İlham Əliyev ABŞ-a ciddi vədlər verib

Ölkə başçısı Vaşinqtondan dəvət almaq, Ağ Ev isə əvvəlcə vədlərin yerinə yetirilməsini istəyir

Vaşinqtonda ümid olunur ki, Azərbaycan hakimiyyəti son həftələrdə ABŞ ilə aparılmış yüksək səviyyəli dialoqun ruhuna uyğun olaraq, iyunun 19-da paytaxtda sərbəst toplaşmaya cəhd etmiş opponentlərini cəzalandırmaqdan çəkinəcək.
ABŞ rəsmilərindən biri “Turan”ın müxbirinə bildirib ki,  son iki həftədə administrasiya Bakıya üç nüfuzlu elçisini göndərib. Onlar enerji (Morninqstar), insan haqları (Melia) və təhlükəsizlik (Şapiro) üzrə ABŞ-ın prioritetlərini izah etmək və irəli aparmaq missiyasını daşıyırlar.
“Azərbaycan hakimiyyəti hər üç prioritet üzrə ABŞ-ın maraqlarını anladığını və onlara “müdrik yanaşma” göstəriləcəyini vəd edib”, – mənbə ötən ay Vaşinqtonda Azərbaycan XİN başçısı ilə aparılan dialoqa istinadən bildirib.
Bununla yanaşı, ötən həftə Bakıda demokratiya üzrə ABŞ-Azərbaycan dialoqunun gedişində biri ABŞ vətəndaşı olmaqla, iki qərbli fəal naməlum şəkildə döyülüb. “Biz bu insidentin üstünün açılmasını səbirsizliklə izləyirik”,- deyə mənbə vurğulayıb.
ABŞ enerji və təhlükəsizlik istiqamətlərində də Azərbaycanla apardığı müzakirələrin konkret bəhrələr verəcəyini gözləyir.
Mənbə qeyd edib ki, ikitərəfli dialoqların “necə işləməsindən” asılı olaraq, Vaşinqtonda Azərbaycandan yüksək səviyyəli rəsmi səfərlər barədə Bakının müraciəti  nəzərdən keçirilir.
“Turan”a başqa mənbələrdən məlum olub ki, Azərbaycan XİN rəhbəri ötən ay ABŞ-a səfəri zamanı prezident Əliyevin və onun administrasiya üzvlərinin ABŞ-a rəsmi səfərə dəvət olunması ilə bağlı istəklərini çatdırıb.