Biznesmenin ölümündə icra başçısı və prokuror izi

Xaçmazın mərkəzi bazarının sahibi Nəcimə Babayevanın övladları rayonun hüquq-mühafizə orqanlarını ittiham etdi

Qatil barədə məlumat verən 10 min manatla mükafatlandırılacaq

Fuad Həbibov: «Anam Şəmsəddin Xanbabayevlə görüşüb, bazarı əlindən almaq istəyən qruplaşmaya dəstək verməməsini xahiş etmişdi. Ancaq bu söhbətdən sonra bazar yandırıldı»

“Xaçmaz rayon prokuroru Rasim Məlikovun və onun sürücüsünün həbs edilməsini Ilham Əliyevdən xahiş edirik. Çünki prokuror və onun sürücüsü anamın qətlini ört-basdır etməyə çalışırlar. Bunu qətl törədilən gündən onların gördüyü işlər sübut edir. Çünki prokurorun özü qatilin evdə və həyətimizdə qoyduğu izləri götürməyib. Bununla da Rasim Məlikov elə bir qanunsuzluq edib ki, anamın qətlinin üstü 9 ay ötməsinə baxmayaraq, bağlı qalıb”. Bunu 15 sentyabr 2010-cu ildə yaşadığı ünvanda öldürülən Xaçmaz mərkəzi bazarının sahibi Nəcimə Babayevanın oğlu Fuad Həbibov ötən gün keçirdiyi mətbuat konfransında dedi.
Onun sözlərinə görə, anasının qətli ona məxsus bazarın ələ keçirilməsi planının tərkib hissəsidir: “Anam öldürülməzdən əvvəl tez-tez düşmənlərinin çox olmasını xatırladaraq deyirdi ki, bazarı əlimdən almaq istəyənlər mənə qənim kəsilib. Buna görə də 3-4 ay idi ki, işə də getmirdi. Hələ keçmiş icra başçısı Əbülfəz Hüseynovun dövründə hazırkı icra başçısının müavini Akif Mərdanov, Azad Yaqubov və digərləri birləşib bazarı anamdan almaq istəyirdi. Gəlib camaatı bazardan çıxarıb deyirdilər ki, çıxın gedin, bazar bağlanır. Bu cür addımlara anam Qusarda Ilham Əliyevə məktub verəndən sonra son qoyuldu, başçı vəzifəsindən çıxarıldı, Şəmsəddin Xanbabayev Xaçmaza rəhbər təyin edildi.
2007-ci ildə isə yenidən bazarın əlimizdən alınacağı ilə bağlı söhbətlər yayılmağa başladı. O vaxt anam Şəmsəddin Xanbabayevlə görüşüb söhbət etmişdi. Demişdi ki, bazarı əlindən almaq istəyən qruplaşma yenidən hərəkətə keçib. Başçıdan bu qruplaşmaya dəstək verməməsini xahiş eləmişdi. Amma bu söhbətdən sonra bazar yandırıldı. Icra başçısı yanğına görə anama qarşı cinayət işi başlanmasını tələb etdi. Onun müavini Akif Mərdanov, Yetkin Mehmanov, Azər Haqverdiyev, Xaçmaz Kooperativlər Cəmiyyətinin sədri Azad Yaqubov, bələdiyyə sədri Vəlirza Hacırzayev və onun müavini Vazeh Abbasov yenidən hərəkətə keçdilər. Anama deyirdilər ki, bazarın plana düşüb, camaatı bazardan çıxarırıq, burdan yol çəkirik. O vaxt anam özəl mülkiyyətində olan bazarın təsisçilik hüququnu bizim adımıza keçirdi. Anam evdə öldürülən gündən başlayaraq Xaçmaz rayon prokuroru bizi 4 gün ərzində istintaqa çağırıb dindirdi. Bizi elə dindirirdi ki, sanki cinayəti bazarı ələ keçirmək üçün biz törətmişik. Anamın sağlığında təsisçilik hüququnun qardaşım Cavidə verilməməsini əsas götürürdü. Anamın sürücüsünü döyüb qulağını partlatmışdılar ki, üzümüzə dursun.
Icra başçısı Şəmsəddin Xanbabayevlə rayon prokuroru bu işdə maraqlıdır. Ona görə də baş prokuror Zakir Qaralova müraciət edib işin istintaqının digər rayonun prokurorluğunda araşdırılmasına göstəriş verməsini xahiş etdik”.
Mərhum Nəcimə Babayevanın qızı Gülnarə Həbibova deyir ki, baş prokurora müraciətindən sonra sentyabrın 18-19-u tarixlərində Xaçmaz prokuroru kabinetində onu məcbur edib ki, müraciətindən imtina etsin: “Rasim Məlikov baş müstəntiq Soltanhəmid Ismayılovun yanında məni təhqir edir, Xaçmazda məni biabır edəcəyini bildirir. Anamın dəfni günü isə Züleyxa Osmanova adlı bir qadını üstümüzə göndərdilər. Həmin qadın bizə ”ananızı gördüz də, xirtdəyini kəsdilər. Siz də həmin vəziyyətə düşə bilərsiz, avtoqəzaya salınarsız, gedin sakit oturun, prokurordan, icra başçısından şikayət etməyin” dedi. Işin Xaçmaz prokurorluğundan alınması barədə müraciət edəndə də, həmin qadın yenə bizi təhdid etdi”.
Həbibovlar deyir ki, prokurorun onlara qarşı planları sonsuz və tükənməzdir: “Davamlı şikayətlərimizdən sonra Soltanhəmid Ismayılovu guya cəzalandırdılar, onu Tovuza prokuror göndərdilər. Rasim Məlikov özü isə bu gün də Xaçmazın prokuroru olmaqla bizə qarşı hər cür qanunsuzluğa gedir. Cəzasız qalmasından ruhlanan prokuror bir neçə gün əvvəl – iyunun 4-də məhkəmə çəkişmələrində olduğumuz şəxslərdən üçü – Səlilə Qurbanova, Məleykə Qubatova və Rəşid Fərhadovun yalan və böhtan dolu ərizələrini qəbul edib. Onlar ərizələrində yazıblar ki, biz onları bazarda təhqir etmişik, onlara qarşı xuliqanlıq əməlinə yol vermişik. Ərizə müəllifləri şikayəti yazmamışdan bir neçə gün öncə anamızın qətli ilə bağlı DIN-nin Baş Cinayət Axtarış Idarəsində dindiriliblər. Bu şəxslər hələ 2007-ci ildə bazarın ələ keçirilməsi planı başlayanda Xanbabayevə anamız haqqında biryolluq tədbir görülməsi barədə ərizə yazıblar. Akif Mərdanov isə guya sıravi vətəndaş kimi Məlikova müraciət yazıb, anamın direktoru olduğu ticarət mərkəzinin fəaliyyətinin dayandırılmasını, əvəzində isə yeni ticarət mərkəzinin yaradılmasını tələb edib. Bu faktlar bazarı anamın əlindən kimlərin almaq istəməsini açıq-aşkar ortaya qoyur”.
Həbibovlar mətbuat konfransında onu da qeyd etdilər ki, analarının qatili barəsində hüquq-mühafizə orqanlarını dəqiq məlumatlandıran şəxsə 10 min manat mükafat verəcəklər.

Ramin DEKO