kiv-df

Ədəbiyyatın əsl alimi – Əli Sultanlı

Görkəmli ədəbiyyatşünas və pedaqoq

Qərbi Avropa ədəbiyyatının tədqiqi, tədrisi və nəşri sahəsində əvəzsiz xidməti olan Əli Sultanlı xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxabatların müəllifidir. O, eyni zamanda ali məktəblərimiz üçün ilk Qərb və dünya ədəbiyyatı kurslarının yaradıcısıdır. Ötən əsrdə dünya klassikasını xalqımızın milli-mənəvi sərvətləri xəzinəsinə çevirməkdə bənzərsiz xidməti olan görkəmli pedaqoq, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əli Sultanlı sağlığında özünə əbədi heykəl qoymuş unudulmaz bir şəxsiyyətdir.

Ilk təhsilini Naxçıvanda alan Ə.Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunmuş və 1928-ci ildə oranı bitirmişdir. O, bir müddət “Şərq qalısı” qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.

O, 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs demiş və geniş elmi-tədqiqat işi aparmışdır. Alim 1934-39-cu illərdə xarici ölkələr ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, 1939-1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır.

Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Kamal Abdulla(professor): “Əli dayım rəhmətə gedəndə mənim 9 yaşım vardı. Onun bizim evimizdə olan ”Antik ədəbiyyat tarixi” kitabını hələ o zaman dəfələrlə oxumuşam. Həmin kitabda miflərin təsvirinə həsr edilmiş böyük hissələr vardı. O vaxtlar həmin yunan mifləri Azərbaycan oxucularına yaxşı tanış olmadığına görə Əli müəllim o mifləri geniş təsvir etməyə məcbur olub. O mifləri maraqlı bir nağıl və ya bir hadisə kimi oxuduğum üçün o zamankı antik yunan mifləri barədə mənim təsəvvürüm formalaşmağa başlamışdı. Indi də bu haqda hansı təsəvvürə malikəmsə, buna görə Əli Sultanlıya minnətdaram. Məndə Dədə Qorquda, Azərbaycan və dünya ədəbiyyatına məhəbbət onun əsərlərini oxuyandan sonra yaranıb. Azərbaycan ədəbiyyatşünaslığında həm dramaturgiya tarixini sistemləşdirən, həm də antik ədəbiyyatı sistemləşdirib Azərbaycan ədəbiyyatşünaslığının bir sahəsinə çevirən görkəmli alim kimi onun yeri əvəzsizdir.

Əli dayım tanınmış alim olmaqla yanaşı, dostluğa da sadiq insan olub. Anam Bətulə xanım danışardı ki, onların Naxçıvandakı ata evini Hüseyn Cavidin evindən bir çəpər ayırdığı üçün yaxın qonşu olublar. Anam H.Cavidin həyat yoldaşı Müşkünaz xanımla çox mehriban rəfiqə olublar. Babam Abdulla kişi də qızı Bətuləni ancaq H.Cavidin ailəsinə etibar edib. Dayılarım da bunun müqabilində anamın onlara getməsinə, Müşkünaz xanımla dostluq etməsinə mane olmayıb. Cavid Əfəndiyə də yaxşı qonşu, ağsaqqal dost kimi hörmət ediblər”.

Xarici ölkə ədəbiyyatının bilicisi

Yusif Seyidov (professor): “Əli Sultanlı uzun illər Azərbaycanın ali məktəblərində Qərbi Avropa ölkələrinin çoxəsrlik ədəbiyyatını, fəlsəfə, ictimai-siyasi fikir tarixini, çoxəsrlik rus, hind, türk, Iran və bütün Şərq ədəbiyyatının mədəniyyət tarixini dərin bilən bir alim kimi yadda qalıb.Respublikamızda xarici ölkə ədəbiyyatının müntəzəm öyrənilməsi və bu sahədəki ilk müvəffəqiyyətlər professor Əli Sultanlının adı ilə bağlıdır. Ə.Sultanlı tədris etdiyi fənnə aid “Antik ədəbiyyatı müntəxəbatı”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Xarici ölkələr ədəbiyyatı”, “Antik ədəbiyyat tarixi” və s. başqa qiymətli dərs vəsaitləri hazırlayaraq çap etdirib. Aristotel, Bokkaçio, Şekspir, Molyer, Russo, Höte, Şiller, Bayron, Hüqo, Heyne, Balzak, Ibeen, R.Rollan və başqa sənətkarların yaradıcılığı haqqında jurnal və qəzetlərdə müntəzəm olaraq məqalələr nəşr etdirib, Azərbaycan xalqını dünya mədəniyyətinin inciləri ilə tanış edib.

