Hüquq şöbəsinin müdiri sənədləri yerdən tapir
19 ildir kirayələrdə yaşayan Sabir Ibrahimov qanuni evini ala bilmir
“Nərimanov Rayon Icra Hakimiyyəti 13.08.1992-ci il tarixli 308 saylı sərəncamı ilə Musabəyov (indiki H.Quliyev – red.) küçəsi 12 saylı evin, 3 saylı 2 otaqlı, sahəsi 33.5 kv.m olan məhdud kommunal şəraitli mənzili müvəqqəti istifadəmə verib. Sərəncam alsam da, evə köçə bilmədim. Çünki mənzili artıq başqa şəxslər zəbt edib. Ölkə başçısına və üç millət vəkilinə göndərdiyim şikayət məktubuna cavab olaraq bildirirlər ki, evdə qaçqın yaşayır. Ancaq 2010-cu ilin aprel ayında məlum oldu ki, ev mənə verilən gündən özəlləşdirilib. Qaçqınlar öz yurdlarına qayıtdıqdan sonra şikayətim müsbət həllini tapacaq” – bu sözlərin müəllifi 19 ildir kirayələrdə yaşayan Sabir Ibrahimovdur.
O deyir ki, sərəncamda adına olan evi 19 iyul 1996-cı ildə qaçqın Mehriban Bədəlova özəlləşdirib. S.Ibrahimov Nərimanov Rayon Icra Hakimiyyətinin verdiyi rəsmi cavabdan rayon məhkəməsinə müraciət edib: “Saxta, əlləriylə düzəliş edilmiş sənədləri məhkəməyə təqdim etdim. Keçirilən prosesdə icra hakimiyyətinin hüquq şöbəsinin müdirinin təqdim etdiyi sənədlərə baxıb hakim: ”Bu nə sənəddir vermisən” – sualını ünvanlayır. O isə: “Elə-belə şeydir, yerdən tapmışam, cırın atın!”- cavabını verir. Gözləyirdim ki, o, həbs ediləcək. Ən azı məhkəməni aldatdığına görə. Bu gün icra hakimiyyətinin hüquq şöbəsinin müdiri təkcə mənim kimi adi vətəndaşı deyil, ölkə başçısını, millət vəkillərini aldadırsa, bunu səhv kimi yox, xəyanət kimi dəyərləndirmək lazımdır. Başa düşmək olmur, sənəd, sərəncam yerə tökülüb ki, hər keçən ayaq saxlayıb götürür?”.
Sabir Ibrahimov ombudsman Elmira Süleymanovaya şikayət məktubu göndərib: “Qəzetiniz vasitəsi ilə üzümü Elmira xanıma tutub deyirəm. Milli Məclis sizi bacarıqlı və işgüzar olduğunuza görə, ikinci dəfə ombudsman seçib. Deməli, siz 9 milyonluq xalqın müvəkkilisiniz. Dövlət sizə 1800 manat maaş verir. Əsas vəzifəniz məmurların xəyanətlərini, rüşvət və korrupsiyaya bulaşmalarını görüb ölkə başçısına çatdırmaqdır. Bu gün mənim hüquqlarımı qorumaq sizin borcunuzdur. Məhkəmə proseslərimə rəhbəri olduğunuz qurumun əməkdaşını nümayəndə kimi göndərməyinizi xahiş edirəm”.
Onu da qeyd edək ki, 2006-2010-cu illərdə 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış Sabir Ibrahimov ədliyyə naziri Fikrət Məmmədova qarşı 2 saylı Inzibati Iqtisad Məhkəməsinə də iddia ərizəsi göndərib. Keçmiş dustaq bildirir ki, onu həbsxanada qəsdən vərəmə yoluxdurublar. Indi də məhkəmədən xahiş edir ki, nazirdən 200 min manat mənəvi təzminat tutularaq ona ödənilsin: “Yer, divar – beton, oturursan betonun üstündə, ayağının altı da nəmdir. Karserin içi nəm olsun deyə nəzarətçi ora vedrəylə suyu tökür, bunu rəis tapşırır. Mən orada vərəmə yoluxdum”.
Ramin DEKO



