Barrozo ilə mətbuat konfrasında bayrağımız tərsinə asıldı; dövlət başçısı susdu
Avropa Komissiyasının prezidenti “Azərbaycan bu il diqqət mərkəzində olacaq” dedi
Brüsselə səfərdə olan İlham Əliyev iyunun 22-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ilə görüşüb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi, Cənub qaz dəhlizi layihəsi, viza rejimin sadəlşdirilməsi və digər məsələlər müzakirə olunub.
Görüşdən sonra İlham Əliyevlə Barrozo müzakirə olunan məsələlərlə barədə mətbuat konfransında məlumat veriblər.
Joze Manuel Barrozo Azərbaycan prezidenti ilə görüşün məhsuldar keçdiyini bildirib: “Bu gün biz münasibətlərinin bir neçə istiqaməti, o cümlədən bir il əvvəl başlamış assosiativ sazişlə bağlı danışıqların yekunlarını müzakirə etdik. Hesab edirəm ki, danışıqlar prosesini sürətləndirə və sazişin imzalanması istiqamətində irəliləyə bilərik”.
Azərbaycan və Avropa Komissiyası prezidentlərinin görüşündə “Cənub” qaz dəhlizi layihəsi də müzakirə olunub. Barrozo bildirib ki, bu layihənin reallaşması Avropa İttifaqı və Azərbaycan üçün strateci əhəmiyyət daşıyır: “Bu layihə Xəzər hövzəsindən daşımalarda bizə alternativ marşrut əldə etməyə imkan verəcək. Bu gün işi davam etdirmək və bu dəhliz ideyasını reallığa çevirmək barədə razılığa gəldik”.
Barrozo Azərbaycan təmsilçilərinin “Eurovision” müsabiqəsində qələbə qazanması faktını da dəyərləndirib: “Azərbaycan bu il beynəlxalq birliyin diqqət mərkəzində olacaq, əminəm ki, siz bu vaxtdan ölkənizin Avropa dəyərlərinə nə qədər bağlı olduğunu nümayiş etdirmək üçün istifadə edəcəksiniz”.
İlham Əliyev əsasən neft-qaz layihələrindən və Qarabağ problemindən danışıb.
Tərsinə asılmış bayraq və “Azadlıq” adından şərh
Mətbuat konfransında diqqət çəkən məsələlərdən biri də Azərbaycan bayrağının tərsinə asılması olub. İlham Əliyev gözləri qarşısında dövlət bayrağımızın tərsinə asılmasına baxmayaraq bu rüsvayçı olayı sükutla qarşılayıb.
İddia oluna bilər ki, İlham Əliyev bayrağın tərsinə asıldığına diqqət etməyib. Yaxud da ola bilsin ki, Azərbaycan bayrağındakı rəng ardıcıllığını yaxşı bilmir – hərçənd bu da bir rüsvayçılıq olardı. Bəs protokol xidməti? Axı İlham Əliyev orada tək olmayıb. Deməli, İlham Əliyev və onun ətrafı üçün Azərbaycanın dövlət atributlarının heç bir əhəmiyyəti yoxdur.
Biz yazırdıq ki, bu hakimiyyət Azərbaycanı yalnız neft və biznes anlamında qavrayır. Bir ölkə başçısının və onun komandasının dövləti və milləti idarəetmə haqqı onların ölkəyə mənəvi bağlılıqları ilə ifadə edilir. Ölkənin və millətin mənəvi dəyərləri isə onun bayrağında ifadə olunur. İndi aydındırmı ki, onlar nə üçün bu ölkəni bu günə salırlar?! Çünki onların anlamı budur: bu bizim deyil və ya müvəqqəti olaraq, fürsət düşmüşkən bizimdir.
İnformasiya şöbəsi