«Müsəlman Qardaşları» və 17 təşkilat birgə ittifaqda birləşdi
Misirdə Hüsnü Mübarəkin devrilməsindən sonra keçiriləcək ilk parlament seçkiləri öncəsi ölkənin əksər siyasi qüvvələrini özündə birləşdirən geniş koalisiya qurulub. Misirin ən güclü siyasi təşkilatı “Müsəlman Qardaşları” parlament seçkiləri öncəsi ümumi bir platformayla çıxış etmək məqsədilə aralarında liberal və dünyəvi qrupların da olduğu 17 partiya ilə ittifaq haqda razılıq əldə edib.
Rəsmi mətbuat orqanlarının verdiyi xəbərə görə, “Müsəlman Qardaşları”yla birgə Azadlıq və Ədalət Partiyası, liberal Vəfd partiyası, sol meylli “Taqammü” və yeni qurulmuş dindar kəsimi özündə birləşdirən Sələfi Nur partiyasının üzvləri “Vətəndaşlıq, bərabərlik və xalq suverenliyinə söykənən bir dövlət üçün koalisiya” adlı ittifaqda birləşiblər.
Təşkilatların razılığına əsasən, partiyalar seçkiyə vahid namizəd siyahısı ilə qatılacaqlar.