mtn

MTN-nin “dərman əməliyyatı”

Ekspertlər bunu dərman biznesinin bir əldə cəmləşməsi üçün atılan addımların tərkib hissəsi sayır

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Anar Mustafayev tutulub. MTN-nin yaydığı məlumata görə, müəyyən edilib ki, Anar Mustafayev dövlət qeydiyyatından keçmədən və lisenziya almadan hazırda şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan, Türkiyə və Iran vətəndaşları ilə 2010-cu ildən 2011-ci il may ayının sonunadək 53 min manatdan artıq məbləğ dəyərində dərman preparatlarının Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil edib.
“Istintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və Irandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə çoxlu sayda dərman preparatları aşkar edilərək götürülüb”.
Milli Təhlükəsizlik Nazirliyi Istintaq Baş Idarəsi Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb. Anar Mustafayev həbs  edilib.
MTN-nin bu əməliyyatına kölgə salmaq niyyətimiz yoxdur. Lakin bəllidir ki, Azərbaycanda dərman biznesi hakim ailənin inhisarındadır. Və bu sahəyə nəzarət o qədər güclüdür ki, hətta ailəyə məxsus “Avromed” və “Zəfəran” kimi topdansatış məntəqələri apteklərə xüsusi adamlar göndərərək onların məhsulu haradan alması ilə maraqlanırlar. Əgər bəlli olsa ki, məhsul “Avromed” və “Zəfəran”dan alınmayıb, onda həmin aptekə ciddi problem yaradılıb. Bütün bunlara görə, ekspertlər hesab edir ki, MTN-nin keçirdiyi əməliyyat əslində inhisarı daha da gücləndirmək məqsədi daşıyır. Digər tərəfdən 53 min manatlıq dərman elə də böyük partiya deyil. Ölkəyə qaçaq yolla bundan dəfələrlə çox başqa məhsullar da gətirilir. Özü də qaçaq yolla. Lakin hansısa səbəbdənsə, bununla bağlı tədbir görülmür. Bundan başqa, Səhiyyə Nazirliyi rəsmən bəyan edib ki, Azərbaycanda 700-dən çox aptek fəaliyyət göstərir. Bu, qeydiyyatda olan apteklərin sayını göstərir. Əslində isə təkcə Bakıda 1000-dən çox aptek mövcuddur. Belə çıxır ki, Azərbaycanda fəaliyyət göstərən apteklərin əhəmiyyətli hissəsinin qeydiyyatı yoxdur. Bizcə, çekistlər bu faktı da araşdırsalar, daha yaxşı olar.

 

Informasiya şöbəsi