sulheddin

Bakı Türkiyəni düşmənlər sırasına niyə salıb?

XIN Ankaranın «qara siyahı»ya salındığını inkar edir

Sülhəddin Əkbər: «Əgər söhbət antidemokratik rejimə olan təhdidlərdən gedirsə, bu, başqa məsələdir»

“Le Figaro”nun Azərbaycan hakimiyyəti ilə bağlı tənqid dolu məqaləsində maraq doğuran məqamlardan biri qardaş Türkiyənin adının Azərbaycana təhdid yaradan ölkələr sırasına aid edilməsidir. Qeyd edək ki, ölkəmizlə bağlı məqalənin müəllifi yazır ki, Azərbaycan hökuməti qonşu ölkələri, hətta qardaş Türkiyə dövlətini də özü üçün ciddi təhdidlərdən biri kimi görür. Bu, parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin “Azərbaycan üçün təhdid yaradan qonşu ölkələr” sənədində əksini tapıb. Bu sənəddə Ermənistan, Iran, Rusiya və Türkiyənin adı var.
Söhbətin hansı sənəddən getdiyini aydınlaşdırmaq üçün XIN mətbuat xidmətinin rəhbəri Elxan Poluxova müraciət etdik. E.Poluxov belə bir sənədin olduğunu inkar edərək bildirdi ki, Türkiyə ilə Azərbaycanın əlaqələri yüksək strateji əməkdaşlıq səviyyəsindədir. Və Türkiyənin adının Azərbaycana təhdid yaradan dövlətlər sırasına yerləşdirilməsi doğru deyil.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə vurğuladı ki, öncə söhbətin hansı sənəddən getdiyini aydınlaşdırmaq lazımdır. Həm parlamentin Beynəlxalq Əlaqələr Komitəsinə, həm də “Le Figaro” qəzetinə müraciət olunmalıdır ki, hansı sənəddən söhbət gedir. Çünki qəzetdə sənədin adı çəkilmir.
Düşmənlərin siyahısı gizli sənədlərdə göstərilir
S.Əkbər deyir ki, doğrudan da Azərbaycan strateji müttəfiqlik müqaviləsi imzaladığı qardaş Türkiyəni təhdid mənbəyi kimi göstərirsə, rəsmi Bakı buna aydınlıq gətirməlidir: “Açıqlama verilməlidir ki, Türkiyədən Azərbaycana hansı təhdidlərdən söhbət gedir. Əgər söhbət antidemokratik rejimə olan təhdidlərdən gedirsə, bu, başqa məsələdir. Azərbaycan dövlətinə, milli maraqlarına olan təhdidlər başqa, mövcud rejimə olan təhdidlərsə başqa xarakterlidir”.
Hansı ölkələrin təhlükəli olduğu ilə bağlı məqamların əksini tapdığı sənədlərə gəlincə, S.Əkbər vurğuladı ki, bu məqamlar bir qayda olaraq açıq sənədlər olan Milli Təhlükəsizlik doktrinasında, Xarici Siyasət Konsepsiyasında olur. Amma eyni zamanda bu kimi məlumatlar geniş şəkildə gizli – dövlət başçısı üçün hazırlanan və müxtəlif xüsusi xidmət orqanlarının durum dəyərləndirməsi sənədlərində əksini tapır.

Xəyal