Dünyaya baxıram və əmin oluram ki, inkişaf ancaq rəqabətdədir. Hələ ötən dəfələrdə əski müdafiə naziri R.Qeytsin NATO haqqındakı tənqidi fikirlərini diqqətə gətirməyə çalışmışdım. Indi bir daha görürəm ki, müəyyən mənada o, haqlı imiş, NATO axır vaxtlar həqiqətən də səfehləyir, müxalifət adamları onun gözünə M.Qəzzafinin adamları kimi görünür və onları bombalayır. Bir neçə uğursuz bombardman təbii ki, böyük nəticələr üçün əsas ola bilməz. O mənada ki, mən ABŞ qüvvələrinin “Səhrada tufan” və sonrakı əməliyyatlar zamanı necə dəqiqliklə işlədiyini xatırlayıram. Bəs hanı o dəqiqlik? Hə, BMT NATO-ya Liviyada yerüstü əməliyyatlar üçün mandat verməyib. Amma elə o zaman da ABŞ-ın Bağdadla bağlı dəqiq mandatı yox idi, amma o, bu maneə ilə hesablaşmadı, onu dəf etdi.
Bilirsiniz, məsələ nədədir? On illər ərzində istənilən diktator özünə sadiq hərbi-polis qüvvələri formalaşdıra, yaxşıca silahlana bilər. Təsəvvür edin, bir gün həmin diktator bütün qüvvəsini öz millətinə qarşı yönəltməyə başlayır. Nə etməli? Suverenlik pərdəsi altında gizlənərək həmin diktatorun öz millətini necə qırmasına tamaşa etməlimi? O, Müəmmər Qəzzafi də ola bilər, Bəşər Əsəd də! Fərqi yoxdur.
Biz hamımız “ərəb baharı” deyirik. Hansı bahardan söhbət gedir? Bəli, insanlar böyük, hətta qeyri-adi bir fədakarlıq göstərirlər, onlara qibtə etməyə dəyər. Amma diktatorlar bunu bahara yox, əsl cəhənnəmə çeviriblər. Hər gün Liviyada, Suriyada adamlar ölür, şikəst olur, qaçqın düşür… Bəli, böyük dövlətlər hava əməliyyatları, nə bilim, aviasiya zərbələri həyata keçirir, sanksiyalar tətbiq edir, legitim siyasi hakimiyyət kimi müxalifətçiləri tanıyır… Amma son görünmür.
Neçə vaxt idi ki, Bəşər Əsədin müraciəti gözlənilirdi. Oldu. Amma nə dedi? “Istiqlaliyyətimizə təhlükə var!”. Vəssalam. Ən dəhşətlisi budur ki, bunların öz millətlərinə bir söz demək üçün üzləri də var. Əslində, bu insanların yeri sadəcə, beynəlxalq tribunal olmalıdır! Və çox güman ki, belə də olacaq. Amma bunu bir qədər sürətləndirmək lazımdır. M.Qəzzafi, B.Əsəd rejimlərinin azca uzanması belə, hər gün ölüm, şikəstlik, qaçqınlıq deməkdir! Məsələni konkret qoymaq, ona doğru getmək lazımdır. Diktaturasız dünya! Məqsəd bu olmalıdır. Terrorizm beynəlxalq təhlükə kimi öz yerini diktaturalara verməlidir, bundan sonra əsl təhlükə müstəbid rejimlər, diktaturalar hesab edilməlidir. Çünki ekstremizm də, aclıq-səfalət də, elə terrorizm də onlardan törəyir, onların nəticəsidir…Qeybə çəkilmiş hakimiyyət
Kazan görüşünə də lap az, bir neçə gün qaldı. Qəribədir. Bir sükut var. Bir ara optimist bəyanatlar eşitdik. Amma bu hakimiyyətin maraqlı xüsusiyyəti var. Bir də görürsən ki, onun hansısa üzvü sanki qeybə çəkilir, birdən-birə bütün tribunalar susur. Bəli, bu da diktaturaların səciyyəvi xassəsidir. Bəli, bunlar insanları məlumatlandırmağı vacib hesab etmirlər. Hər şey bir ciddi konspiroloji örtüyə bürünüb. Hə, indi bu hakimiyyət bizi qeybdən idarə edir. Ona görə də gərək qulaqlarımızı qeybə tuşlayaq ki, bəlkə bir şey eşitdik. Bir gün gələcək, bu diktaturanın da məsələsi gündəmə düşəcək. Hələlik isə bir polis alayı ilə məsələni yoluna qoya bilir və hətta qeybdən idarə etməyi belə, bacarırlar. Olsun. Yunan Heraklit deyirdi ki, hər şey axır, hər şey dəyişir. Elə bu ölkə də dəyişəcək, şübhəniz olmasın.
Rusiya hamını intizarda saxlayır
Bəli, onlar da bunu sevirlər. Bugünlərdə Dmitri Medvedev bəyan edib ki, onunla Vladimir Putinin birgə namizəd olması düzgün olmazdı. Bunu eşidən dünya media aləmi dərhal car çəkdi ki, bəs, Medvedev namizəd olmayacaq. Hərçənd, hələ bunu söyləmək çətindir. Bizimkilərin də gözü Rusiyadadır, təlaş və həsədlə Rusiyanı seyr edirlər. Bunlar həm güclü Rusiya istəyir, həm də istəmirlər. O mənada güclü Rusiya istəyirlər ki, bu ölkə bunlarla Qərb arasında dayansın.Amma güclü Rusiya bunları həm də çəkindirir. Bunlarda istiqlaliyyət hissi olmasa da, bir feodallıq var, öz mülklərində elə özləri ağa olmaq istəyirlər. O ki qaldı Rusiyaya, o, bunlara bir sipər kimi lazımdır, Qərblə özləri arasında…



