Polis bazarı nəzarətə götürüb
Sumqayıtın icra başçısı Eldar Əzizovun göstərişi ilə məhkəmə qərarı olmadan bazarın sökülməsinə start verildi
“Azadlıq”ın ötən sayında Sumqayıtda yerləşən “Şərq bazarı” ətrafında ciddi problemlərin olduğunu qeyd etmişdik. Bildirmişdik ki, 66 sahibkarın dükanını sökmək istəyən bazarın rəhbəri Rəşid Babayev artıq işi istədiyi məcraya yönləndirməyi bacarıb.
Ötən gün aldığımız məlumata görə, artıq bazarın dörd yanına hasar qurulması üçün hazırlıqlara başlanılıb. Sahibkarlardan birinin verdiyi məlumata görə, Rəşid Babayevin göstərişi əsasında bazarın dörd tərəfinə dəmir dirəklərin basdırılması üçün hazırlıq başlayıb və xüsusi çalalar qazılıb. “Bu məsələ ilə bağlı ərazidə işləyən işçilərdən soruşanda onlar tapşırığın icra başçısı Eldar Əzizovun verdiyini dedilər. Polis də ərazidə keşik çəkdiyindən, 102 saylı xidmətə zəng vurub vəziyyəti öyrənməyə çalışdıq. Sumqayıt polisindən bildirdilər ki, bazarın hasarlanması və sökülməsi ilə bağlı Şəhər Icra Hakimiyyəti başçısından konkret tapşırıq gəlib”.
Sahibkarlar deyirlər ki, atılan bu addım qanunsuzdur. Çünki bazarın sökülməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Onların sözlərinə görə, artıq məsələ məhkəmə müstəvisinə daşınıb. Belə ki, bu gün Sumqayıtdakı “Şərq bazarı”nda çalışan və əllərində qanuni sənədləri olan 66 sahibkarın Iqtisad Məhkəməsində iddiasına baxılacaq: “66 sahibkarın yerlərinin əllərindən alınması ilə bağlı Əmlak Komitəsinin özbaşınalığı və bazarın rəhbəri Rəşid Babayevə qarşı Iqtisad Məhkəməsində qaldırdığımız iddiaya baxılacaq. Eldar Həsənovun hərəkətlərindən belə görünür ki, o, qanuni yolla sahibkarlara uduzduğunu görərək, qanunsuzluğa baş vurmağa başlayıb”.
Sahibkarlar deyirlər ki, bir müddət əvvəl icra başçısı Eldar Əzizovla görüş zamanı o, bazarın məhkəmə qərarı olmadan sökülməyəcəyini bildirmişdi: “Görünür, Rəşid Babayev kimi, onu da insanların qanuni haqları qəti maraqlandırmır. Məmurlar tərəfindən aldadılan sahibkarlar isə polisin köməyi ilə onların haqlarının kobud şəkildə tapdanmasından şoka düşüblər. Və nə edəcəklərini bilmirlər”.
Sahibkarlar sonda onu da bildiriblər ki, bazarda xırda ticarətlə məşğul olanlara əllərindəki mallarını satmaq üçün möhlət verilməyəcəyi də dəqiqləşib.
Ramin DEKO