“Starwood Hotels & Resorts Worldwide, Inc.” (ABŞ) şirkəti Azərbaycanın “SilkWay Airlines” şirkəti ilə birlikdə bu ilin payızında Bakı beynəlxalq aeroportunda “Sheraton” mehmanxanasını istifadəyə vermək niyyətindədir.
“APA-Economics”in məlumatına görə, bu hotelin açılması ilə “Starwood Hotels & Resorts Worldwide, Inc.” Azərbaycan bazarına çıxmaq istəyir ki, bu da yaxın üç il ərzində dünyada “Sheraton” brendi altında 60 mehmanxananın açılmasını nəzərdə tutan genişlənmə strategiyasının bir hissəsidir.
“Sheraton Baku Airport Hotel” Heydər Əliyev Hava Limanında yerləşəcək. Mehmanxanada 207 qonaq otağı, o cümlədən 14 lyuks otağı, nahar, konfrans zalları və bu şəbəkəyə aid olan bütün xidmətlər çeşidinin təqdim olunması nəzərdə tutulur.
Oxucuların diqqətinə çatdıraq ki, “SilkWay Airlines” şirkətini “Azal”ın prezidenti Cahagir Hacıyevlə Ilham Əliyevin ailə üzvləri şərikli yaradıb. Bir müddət əvvəl bu şirkətlə eyni adda bank təsis olunmuşdu. O zaman “Azadlıq” radiosunun araşdırmaları nəticəsində bəlli olmuşdu ki, “SilkWay” Cahangir Hacıyevlə Ilham Əliyevin ailə üzvləri tərəfindən yaradılıb. Indi də aydın olur ki, Cahangir Hacıyevlə Ilham Əliyev bu şirkət vasitəsilə şərikli otel açır.



