Boynu zəncirli və ya azad olmaq…

Həyatın bir imtahan olduğunu onun hər üzünü görmüş insanlar yaxşı bilir. Biz yaşadığımız bu illərdə nələr görmədik… Məhrumiyyətlər, sıxıntılar ən böyük sınaqdı. Bu yolda hansı dəyərlər qırılıb-töküldü, tanıdığımız simalar necə yadlaşdı, başqalaşdı, rəngini dəyişdi… Sınaqdan keçənlərin mükafatı yenə də ehtiyacdan, əziyyətdən, həbsxanadan başqa bir şey deyil. Bunlar son illərin məhbəs həyatını qəbul edən həmin “könüllülər”dir yenə. Prinsiplərindən vaz keçməyən, əqidəsinə xəyanət etməyən, diktələrə əyilməyən bu ideya adamlarının başına gəlməyən nə qaldı ki…

Düzən, qanun, hökm başqa bu məmləkətdə. Fərqli düşüncədəsənsə, sənə yer yox, rahatlıq yox, iş yox, söz haqqı yox. Çünki burada Vətən sözünə yanaşma da başqa ölkələrdəkinə bənzəməz. Burada sənin Vətənə sahiblənmək haqqına da yuxarıdan aşağı baxılar. Bəzən çox ağır ödənər bu sevginin hesabı. 20 yaşlı Cabbarın hesabı kimi. Yolun başına insana xas ən gözəl dəyərlərlə çıxan bu gəncin günahı nəydi? Bəlkə də bir millətçi, bir ideyalı gənc, imanlı bir vətənpərvər olmaq. Onu ən ağır sınaqla belə, sındıra bilmədilər ki… Həbslərdə yatsa belə, öz ideallarından dönməyəcəyini hayqırdı bu 20 yaşlı gənc. “Insanlara çörək və azadlıq eyni vaxtda verilir. Çörəyi seçənlər sonradan həm onu, həm də azadlığı itirir. Mən azadlığı seçdim, ona görə də, qismən azadlıqdan məhrumam. Məni zindanlara atsalar da, onsuz da azadam. Biz, azadlıq mücahidləri, sonadək azadlıq uğrunda döyüşəcəyik. Biz, bu hakimiyyətin azadlıq tabutuna girməyəcəyik və inşallah azadlıq məbədində görüşəcəyik”, – dedi məhkəmədə də.

Cabbarı sadə bir Azərbaycan qadını yetişdirib. Bəlkə, ölkədə baş verən siyasi proseslərin təfərrüatlarını dərindən bilməyən, ancaq ən ağır məqamda öz övladına əsl ana fədakarlığı ilə sahib çıxa bilən bir qadın. Gənc övladı ilə bərabər üsyan püskürdü məhkəmənin saxta hökmünə bu uca, əyilməz ana. Biz bu gerçəklərin şahidləriyik. Biz bu baş verənləri günümüzdə yaşadıq. Bu gün böyük bir tarix yazılır. O tarixə hər kəs öz izini, imzasını qoyur. Bunun qiymətini yaxın gələcəkdə zaman özü verəcək…

Qurdla köpəyin ibrətamiz bir hekayəsi var. Bir Qurd günlərcə ac qalır. Ov axtara-axtara gəzib dolaşarkən bir bəslənmiş bağ köpəyinə rast gəlir. Qurd bir qarşısındakı köpəyə baxır, bir də öz sümükləri çıxmış qabırğalarına. Ona yaxınlaşıb soruşur: “Köpək qardaş, sən nə yaxşı bəslənmisən. Mənə bax, sümüklərim çıxıb… Sən nə yeyirsən, nə içirsən belə?

Köpək cavab verir: “Bir sahibim var. Mən onun bağını qoruyuram, o da qarşılığında mənə yemək verir, yeyib-içib kef çəkirəm. Baxıram, sənin durumun acınacaqlı, istərsən, mənimlə qal, rahat olarsan”.

Heç ummadığı anda belə bir təklif alan qurd sevinir… Amma birdən gözü köpəyin boynundakı izə sataşır… Dərin, kəsik izinə bənzəyən bir izdi bu… “Köpək qardaş, bu boynundakı iz nədir?” – soruşur. “Hə, o, xalta izidir”. 

“Bu xalta dediyin nə?”.

Köpək cavab verir: “Sahibim bəzən boynuma zəncir taxır. Gərək bildiyində bağlayır, gərək bilmədiyində sərbəst buraxır”. O anda qurdun başında şimşəklər çaxır… “Köpək qardaş, yaxşısı budur, sən öz yoluna get, mən də öz yoluma. Sənin yaşam tərzin mənə uymaz. Mən iki loxma çörək üçün azadlığımdan vaz keçə bilmərəm. Ac-acına qalaram, amma azad qalaram” – deyir…