Pənah Hüseyn ADP sədrindən şübhələnir

İqtidar kölgənin kölgəsini yaratmağa meyllidir

“Yeni kölgə kabinetinin və parlamentinin yaradılmasında başqa niyyət yoxdursa, bu qurum Ictimai Palataya qarşı cihadın səngəri və ya səngərciyi olmayacaqsa, onda mən bu işin əleyhinə deyiləm”.
Bu açıqlamanı APA-ya Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn verib. O deyib ki, Ictimai Palata bu gün daha uğurlu bir model kimi demokratik islahatlar uğrunda çıxış edir:”Hərçənd, güman etmirəm ki, Sərdar Cəlaloğlunun təklifi hazırkı vəziyyətdə elə bir rezonans doğursun. Həmin işin nəticə verəcəyinə də inanmıram. Lakin insanların təşəbbüs hüququnu qadağan etmək olmaz”. P.Hüseyn qeyd edib ki, S.Cəlaloğluna Ictimai Palatada təmsil olunmaq barədə təklif irəli sürülmüşdü:”Özü də bilməmiş deyil ki, əgər başqalarının çağırışına cavab verməyibsə, dəvət etdiyi digər şəxslər də onun bu təklifinə cavab verməyəcəklər”.
P.Hüseyn bildirib ki, belə bir şəraitdə ciddi bir dairəni əhatə edəcək, hansısa ciddi bir qurumun yaradılmasına inanmır:”Bir qəzetin və ya partiyanın adında alternativ qurumların yaradıldığına az rast gəlməmişik. Yəni iqtidar kölgənin kölgəsini yaratmağa meyllidir. Əgər Sərdar Cəlaloğlu və digərlərinin niyyəti belə deyilsə, uğur arzulamaq olar. Proses başlanandan sonra bəlli olacaq və ictimaiyyət də bu təşəbbüsə qiymət verəcək”.