Qədim Azərbaycan ədəbiyyatı tarixini işıqlandırmaq həmişə Ə.Sultanlını düşündürüb. Onun “Dədə Qorqud” dastanı haqqında bir çox məqalələr yazması məhz bunun nəticəsidir. O, həmçinin respublikanın ali məktəbləri üçün xarici ölkələr ədəbiyyatı üzrə sanballı mütəxəssislər hazırlayıb”…Nərmin Sultanlı (Əli Sultanlının qızı): “Atamın bir müəllim, pedaqoq kimi ustalığından, ömrünün böyük hissəsini xalq maarifinə həsr etməsindən, tələbələrinə qarşı qayğıkeşliyindən çox yazılıb. Bu haqda Əli müəllimin sevimli tələbəsi Ismayıl Şıxlının ”Mənim rəqibim” və “Onun səsi qulağımdadır” adlı hekayələri var. Əli müəllim mahir lektor kimi 150 nəfərlik auditoriyanı öz mühazirələriylə sehrləndirərdi…Atam dostluqda səmimi və hətta fədakar idi. Müharibə vaxtı və 50-ci illərdə məlum səbəblərə görə dara düşən dostlarına və tələbələrinə çox incə davranışla, onlara hiss etdirmədən kömək edərdi. Sürgündən təzə qayıtmış bir ziyalını (adını çəkmək istəmirəm) atam hər gün nahar vaxtı evə dəvət edir, onu yaxşıca yedirdəndən sonra ingilis dilini öyrətməsini ondan xahiş edərdi. Və bir gün bundan şübhələnən həmin insan atama – “Əli, ingilis dilini öyrənmək sənin nəyinə lazımdır, özü də həmişə nahar vaxtı?” – deyə soruşur. Atam özünü itirmədən – “Qardaş, dili öyrənməyin xeyri var ki, ziyanı yoxdur, bir də tək olanda iştaham küsür, heç nə yeyə bilmirəm. Səninlə bir olanda həvəslə yeyirəm və söhbətlərin də mənə başqa cür ləzzət verir”, – deyərək əlüstü cavab verməklə qonağını azdırır, duyuq düşməsinə imkan verməməyə çalışır. Ancaq atalar demiş, “Cidanı çuvalda gizlətmək olmur”. Atam yaddaşımda təmkinli, heç vaxt səsini yüksəltməyən, ürəyiyumşaq bir şəxs kimi qalıb. Cavanlıqdan heç bir heyvanın ətini yemədiyini çox adamlar uzun müddət bilməyib. Səyahəti çox sevərdi. Bizi o vaxtkı Sovet Ittifaqının bütün gəzməli yerlərinə aparmışdı.

“Müəllim tələbə üçün bir ilahi varlıq, bir örnək olmalıdır…”

Atam deyərdi: “Müəllimlik peşəsini seçən adam bir şeyi yaddan çıxarmamalıdır: müəllim tələbə üçün ilahi varlıq, bir örnək olmalıdır”.Yaxınları deyir ki, alimin sovet quruluşuna münasibəti çox mənfi idi. Kommunist partiyasının üzvü olmadığına görə, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməyib.

Əli Sultanlıdan danışanlar həmişə onun parlaq, cazibədar, aydın nitqindən mütləq söz açırlar. Fikrini yaxşı ifadə etmək, yaddaşda iz salmaq üçün həmişə obrazlı, fəlsəfi ibarələrdən bacarıqla istifadə edərmiş. Olduqca prinsipial, obyektiv olan Əli Sultanlı zəngin elmi fantaziyası və müşahidə qabiliyyəti olan bir şəxsiyyət idi. Onun Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı özünəməxsus yeri, xidmətləri heç zaman unudulası deyildir. Bir məsələyə təəssüflənmək olmur ki, belə bir şəxsiyyətin əsərləri hələ də latın qrafikası ilə çap edilməyib. Halbuki Əli Sultanlı ədəbiyyatşünaslıq elmi üçün daim gərək olan bir məktəb yaradıb. Bu məktəbin yaşaması indi də vacibdir. Ona görə də, həm Əli Sultanlı haqqında, həm də onun əsərlərinin latın qrafikası ilə çapına ehtiyac var. Ən başlıcası, gələcək nəsillər üçün bu, çox gərəkdir.

Nə qədər ki, Əli Sultanlını şəxsən tanıyanlar, vaxtilə ondan dərs almış tələbələri yaşayır, bu işlərə xüsusi önəm vermək lazımdır. Bunun bir neçə şərti var. Əli Sultanlı həm ziddiyyətli bir dövrdə yaşayıb, həm də bir çox görkəmli ədəbiyyatşünas alimlərin müasiri olub. Əli Sultanlı onların arasında seçilən bir insan idi. O, elmimizin zirvəsində dəyanətlə dayanan bir şəxsiyyət olub.Görkəmli alim 1960-cı ildə 54 yaşında Bakıda vəfat edib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir