də müxalifət deyilsənmi? Bəlkə politoloqsan, yaxud köşə yazarısan?!
Bir müxalif lider deyəndə ki, müxalifət belə etməli deyildi, filan partiya, yaxud Ictimai Palata yanlış etdi, o zaman nə deyəcəyi əvvəlcədən bilinən YAP funksionerləri yada düşür. Adama deyərlər ki, bu sözləri seçicilər, vətəndaşlar söyləsə, başa düşmək olar, sən ki özün bir siyasi lidersən, sən ki özün bir partiyasan. Niyə özün nəsə etmirsən – daha yaxşısını?
Normalda digər müxalif qurumlarla rəqabətdə olan müxalif partiya əməli ilə fərqlənməlidir, əməli ilə tənqid etməlidir, əməli ilə doğrunu göstərməlidir. Yoxsa oturub başqalarının səhvini-düzünü deməklə yalnız ikrah qazanarsan. Elə həmin səbəbdən bu mövqe tutan lider və təşkilatlar böyümür, böyüməyəcək də. Normalda isə onların böyüməsi, fəallığı ümumilikdə bütün müxalifət cinahını daha sağlam, daha fəal, daha funksional edərdi. Çox faydalı olardı.
Yəni, müxalifəti tənqid etmək olar, lap sərt də tənqid etmək olar, amma bundan xal qazanmaq üçün yox, bundan xalq qazansın deyə. Enində-sonunda hər şeyi başa düşmək olar, amma işi digər müxalif qüvvələri tənqid etməkdən ibarət olan müxalif siyasilərə adam medal vermək istəyir. Qoy, sinələrinə baxıb öyünsünlər.