Əkrəm Əylisli: «Rüstəm Ibrahimbəyovun belə bəyanat verməsindən daxili əzab çəkirəm»
Tanınmış dramaturq və kinossenarist Rüstəm Ibrahimbəyov bundan sonra yerli mətbuata müsahibə verməyəcək. “Bizim Yol” qəzetinə açıqlamasında R.Ibrahimbəyov bildirib, buna səbəb danışdıqlarının heç bir nəticə verməməsidir:
“Heç bir nəticəsi yoxdursa, daha nə danışmalıyam?! Indiyə qədər saysız-hesabsız problemlərə toxunmuşam, heç bir reaksiya olmayıb. Bu baxımdan bundan sonra danışmağın mənasını görmürəm. Baxın, prezidentə müraciət etdim, amma heç bir cavab verilmədi. Belə olan halda mətbuata çıxmağa ehtiyac yoxdur”. Göründüyü kimi, dramaturq bir daha mətbuata müsahibə verməyəcəm deməklə dolayısı ilə sözünü ucuzlaşdırmaq istəmədiyini diqqətə çatdırıb. R.Ibrahimbəyov səviyyəsində insanların sözünün eşidilmədiyi bir ölkədə sadə vətəndaşların vəziyyətinin necə olduğunu isə təsəvvür etmək çətin deyil.
Tanınmış ziyalı Əkrəm Əylisli məlum məsələ ilə bağlı Rüstəm Ibrahimbəyovla həmrəy olduğunu deyir: “Rüstəm Ibrahimbəyovun ovqatı mənə də çox yaxındır. Mən özüm də bu ovqatdayam ki, ziyalıya münasibətdə biganəlik, bizim görmədiyimiz və öyrəşmədiyimiz çalarlar ortaya çıxıb. Ziyalıya, dəyərlərə münasibətdə ucuzlaşma prosesi gedir. Bir qrup adamı siyasi sədaqətinə görə seçirlər. Ziyalı təbəqəni siyasi seçmə yolu ilə yaşatmaq, inkişaf etdirmək olmaz. Ziyalı ilə hakimiyyət arasında qarşılıqlı anlaşma tarix boyunca çətin olub.
Ona görə bu prinsiplə yanaşmaq olmaz ki, sən mənim siyasətimə nə qədər sədaqətli olsan, o qədər də qiymət alacaqsan. Belə münasibət yolverilməzdir və kökündən yanlışdır”.
Ə.Əylisli ziyalılara olan münasibətin onu da dərindən sarsıtdığını bildirir: “Rüstəmin belə bir bəyanat verməsindən daxili əzab çəkirəm. Rüstəm Ibrahimbəyov səviyyəsində bir insan cəmiyyətdə öz sözünü deməyə, mövqeyini göstərməyə çalışır. Və istəyir ki, onun mövqeyinə qiymət verilsin. Bu olmayanda onda böyük bir bədbinlik yaranır. Bu bəyanatda sarsıntı və bədbinlik görürəm. Rüstəm fikirləşir ki, bu sözü dedim ya demədim, heç bir fərqi yoxdur. Onsuz da eşitmirlər. Təbii ki, cəmiyyət onun sözünü eşidir. Yuxarılar eşitmirsə, bunun özü çox mənfi haldır. Mən heç arzu etməzdim ki, Rüstəm və onun kimi ziyalılarımız belə bir bədbinliyə qapılsınlar. Bədbinlik cəmiyyətdə biganəliyi və laqeydliyi daha da artıracaq”.
Gültəkin


