Prezidentin zənginləşən “Xoşbəxt AILƏ” albomu

Ölkədə baş alıb gedən ailə faciələrinin təməlini qoyan Heydər Əliyev, sinəsinə çalın-çarpaz dağ çəkdiyi xalqı daha çox incitmək üçün “Xoşbəxt AILƏ” şəkillərini millətə miras qoyub, gözlərini əbədi olaraq yumdu. Xanımını, oğlunu, qızını, nəvələrini qucaqlayıb şəkil çəkdirən və faciələr içində yaşayan insanlara sanki “di gedin, yanıb tökülün, yaşasın mənim AILƏM!” deyən atanın yolunu oğlu uğurla davam edir. Məşhur “xoşbəxt ailə” albomunu Ilham Əliyev gündən-günə daha da zənginləşdirir: xanımı, övladları, nəvələri ilə bərabər cürbəcür pozalarda, müxtəlif məkanlarda gülə-gülə çəkdirdiyi şəkillər ailəsi dağılan, ev-eşiyi başına uçurulan milyonlarla insana yanıq verməkdən başqa bir şey deyil. O  rəngli, süni təbəssümlü şəkillərə baxan Azərbaycan vətəndaşlarının psixoloji durumunu düşünən, ah-naləsini eşidən varmı? Bir AILƏnin üzündən yurd-yuvasından didərgin düşən kişilərin, dul qadınların, tənha anaların, övladı əsgərlikdə şəhid olan, intihar edən valideynlərin axan göz yaşlarını görən varmı? Yeri gəlmişkən, bu yaxında tanıdığım məktəblərin birində ürəkağrıdan bir hadisə baş verdi: ibtidai sinfi başa vuran siniflərin birində 5 uşağın atası rəhmətə gedib. Ataların biri şəhid olub, biri intihar edib, ikisi qəza nəticəsində, biri isə xəstəlikdən dünyasını dəyişib. Və sinfin “Son zəng” diskinə şöhrətpərəst, görməmiş, daşürəkli valideynlərdən bəziləri özəl ailə şəkillərini yerləşdirib. “Son zəng” diskinə ümumilikdə baxmaq üçün təşkil edilən məclisi beş ana, beş uşaq hönkürə-hönkürə, yarımçıq tərk etdi. Axı kiminsə oğlunu-qızını necə öpməyinin, arvadını-ərini mehribancasına qucaqlamağının sinfin ümumi diskinə nə dəxli var? Azca vicdanı olan adam xoşbəxt şəxsi həyatını bədbəxt insanlara nümayiş etdirməz.  Taxt-tacını milyonlarla insanın ailə faciəsi üzərində quran bir AILƏnin, hökumət başçısının isə xoşbəxt “ailə fotosessiyası”nı bədbəxt xalqa göstərməyə heç haqqı yoxdur…

Son vaxtlar ailə disklərini, şəkillərini nümayiş etdirmək tanınmışlar arasında da dəb halını alıb. Telekanallarda, saytlarda, sosial şəbəkələrdə “xoşbəxt ailə” şəkillərini reklam etmək, özəl video görüntüləri yaymaq dost-düşmənə, qohum-qonşuya yanıq vermək məşhurlar arasında əməlli-başlı yarışa çevrilib. Başqa necə olmalı idi ki? Ölkənin prezidenti gəzən ağacı şairi, müğənnisi… budaq-budaq gəzər. Və bu ürəkbulandıran, insanların yarasının közünü qopardan “ailə fotosessiya”ları qorxulu virus kimi məmləkətə maneəsiz yayılır. Kimi ərlik qızını, kimi deputat yaşına çatan oğlunu, kimi təzə ərini, kimi yenicə barışdığı arvadını yanına salıb gəzdirir, şəkil çəkdirir, böyük planda kadra salır. Bu xəstəliyə, hətta hörmət etdiyimiz, dəyər verdiyimiz insanlar da yoluxub. Əcəba, insanların günahlarının bağışlanması yolunda çarmıxa çəkilən Isa Məsih, “mən dünya vətəndaşıyam” deyib çəlləkdə yaşayan Diogen bu rəzaləti görsəydi, nə edərdi? Qəzet səhifələrində, televiziya ekranlarında Əbülfəz Elçibəyin ailə şəkillərinə bir dəfə də olsun rast gəldinizmi? Bütün canlıları yaşadan, dünyanı nura qərq edən Günəşin sevdikləri ilə göy üzündə şəklini görən olubmu? Əlbəttə, taxt-tacdan iyrənənlərin, bəşəriyyət üçün yaşayanların, insanlıq yolunda yanıb kül olanların, haqq-ədalət uğrunda çarmıxa çəkilənlərin, şöhrətdən, eqoizmdən, dünya malından uzaq olanların, heç vaxt cılız, süni təbəssümlü, sabun köpüyünə bənzər şəkilləri ola bilməz…