Sonra istədiyin qədər inkişaf nağılı uydur…
Fikrət Hüseynli
Əslində, Lüksemburq haqqında çoxdan yazmaq istəyirdim. Çünki hər dəfə Azərbaycan hakimiyyətinin gurultulu inkişaf nağılları barədə məlumat alanda gözümün önünə Lüksemburq gəlirdi. Ona görə yox ki, Lüksemburqla Azərbaycanı müqayisə etmək mümkünsüzdür. Ona görə ki, heç bir sərvəti olmayan bu kiçik dövlət dünyada adambaşına düşən milli gəlirə görə, hər zaman ilk dördlükdə qərar tutur…
Və yeri gəlmişkən deyim ki, sözün əsl mənasında cənnət olan bu ölkəyə səyahət etmək çoxdankı arzum idi. Nəhayət, bu günlərdə arzumu reallaşdıra bildim. Dostlarla Lüksemburqa yollandıq.
Bilməyənlər üçün deyim ki, Lüksemburq dünyada müstəqil olan 194 dövlətin içərisində ərazisinə görə 175-ci yerdədir. Aydın təsəvvür yaransın deyə qeyd edim ki, Lüksemburq təxminən Sabunçu rayonu boydadır. Sabunçunun ərazisi 2400 kvadrat kilometr, Lüksemburqunku isə 2586 kvadrat km-dir. Amma bataqlıqlar və zibil içərisində boğulan Sabunçu rayonundan fərqli olaraq, Lüksemburq tam bir cənnəti xatırladır. Lüksemburqda 493 min, Sabunçuda isə 201 min əhali yaşayır. Cəmi 493 min əhali yaşayan Lüksemburqun büdcəsi 40 milyard 903 milyon dollardır. Adambaşına düşən illik gəlir isə 82 min 440 dollardır. Azərbaycanın Sabunçu rayonu boyda olan bu ölkə Amerikadan sonra dünyada ikinci ən çox yatırımı olan bir dövlətdir. Avropada isə bank mərkəzi kimi tanınır. Lüksemburqda işsizliyin ən yüksək həddi 4,8 faiz olur. Illərdir qaçqınlara yaradılan şəraitdən bəhs edənlərin diqqətini, sadəcə onu çatdırım ki, hər il Lüksemburq öz vətəndaşlarından əlavə, minlərlə qaçqına da yardım edir, onların sosial problemlərinə kömək göstərir və sair… Və bütün bunların qarşılığında heç kəs bir dəfə də görməyib ki, Lüksemburqun kralı dünyada analoqu olmayan inkişaf barədə bircə kəlmə söz açsın. Amma Azərbaycanda isə qeyri-rəsmi kral hər gün inkişafdan danışır. Özü də olmayan inkişafdan…